Türkiyə ABŞ-dan Rza Zərrabı  çıxara bilər? - Ekstradisiya tələbi
16 iyul 2026 10:44 (UTC +04:00)

Türkiyə ABŞ-dan Rza Zərrabı çıxara bilər? - Ekstradisiya tələbi

0

ABŞ-da İrana qarşı tətbiq olunan sanksiyaları pozmaq ittihamı ilə mühakimə olunan və sonradan istintaqla əməkdaşlıq edərək etirafçı statusu alan Rza Zərrabın cəza müddəti rəsmi olaraq başa çatıb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hazırda onun hansı ölkədə yaşayacağı və Türkiyənin ekstradisiya tələbi irəli sürüb-sürməyəcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

Türkiyə sənədlərində Rza Sarraf, İran sənədlərində isə Reza Zarrab kimi tanınan iş adamı ABŞ hakimiyyəti ilə əməkdaşlığa başladıqdan sonra "Aaron Goldsmith" adlı müvəqqəti şəxsiyyət sənədindən istifadə edib. Onun Mayamidə at yarışları çevrəsində "Richard Ferrari" ləqəbi ilə tanındığı da bildirilir.

2016-cı ildə ABŞ-da İrana qarşı sanksiyaları pozmaq ittihamı ilə həbs olunan Zərrab sonradan etirafçı olub və istintaqla əməkdaşlıq edib. Məhkəmə onun ABŞ rəsmilərinə yüksək səviyyədə yardım göstərdiyini nəzərə alaraq həbsdə keçirdiyi müddətin kifayət etdiyi qənaətinə gəlib.

İstintaq zamanı Zərrab Türkiyədəki bəzi yüksək vəzifəli şəxslərə milyonlarla dollar rüşvət verildiyini iddia edib. O, keçmiş iqtisadiyyat naziri Zafer Çağlayana rüşvət verdiyini və Çağlayanın İranla aparılan ticarətdən əldə olunan gəlirin yarısını tələb etdiyini ifadəsində bildirib.

Türkiyə, İran və Şimali Makedoniya vətəndaşlığına malik olan Rza Zərrabın bundan sonra harada yaşayacağı məlum deyil. Onun ABŞ-da qalmasına imkan verəcək hüquqi statusunun olub-olmaması da açıqlanmayıb.

Türkiyə ilə ABŞ arasında cinayətkarların ekstradisiyası haqqında müqavilə qüvvədədir. Lakin vətəndaşlıq statusu və siyasi xarakter daşıyan cinayətlərlə bağlı hallar kimi bəzi istisnalar ekstradisiya prosesini çətinləşdirə və ya mümkünsüz edə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar