Sağlam həyat tərzi nə deməkdir? - MÜSAHİBƏ
30 may 2023 12:52 (UTC +04:00)

Sağlam həyat tərzi nə deməkdir? - MÜSAHİBƏ

Lent.az Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyevin müsahibəsini təqdim edir:

- Zakir doktor, ilk öncə qidalanmanın insan sağlamlığına təsiri barədə bilmək istərdik...

- Sağlam qidalanma prinsiplərinə riayət etmək sağlam həyat tərzinin mühüm tərkib hissəsidir. Belə ki, qəbul etdiyimiz qida sağlamlığımıza böyük təsir göstərir. Xüsusilə fiziki aktivliklə birləşən sağlam qidalanmanın orqanizmə müsbət təsiri elmi şəkildə sübut edilib. Bundan əlavə, sağlam qidalanma uzunömürlülüyü təmin edir və piylənmənin, şəkərli diabetin inkişafının, ürək-damar problemlərinin, hipertoniyanın qarşısını alır.

- Balanslaşdırılmış qidalanma deyəndə nəyi nəzərdə tuturuq?

- Qida maddələrinin optimal nisbəti ilə xarakterizə olunan qidalanma balanslaşdırılmış adlanır. Balanslaşdırılmış qidalanma insan orqanizmi üçün gündəlik rasionda zülalların, amin turşularının, yağların, karbohidratların, vitaminlərin optimal nisbətini təmin edir.

Bunun üçün sağlam qidalanmanın əsas qaydalarına riayət etmək lazımdır, yəni:
• Özünüz üçün optimal porsiya ölçüsünü seçməlisiniz;
• Rasionun tərkibində həm bitki, həm də heyvan mənşəli məhsullar olmalıdır;
• Qida məhsulları mümkün qədər təzə olmalıdır;
• Qida rasionunda kifayət qədər meyvə-tərəvəz olmalıdır. Tərkibindəki vitaminlər və mineral maddələr həzm prosesinə faydalı təsir göstərir. Eyni zamanda, bağırsaqları stimullaşdırır və orqanizmi zəruri maddələrlə təmin edir;
• Qidalar mümkün qədər çox çeynənilməlidir;
• Rasionda şirniyyatlar və un məmulatları minimuma endirilməlidir.

- Niyə mövsümi meyvə-tərəvəzlərə üstünlük vermək vacibdir?

- Hər hansı hava və iqlim dəyişikliyi əhvalımıza təsir edir və rasionun tənzimlənməsi orqanizmi dəstəkləyərək, mövsümün təbii dəyişikliklərinə uyğunlaşmağa yardım göstərir. Mövsümi məhsullar tamamilə təbii şəraitdə əkildiyi üçün bu məhsulları qida rasionumuza daxil etmək sağlamlığımıza kömək edir. Belə ki, mövsümi məhsullarda optimal miqdarda zülallar, karbohidratlar, yağlar, vitaminlər, mikro və makro elementlər var. Belə məhsulları istifadə etməklə biz lazımi qida və enerji alırıq. Bundan əlavə, mövsümi təzə qidalar orqanizmin təbii ritminə qayıtmasına kömək edir ki, bu da sağlamlığın qorunması üçün vacibdir.

- Sağlam həyat tərzi deyəndə ilk növbədə nə nəzərdə tutulur?

- Ümumdünya Səhiyyə Təşkilatına görə, sağlamlıq "sadəcə xəstəliyin və ya zəifliyin olmaması deyil, eyni zamanda yaxşı fiziki, əqli və sosial rifahdır". Bu səbəbdən faydalı qidaları rasionumuza daxil etmək, aktiv həyat tərzini seçmək, stressin təhlükəsini dərk etməyi və onunla mübarizə aparmağı öyrənmək sağlam həyat üçün atılacaq addımdır.
İnsanın sağlamlığı ilk növbədə özündən asılıdır. Vaxtında qarşısının alınması, sağlam həyat tərzi, özünə və başqalarına qarşı məsuliyyətli münasibət sağlamlığın və uzunömürlülüyün qorunması, eləcə də xəstəliklərin qarşısının alınması üçün zəruri şərtlərdir.

Sağlam qalmaq üçün aşağıdakı qaydalara riayət etmək tövsiyə olunur:
• Aktiv həyat tərzi keçirmək. Oturaq iş reşimi işdən sonrakı fiziki aktivliklə kompensasiya edilməlidir;
• İş və istirahət arasında tarazlığı qoruyun. Orqanizmi tam bərpa etmək üçün kifayət qədər yuxuya (ən azı 7-8 saat) vaxt ayırın;
• Qəbul olunan mayenin həcminə nəzarət edin. Onun kifayət qədər miqdarı (gündə ən azı 1,5 litr) bütün orqanların normal fəaliyyətinə kömək edir;
• Orqanizmi psixo-emosional cəhətdən həddindən artıq yüklənmədən qorumaq və stresli vəziyyətlərdən uzaq olmaq vacibdir;
• Pis vərdişlərdən imtina. Alkoqol, tütün və narkotik maddələrin istifadəsi bütün sistemlərə, xüsusən də bədənin tənzimləyici sistemlərinə (mərkəzi sinir və endokrin) mənfi təsir göstərir. Bundan əlavə, maddələr mübadiləsi pozulur, mədə-bağırsaq sistemi əziyyət çəkir, iştah da azalır.

- Həkim məsləhəti olmadan qəbul edilən dərmanların insan sağlamlığı üçün hansı fəsadları ola bilər?

- Dərman vasitələrinin həkimə müraciət etmədən nəzarətsiz istifadəsi əksər hallarda mənfi reaksiyalara səbəb olduğunu bilmək vacibdir. Belə ki, mütəxəssislər ciddi xəstəliklərin inkişafını, o cümlədən allergik reaksiyalar, qaraciyərin toksiki zədələnməsi, zehni fəaliyyətin pisləşməsi, görmə qabiliyyətinin azalması və ya tamamilə itirilməsi, ürək və damar xəstəlikləri və s. qeyd edirlər.

Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə xəstəliyin klinik gedişatını həm gizlədə, həm də dəyişdirə bilər. Nəticədə xəstəliyin diaqnozu və müalicəsi ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan dərmanların istifadəsi yolverilməzdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Arzu Qurbanlı

Oxşar yazılar