Qış aylarında bitki çayı istehlakında artım müşahidə olunur. Öskürək, soyuqdəymə kimi problemləri olan insanlar bitki çaylarından istifadə edirlər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər orqanlardan iltihabı və mikrobları təmizləyən içkiləri açıqlayıblar.
Şüyüd çayı
Qoxusu bir qədər xoşagəlməz olsa da, şüyüd çayının bir çox faydası olduğu bilinir. A və B kompleksi, C və D vitaminləri ilə antioksidantlarla zəngin olan şüyüd çayı qış aylarında tez-tez tutulan soyuqdəymə əlamətlərini yatırır və bədəndəki bakteriyalarla mübarizə aparır. Həm də immunitet sistemini dəstəkləyir və bədənin sürətli bərpasına kömək edir.
Sarıkök çayı
Ədviyyat şəklində və ya qurudulmuş şəkildə istifadə etməyə öyrəşdiyimiz sarıkök son vaxtlar çay kimi də istehlak edilir. İmmunitet sistemini gücləndirdiyi və soyuqdəymə kimi xəstəliklərin qarşısını aldığı üçün mükəmməl qış çayıdır.
Zəncəfil
Faydaları saysız-hesabsız olan zəncəfil qrip, soyuqdəymə, boğaz ağrıları və ürək bulanmasına faydalıdır. Qış xəstəliklərindən qoruyan zəncəfil çayının tərkibində həzm sistemini sakitləşdirən komponentlər də var. Lakin kifayət qədər güclü dadı olduğu üçün zəncəfili dəmləyərkən bunu nəzərə almaq lazımdır.
Darçın
Tropik iqlimlərdə böyüyən darçın ümumiyyətlə ədviyyat kimi tanınsa da, çay kimi də istehlak edilə bilər. Darçın çayı qabıq və ya toz darçın istifadə edərək hazırlana bilər. Onun qabıqlarından çay hazırlamaq, tərkibindəki efir yağlarından faydalanmağa imkan verir. Soyuqdəymələrin artdığı qış aylarında yüksək miqdarda C vitamini qaynağı olan limonla birlikdə istehlak etmək infeksiya riskini azaldır, həm də boğaz ağrılarına qarşı çox təsirlidir.
Çobanyastığı
Çobanyastığı çayının tərkibindəki komponentlər sayəsində çox təsirli bir antibakterial olduğu bilinir. Qışda immunitet sistemini gücləndirmək, soyuqdəymə, boğaz ağrısı və burun tıxanıqlığı kimi ümumi şikayətləri azaltmağa kömək etmək üçün istehlak edilə bilər.