TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Xalq artisti İlham Namiq Kamalı 70 illik yubileyi münasibətilə təbrik edib, təmsil etdiyi təşkilatın adından onu mükafatlandırıb.
Lent.az-ın məlumatına görə, görüşdə Xalq artisti ona göstərilən yüksək diqqətə görə Düsen Kaseinova təşəkkürünü bildirib: “Əlbəttə, bu cür xoş münasibət nəinki mənim yaradıcılığıma, eyni zamanda Azərbaycan teatrına verilən yüksək qiymətdir. 70 illik yubileyimi Mədəniyyət Nazirliyinin dəstəyi ilə çalışdığım Akademik Musiqili Teatrın möhtəşəm səhnəsində, fəaliyyətimə dəyər verən sənət dostlarımın əhatəsində, təntənəli şəkildə qeyd etdim. Fürsətdən istifadə edib bu gözəl anları mənə yaşadan, zəhməti olan hər kəsə yenə də minnətdarlığımı bildirirəm. O vaxtdan bir neçə ay keçib, amma hələ də təbriklər almaqda davam edirəm. TÜRKSOY kimi bir qurumun diqqətində olmaq isə məni daha da fərəhləndirir. Bir aktyor üçün bundan gözəl mükafat yoxdur”.