Gündəlik qayğılardan uzaqlaşmaq, romantik anlar yaşamaq və duyğusal hekayələrə qərq olmaq istəyənlər üçün maraqlı filmlər var. Sevgi, ayrılıq, ikinci şans və gözlənilməz tanışlıqlardan bəhs edən bu ekran əsərləri romantik film həvəskarlarının diqqətini çəkə bilər.
Lent.az sözügedən tərzdə olan 5 ekran əsərini təqdim edir.
“Qırıq qəlblər agentliyi” (Die liebeskümmerer)
Mariya ayrılıq yaşayan insanlara kömək edən agentliyə rəhbərlik edir. Lakin jurnalist Karlın şirkətin fəaliyyətini araşdırmaq üçün gəlməsi onun həyatını dəyişir. Əvvəlcə peşəkar müstəvidə qarşı-qarşıya gələn qəhrəmanlar arasında tədricən romantik hisslər yaranır.
“Kopenhagendə sevgi hekayəsi” (Sult)
Yazıçı Miya təkbaşına övlad böyüdən Emilə aşiq olur. Lakin cütlük birlikdə uşaq sahibi olmağı planlaşdırdıqda münasibətləri ciddi sınaqla üzləşir. Hamilə qalmaqda çətinlik çəkən Miya və Emil reproduktiv tibbin köməyinə müraciət edirlər. Müalicə prosesi və qeyri-müəyyənlik onların münasibətlərinə təsir göstərir, ortaq gələcəklə bağlı planlarını yenidən nəzərdən keçirməyə məcbur edir.
“Ondan qalan xatirələr” (Reminders of him)
Emosional romantik dram Kenna Rouen adlı qadının həyatından bəhs edir. Altı il həbsdə qaldıqdan sonra doğma şəhərinə qayıdan Kenna hələ də sevgilisinin ölümündə günahlandırılır. Onun ən böyük arzusu illərdir görmədiyi və anası haqqında demək olar ki, heç nə bilməyən balaca qızına qovuşmaqdır.
“Yalnız bir gecə” (One night only)
Elli və Ouen Nyu-Yorkda qeyri-adi şəraitdə tanış olurlar. Onların arasında ilk andan romantik hisslər yaranır. Lakin ard-arda baş verən anlaşılmazlıqlar və gözlənilməz hadisələr cütlüyün yenidən görüşməsinə mane olur. Onların tanışlığı maraqlı macəralar və gözlənilməz hadisələrlə dolu bir gecəyə çevrilir.
“Sevgi hipotezi” (The love hypothesis)
Film yazıçı Ali Heyzelvudun məşhur romanı əsasında ekranlaşdırılıb. Hadisələr universitet mühitində cərəyan edir.
Doktorantura tələbəsi Oliv rəfiqəsini yeni münasibətə başladığına inandırmaq üçün sərt xarakterli professor Adam Karlseni qəfil öpür. Bundan sonra onlar sevgili rolunu oynamaq barədə razılığa gəlirlər. Lakin zaman keçdikcə saxta münasibətlə həqiqi sevgi arasındakı sərhəd tədricən yox olmağa başlayır.