Baş və boyunda ən çox müşahidə edilən xəstəliklər arasında xərçəng xüsusi yer tutur. Burada ilk simptom səsin boğulması halıdır. Digər simptomlar arasında boyunda şişlik, udma çətinliyi, boğazda ilişib qalma, nəfəs darlığı, qulaq ağrısı və ağızdan qanaxma daxildir.
Lent.az mövzu ilə bağlı qulaq, burun, boğaz xəstəlikləri mütəxəssisi, professor Yavuz Səlim Yıldırımın məlumatlarını təqdim edir.
Qırtlaq xərçəngi boğazın hər hansı bir yerində, xüsusən səs tellərində müşahidə edilir. İki həftədən çox davam edən ağrı hallarında ətraflı müayinə lazımdır. Səs tellərinin işləmədiyi, boyunda şişkinlik olduğu, səbəbi bilinməyən qulaq-boğaz ağrısı olduğu təqdirdə, müasir avadanlıqlar vasitəsilə görüntüləmə üsulları ilə müayinə vacibdir. Qırtlaq xərçəngi səs tellərinin yuxarı hissəsində özünü büruzə verə bilər, həmin vaxt müəyyən simptomlar müşahidə olunarsa, mütəxəssisə müraciət etmək lazımdır. Həmin bölgədə səs pozulmaya bilər, bunun üçün xəstələr, ümumiyyətlə, boğazda ilişib qalma, udqunma və boğazın təmizlənməsi kimi ümumi simptomlardan şikayətlənə bilərlər. Boğaz xərçəngi səs tellərinin altında yerləşdikdə isə ilk simptom nəfəs darlığı ola bilər. Səs tellərində yerləşən şişlər yavaş-yavaş inkişaf edir və tədricən yayılır, bütün səs telini tutub səs tellərindən kənara çıxarır. Erkən diaqnoz həyatı xilas edə bilər. Əgər bunda gecikmə baş verərsə, bütün qırtlaq sistemini çıxarmaq və boğazda daimi bir deşik yaratmağa ehtiyac olar. Siqaret laringeal xərçəngin ən çox yayılan səbəbidir, lakin bunlar arasında genetika əsas rol oynayır. Xərçəngə genetik meyilli olan insanlarda risk faktorları daha çox müşahidə edilir. Yəni, genetik meyili olan insan siqaret çəkəndə xərçəng daha tez, genetik meyili olmayan insan isə siqaret çəkəndə daha gec əmələ gəlir.