Vahid Əziz: “Müğənnilərin yazdığı şeirlərdə valeh olacaq heç nə yoxdur”
01 dekabr 2015 18:37 (UTC +04:00)

Vahid Əziz: “Müğənnilərin yazdığı şeirlərdə valeh olacaq heç nə yoxdur”

“Artıq uzun müddətdir ki, mahnı mətnləri məsələsində xeyli qarışıqlıq var. Bunu dəfələrlə demişəm, Bədii Şuralar olmalıdır”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, şair-tərcüməçi Vahid Əziz deyib.

 

3-4 il öncə bəzi telekanallarda Bədii Şuraların yaradıldığını qeyd edən Vahid Əziz, adıçəkilən qurumların fəaliyyətinin hiss olunmadığını təəssüflə qeyd edib: “Bədii Şuraların fəaliyyəti ona görə hiss olunmur ki, orada çalışanlar elə kanalların öz əməkdaşlarıdır. Bu, düzgün deyil. Bədii Şurada bəstəkarlar, şairlər, müğənnilər yer almalıdır. Yəni, qiymətləndirməni düzgün aparan insanlar olmalıdır. Digər adı ilə desək, Bədii Şuralara müstəqil ekspertlər cəlb olunmalıdırlar. O zaman bir televiziya vardı. Mən isə Mərkəzi Komitənin mətbuat bölməsinin müdiri idim, televiziya və radio mənim cavabdehliyimdə idi. Mahnı mətnimi Bədii Şura geri qaytardı. Mən isə bununla barışdım. Sonra həmin şeiri atdım. Ümumiyyətlə, dinləyicinin xoşuna gəlməyən şeirlərimi atıram”.

 

Şairin sözlərinə görə, nəzarət olarsa, nəticə keyfiyyətli olar: “Hər kəs öz işi ilə məşğul olmalıdır. Ümumiyyətlə, hesab edirəm ki, müğənni ancaq oxumalıdır, danışmamalıdır. Bu günə qədər müğənnilərin yazdığı şeirlərdə valeh olacaq heç nə görməmişəm. Senzura olmayan yerdə senzurasızlıq baş alıb gedir. Senzura qadağa deyil. Belə hesab edirəm ki, ifaçı özünə hörmət etməlidir. Bir çox bəstəkarlar digər xalqların musiqisini zorla Azərbaycan musiqisinə calayırlar”.

 

Vahid Əziz məşhur “Bayatılar” mahnısının tarixçəsini də xatırlayıb: “Bu mahnı ilə bağlı çox müzakirələr olub. Müəlliflik hüququ ilə bağlı məhkəmə prosesləri keçirilib. Türkiyədə də baş verib bu hallar. Lakin sevindirici bir məqam var ki, mənim adıma sayt yaradılıb və araşdırmalar aparılır. Həmin resursda sözlərimə yazılan mahnılar barədə məlumatlar yer alır. Ümumiyyətlə, mahnı təqdim olunanda müəlliflərin adları çəkilməlidir. Bu şeir 1983-84-cü illərdə yazılıb. Həmin müddətdə bir kitabım çıxdı - “Əllərimin kölgəsi”. Bu kitabın bir nüsxəsini də Eldar Mansurova verdim. Bir gün Eldar Mansurov zəng etdi ki, şeirinə musiqi bəstələmişəm. Bəxtim gətirib ki, şeirlərimə bayağı musiqi yazılmayıb. Şeirlərimə yazılan mahnıları da ciddi müğənnilər ifa edib”.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 672
avatar

Oxşar yazılar