Pendirli və göyərtili toyuq kotleti RESEPTI
07 sentyabr 2026 11:54 (UTC +04:00)

Pendirli və göyərtili toyuq kotleti RESEPTI

0

Adi toyuq kotletindən fərqli, daha yumşaq, şirəli və ləzzətli bir yemək hazırlamaq istəyirsinizsə, pendirli və göyərtili toyuq kotleti yaxşı seçimdir. Pendir kotletə xüsusi dad və yumşaqlıq verir, təzə göyərtilər isə onun ətrini daha da zənginləşdirir. Həm nahar, həm də şam yeməyi üçün uyğun olan bu resept qısa vaxtda hazırlanır və sadə ərzaqlarla süfrəyə fərqli bir dad gətirir.

Lent.az bu resepti təqdim edir:

Ərzaqlar:

500 qram toyuq filesi

1 ədəd yumurta

100-120 qram sürtgəcdən keçirilmiş kaşar və ya mozzarella pendiri

2 xörək qaşığı un

2 xörək qaşığı xama və ya qatıq

1 kiçik dəstə şüyüd

1 kiçik dəstə cəfəri

2 diş sarımsaq

Duz

Qara istiot

İstəyə görə paprika

Qızartmaq üçün bitki yağı

Hazırlanması:

Toyuq filesini çox xırda kub formasında doğrayın. Ətçəkəndən keçirməyə ehtiyac yoxdur. Xırda doğranmış toyuq kotletlərin daha şirəli alınmasına kömək edir. Toyuğun üzərinə yumurta, xama və ya qatıq, sürtgəcdən keçirilmiş pendir, xırda doğranmış şüyüd və cəfəri əlavə edin.

Sarımsağı əzib qarışığa qatın. Daha sonra un, duz, qara istiot və istəyə görə bir qədər paprika əlavə edib bütün ərzaqları yaxşı qarışdırın. Hazır qarışığı 10-15 dəqiqə soyuducuda saxlamaq olar. Bu zaman kotletlərin forması daha yaxşı qalır. Tavaya az miqdarda bitki yağı əlavə edib qızdırın.

Hazırladığınız qarışıqdan bir xörək qaşığı götürüb tavaya qoyun və yüngülcə kotlet forması verin. Kotletləri orta odda hər tərəfdən təxminən 3-4 dəqiqə, üzəri qızılı rəng alana və toyuq tam bişənə qədər qızardın. Hazır kotletləri kartof püresi, düyü, tərəvəz salatı və ya qatıq-sarımsaq sousu ilə süfrəyə verə bilərsiniz.

Məsləhət: Daha yumşaq kotlet istəyirsinizsə, qarışığa 1 xörək qaşığı mayonez və ya əlavə xama qata bilərsiniz. Pendirin miqdarını artırdıqda isə kotletlərin içi daha uzanan və ləzzətli olur.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar