Limonlu su bəzi qidalarla birlikdə qəbul edildikdə mədəni qıcıqlandıra, həzmi çətinləşdirə və qida maddələrinin mənimsənilməsinə təsir göstərə bilər. Mütəxəssislər bildirirlər ki, bu məşhur içki müəyyən məhsullarla birlikdə istifadə olunduqda mədə yanması, narahatlıq və həzm problemləri yaranır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, limonlu su şirniyyatlarla birlikdə qəbul edilməməlidir.
Konfet, şokolad və digər şirin məhsullar diş minasına mənfi təsiri artırır. Limon suyunun tərkibində olan limon turşusu diş minasını zamanla zəiflədə bilər, şəkər isə kariyes riskini artırır. Buna görə bu iki amilin birlikdə təsiri dişlər üçün daha zərərli hesab olunur. Eyni zamanda limonlu su müəyyən qədər iltihabəleyhinə təsir göstərsə də, şəkərli məhsullar orqanizmdə iltihabi prosesləri gücləndirə bilər.
Mütəxəssislər limonlu su ilə birlikdə yağlı süd məhsullarının qəbulunu da məsləhət görmürlər. Çünki limonlu su yüksək turşuluğa malikdir və mədə turşusunun qida borusuna geri qayıtmasına, yəni reflüksə səbəb ola bilər. Yağlı süd məhsulları da bu vəziyyəti ağırlaşdırır. Buna görə limonlu su içən şəxslərə az yağlı süd, qatıq və kəsmik kimi məhsullara üstünlük vermək tövsiyə olunur.
Emal olunmuş qidalar da limonlu su ilə birlikdə uyğun hesab edilmir. Çips, müxtəlif qəlyanaltılar və yüksək emal edilmiş qidalar mədənin selikli qişasını qıcıqlandıra və bağırsaqlarda iltihabi reaksiyaları gücləndirə bilər. Limonun turşuluğu ilə birlikdə bu məhsullar mədə yanması və həzmsizlik riskini daha da artırır.
Qızardılmış yeməklərin də limonlu su ilə birlikdə istifadəsi məsləhət görülmür. Toyuq əti, qızarmış kartof və yağlı qızartmalar orqanizm tərəfindən daha çətin həzm edilir. Bu cür qidalar mədə yanması, köp və narahatlıq yarada, həmçinin reflüks əlamətlərini gücləndirə bilər. Limonlu suyun turşuluğu isə bu simptomları daha da artırmağa səbəb olur.
Acılı yeməklərlə birlikdə limonlu su qəbul etmək də tövsiyə edilmir. Acılı qidalar mədə turşusunu artıraraq qida borusunda yanma hissi yarada bilər. Xüsusilə qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkən insanlar üçün belə kombinasiya narahatlıq yaradır. Belə hallarda adi su daha uyğun seçim hesab edilir.
Mütəxəssislər bildirirlər ki, limonlu su düzgün istifadə olunduqda faydalıdır. Bu içki orqanizmin maye balansını yaxşılaşdırmağa, həzmi dəstəkləməyə və müəyyən iltihabi prosesləri azaltmağa kömək edə bilər. Onu meyvə, tərəvəz, tam taxıllı məhsullar, az yağlı süd məhsulları, zülalla zəngin qidalar və paxlalılarla birlikdə qəbul etmək daha uyğun sayılır. Həmçinin diş minasını qorumaq üçün limonlu su içdikdən sonra ağzı adi su ilə yaxalamaq tövsiyə olunur.