İsti havada  hamımızın etdiyi səhv - Öldürə bilərmiş
27 iyun 2026 10:34 (UTC +04:00)

İsti havada hamımızın etdiyi səhv - Öldürə bilərmiş

0

Yay aylarında havanın həddindən artıq isti keçməsi səbəbindən insanlar sərinləmək üçün müxtəlif üsullara əl atırlar. Lakin həkimlər xəbərdarlıq edir ki, ən çox istifadə olunan bəzi üsullar sağlamlıq üçün təhlükə yarada bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, yandırıcı günəş altında bədəni tamamilə açıq saxlamaq düzgün deyil.

Bir çox insan soyunmağın daha tez sərinləşdirəcəyini düşünsə də, əksinə, dərinin birbaşa günəş şüalarına məruz qalması onun daha çox isinməsinə səbəb olur.

Həkim isti havalarda təbii parçalardan hazırlanmış, açıq rəngli və geniş geyimlərə üstünlük verilməsini tövsiyə edib. Belə geyimlər həm günəş şüalarından qoruyur, həm də bədən temperaturunun normal səviyyədə saxlanmasına kömək edir.

Soyuq suya qəfil girmək də risklidir

Mütəxəssislər insanların tez sərinlənmək üçün etdiyi digər təhlükəli səhvə də diqqət çəkib. Onların sözlərinə görə, isti bədənlə qəfil soyuq suya tullanmaq əzələ spazmına və soyuq şokuna səbəb ola bilər.

Belə vəziyyətdə insan bədəninə nəzarəti itirə, hətta suda boğulma riski ilə üzləşə bilər. Xüsusilə suyun temperaturu 15 dərəcədən aşağı olduqda təhlükə daha da artır.

İstidə necə sərinlənmək lazımdır?

Həkim təhlükəsiz sərinlənmək üçün sərin və nəm dəsmalların qoltuqaltına, bel nahiyəsinə və qasıq hissəsinə qoyulmasını, həmçinin dəriyə sərin su püskürdülməsini məsləhət görür.

Bununla yanaşı, bədən temperaturunu çox sürətlə aşağı salmaq da məsləhət deyil. Çünki bu, orqanizmin təbii istilik tənzimləmə mexanizmini poza və hətta həddindən artıq soyumaya səbəb ola bilər.

Günvurma zamanı bu əlamətlərə diqqət edin

Həkim günvurma əlamətləri hiss edilən kimi dərhal tibbi yardım istəməyi tövsiyə edir. Belə vəziyyətdə zərərçəkənin yanında başqa bir şəxsin olması və təcili tibbi yardım çağırması vacibdir.

Günvurmanın əsas əlamətləri başgicəllənmə, güclü halsızlıq, şiddətli baş ağrısı, ürəkbulanma, alatoran görmək və hərəkət koordinasiyasının pozulmasıdır.

Bu əlamətlər müşahidə olunarsa, insan dərhal kölgəyə və ya sərin məkana aparılmalı, bədəni tədricən soyudulmalı və təcili tibbi yardım çağırılmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 778

Oxşar yazılar