Səbail rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş tədbir və konsert keçirilib. Lent.az-ın məlumatına görə, xatirə tədbirləri çərçivəsində Səbail rayon İcra Hakimiyyəti tərəfindən Bülbül adına orta-ixtisas musiqi məktəbində görkəmli elm xadiminin xatirəsinə həsr olunmuş tədbir və məktəbin şagirdlərinin ifasında konsert proqramı təşkil olunub. Tədbirdə Səbail rayon rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak ediblər. Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Zərifə zanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə insan müalicə olunub.
Tədbirdə Bülbül adına orta-ixtisas musiqi məktəbinin şagirdləri məktəbin direktoru, Azərbaycanın xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə hazırlanmış konsert proqramı ilə qonaqlar qarşısında çıxış ediblər. Çıxışçılar arasında bir sıra beynəlxalq və respublika müsabiqələrinin laureatları, Azərbaycan Respublikası Prezidenti təqaüdçüləri və məktəbin əlaçı şagirdlər var idi ki, onların ifasında səslənən Azərbaycan və dünya bəstəkarlarının klassik və xalq mahnıları zala toplaşanların sürəkli alqışları ilə qarşılanıb. Əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti tərəfindən məktəbə pianino hədiyyə olunub. Məktəbin direktoru məktəbə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlığını bildirib.