Kardioloq Gülanə Ağayeva
12:25 22 dekabr 2020

Kardioloq Gülanə Ağayeva

Ürək, yoxsa sinə? -  “Haran ağrıyır?”

Başınız ağrıyır? Ürəyiniz sancır? Gözünüzdən yaş gəlir? Bəlkə qızdırmanız var? Fərqi yoxdu, uşaq, cavan və ya qoca, insan övladı zaman-zaman səhhətində yaranan fəsadlardan əziyyət çəkir. Xəstələnir, ağrıyır və bu ağrıya qalib gəlir. Hə, məhz ağrıya.

Bəs görəsən ağrıyan nədir? Lent.az çoxlarınızın marağına səbəb olan bir rubrikaya start verir: "Haran ağrıyır?"

 

Hər dəfə bir xəstəlik, onun yaranma səbəbini sizlərə mütəxəssislər izah edəcək.

 

“Haran ağrıyır?” bu dəfə sinə ağrısından “Zəfəran hospital”ın  kardioloqu Gülanə Ağayeva danışır:

 Sinə ağrısı deyəndə ilk öncə hamının ağlına miokard infarktı gəlir. Amma unutmayaq ki, sinə ağrılarının ürəklə əlaqəli olan və olmayan bir çox digər səbəbləri də var.

Ürəklə əlaqəli sinə ağrısı tipik xüsusiyyətlərə malikdir və bəzən təcili müdaxilə tələb edə bilər. Bu tip sinə ağrısında xəstələrdə döş qəfəsində narahatlıq hissi olur. Sinədə yanma, göynəmə və sıxılma kimi şikayətlər yaranır. Ağrı çənə, qol, çiyin və kürək nahiyəsinə yayıla bilər. Tipik ürək ağrısı bir neçə dəqiqədən çox davam edir və bəzən artan və ya azalan xarakterdə ola bilər. Ağrının intensivliyi hərəkət və fiziki aktivliklə artır, istirahətlə azalır. Ürək ağrısı təngnəfəslik, soyuq tərləmə, yorğunluq, ürək bulanması və qusma ilə müşayiət oluna bilər. Ürəklə əlaqəli bu tipik xüsusiyyətləri özündə birləşdirən sinə ağrısına stenokardiya deyilir.

Digər səbəbli sinə ağrısını isə ürək və ya digər səbəblərdən sinə ağrı ilə fərqləndirmək həmişə mümkün olmaya bilər. Bununla birlikdə, ağrının qida qəbulu ilə əlaqəli olması, bədənin vəziyyətinə görə ağrının şiddətində dəyişiklik, öskürək və dərin nəfəsalma ilə ağrının kəskinləşməsi, ağrının fasiləsiz olması, bir nöqtədə və sancışəkilli olan ağrılar ürək ağrıları deyil, ürəkdən kənar səbəblər araşdırılmalıdı.

Tipik ürək ağrısı adətən ürək damarlarındakı hər hansı bir daralmaya bağlı olur ki, bunun da diaqnositikasında müasir dövrdə qızıl standart koronar angioqrafiya (xalq arasında anju deyilir) müayinəsidir. Müayinə nəticəsində əsasən damarların vəziyyətinə uyğun stent implantasiyası, açıq ürək əməliyyatı və ya dərman müalicəsinin seçilməsi qərarı verilir.

Qeyd etmək istəyirəm ki, düzgün yanaşma taktikası xəstənin şikayətlərinin azalmasında, həyat keyfiyyətinin artırılmasında və ani ölüm riskinin qarşısının alınmasında böyük rol oynayır.

Nigar Adil

# 3780
avatar

Oxşar yazılar