Onun səsi dünyanın ən məşhur opera teatrlarından gəlirdi, "Koroğlu" obrazı isə bir dövrün simvoluna çevrilmişdi. İfa etdiyi hər bir opera əsəri təkcə güclü səsin deyil, böyük sənət məktəbinin nümunəsi idi. Bu gün isə gənc nəslin bir çoxu onun kim olduğunu belə bilmir.
Lent.az-ın "Unudulan sənətkarlar" rubrikasında bu dəfə Azərbaycan opera sənətinin əfsanəsi, SSRİ Xalq artisti Lütfiyar İmanovun həyatından maraqlı məqamları təqdim edirik.
Azərbaycandan İtaliyaya uzanan təhsil həyatı
Lütfiyar İmanov 1929-cu il aprelin 17-də Sabirabad rayonunda anadan olub. O, Asəf Zeynallı adına Musiqi Məktəbində vokal şöbəsində (1957-ci il, A.Milovanovun sinfi), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində (1968-ci il) təhsil alıb. Moskvanın Böyük Teatrında, daha sonra isə İtaliyanın məşhur "La Skala" opera teatrında ixtisasartırma da keçib. Bu təcrübələr onun vokal ustalığını beynəlxalq səviyyəyə yüksəldib və dünya opera məktəbinin incəliklərini mənimsəməsinə imkan yaradıb. Sonralar isə qazandığı bilikləri gənc ifaçılarla bölüşərək uzun illər Bakı Musiqi Akademiyasında professor kimi fəaliyyət göstərib.
Bülbülün inamı
Lütfiyar İmanov gənc yaşlarında Bülbülün diqqətini cəlb edən istedadlardan biri olub. Böyük sənətkar onun səsini dinlədikdən sonra bu gəncin opera səhnəsində böyük uğurlar qazanacağına inanırdı. Bu proqnoz özünü sonradan tam doğruldu. Lütfiyar İmanovun peşəkar sənət yolu aktyorluqdan başlayıb. Lütfiyar İmanov əmək fəaliyyətinə gənc yaşlarında, 1943-cü ildə Sabirabad şəhər Dövlət Dram Teatrının aktyoru kimi başlayıb. Sonralar dram dərnəyinə rəhbərlik etməsi də onun təşkilatçılıq və yaradıcılıq bacarığını üzə çıxarıb.
Səhnədəki canlılıqdan öncəki susqunluq
Lütfiyar İmanov hesab edirdi ki, opera müğənnisi səhnəyə çıxmazdan əvvəl bütün diqqətini obraza yönəltməlidir. Buna görə tamaşadan əvvəl uzun müddət tək qalır, demək olar ki, heç kimlə söhbət etmirdi. Bu, onun illərlə dəyişmədiyi şəxsi qaydalarından biri idi.
"Koroğlu" ilə gələn şöhrət
Əvvəlcə estrada kollektivlərində və Musiqili Komediya Teatrında çalışan Lütfiyar İmanovun taleyi "Koroğlu" operası ilə dəyişib. Bu əsərdə yaratdığı baş obraz ona böyük şöhrət qazandırıb və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistlərindən birinə çevrilməsinə səbəb olub.
Lütfiyar İmanov yaradıcılığı boyunca 30-dan çox operada baş rolları ifa edib. "Otello", "Aida", "Toska", "Karmen" və "Faust" kimi dünya opera incilərində yaratdığı obrazlar bu gün də Azərbaycan opera sənətinin ən uğurlu nümunələri sırasında göstərilir. Eyni zamanda, Lütfiyar İmanov "Görüş", "Koroğlu", "Səhər", "Ulduz" və "Sevil" bədii filmlərində rol alıb.
Səsinin qazandırdığı musiqi qutusu
Həmçinin, o, yalnız Azərbaycan səhnələri ilə kifayətlənməyib. ABŞ, Kanada, Almaniya, Fransa, İtaliya, Türkiyə, Hindistan, Yaponiya və bir sıra digər ölkələrdə konsert proqramları ilə çıxış edərək Azərbaycan opera məktəbini beynəlxalq auditoriyaya tanıdıb. Səfərlərindən birində İtaliyanın Neapol şəhərində suvenir mağazasında bəyəndiyi musiqi qutusunu qiyməti baha olduğu üçün ala bilməyib. Daha sonra dəniz kənarında spontan şəkildə "O Sole Mio" mahnısını ifa edib. Səsi ətrafdakı insanları elə valeh edib ki, əraziyə böyük izdiham toplaşıb. Həmin mağazanın sahibi onun ifasından təsirlənərək bəyəndiyi musiqi qutusunu hədiyyə edib.
Müəllimlik illərində
Bundan əlavə, uzun illər pedaqoji fəaliyyət göstərərək gənc vokalçıların yetişməsində mühüm rol oynayıb. Türkiyədə də müəllim kimi çalışaraq Azərbaycan vokal məktəbinin ənənələrini xaricdə davam etdirib. Belə ki, 1991–1995-ci illərdə fəaliyyətini Türkiyədə davam etdirən sənətkar İstanbul və İzmir opera teatrlarında vokal dərsləri keçib. Burada həm gənc müğənnilərin hazırlanmasına, həm də Azərbaycan vokal məktəbinin tanıdılmasına töhfə verib. Onun tələbələri arasında sonradan opera səhnəsində tanınan ifaçılar da olub.
Yaradıcılıqdan deputat fəaliyyətinə
1948-ci ildən Sabirabad şəhər Mədəniyyət evində bədii rəhbər işləyib. 1954-1956-cı illərdə Azərbaycan Televiziyası və Radiosu xorunun, 1956-1957-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti olub, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərib. 1987–1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olub. 1980 və 1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
80 illik ömür
Lütfiyar İmanov 2008-ci il yanvarın 21-də Bakı şəhərində vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub. Aradan uzun illər keçməsinə baxmayaraq, onun güclü səsi, səhnə mədəniyyəti və yaratdığı unudulmaz obrazlar Azərbaycan opera sənətinin ən qiymətli irslərindən biri kimi bu gün də yaşayır.