Qaladakı qeyri-adi məkandan – REPORTAJ
27 oktyabr 2013 22:59 (UTC +04:00)

Qaladakı qeyri-adi məkandan – REPORTAJ

Abşeron yarımadasında aşkar edilən arxeoloji, memarlıq abidələri bir məkanda toplanıb. Abşeronun Qala kəndində yerləşən açıq səma altında fəaliyyət göstərən Qala Arxeoloji Etnoqrafik Muzeyində. Qoruq Nazirlər Kabinetinin qərarı ilə 1988-ci ildə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. 5 il bundan öncə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında muzey təsis olunub. Ərazisi 1.2 hektar olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün hər cür şərait var. Eramızdan əvvəl III-II minilliyi əhatə edən qədim kurqanlar, qəbir daşları, yaşayış məskənləri, ibadət yerləri və bir sıra digər maddi-mədəniyyət nümunələrini burada bir arada görmək olar. Bir kəndin gündəlik həyat tərzi bir məkanda cəmlənib. Qoruğun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur.

 

Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri var. Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. Ən maraqlısı odur ki, paytaxta yaxın olmasına baxmayaraq, Qala kəndinin infrastrukturu və abidələri kompleks şəklində olduğu kimi qalmaqdadır.

 

Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində mövcud olan tarixi yaşayış binalarının əksəriyyətini dublalı evlər təşkil edir. Dublalı evlər birmərtəbəli olmaqla, yastı dam örtüyü üzərində dubların, təndir və ocaq gümbəzlərinin olması ilə seçilir. Binanın fasadına dekorativ zənginlik gətirən daş navalçalar dam örtüyündə yağıntı sularının yığımını tənzimləyir. Kənddə iki mərtəbəli evlərin yaşı isə hələ azdır.

 

“Qala kəndində ikimərtəbəli evlərin tikilməsinə XIX əsrin sonları, XX əsrin əvvəllərindən başlanıb. O zamana kimi evlər alçaq damlı olub. Bu binanın birinci mərtəbəsi 1810-cu ildə inşa edilib. Həyətdə əl altında istifadə etmək məqsədi ilə təmiz su saxlanılan daş hovuz da var. Mətbəx evin kompozisiyasından çıxarılaraq kənarda, həyətdə inşa edilib. Ailənin demək olar ki, gündəlik həyatı sadə, tutumu daha böyük olan mətbəxdə cərəyan edib”.

 

Burada hər şey olduğu kimi saxlanılıb. Dulusçu evi də olduğu kimidir. Kiçik həyəti, həyətində bir neçə ağac. O vaxtlar olduğu kimi ən çox əkilən tut və püstə ağacı da. Həyətlərdə su quyusu, taxıl üçün zirzəmi və duz üçün quyu da var. Əvvəllər əsasən qadınların məşğul olduğu dulusçuluq sənəti neolit dövründə, e.ə VI mnillkdə müstəqil sənət sahəsinə çevrildi. Tarixçilər Cənubi Qafqazda boyalı qabları müqayisə edərkən belə qənaətə gəliblər ki, Gürcüstandakı qablar orta tunc dövrünə aid olub və ömrü qısa olub. Ermənistanda bu sənət dəmir dövrünün əvvəllərində mövcud olub. Azərbaycanda isə bu mədəniyyət uzun bir tarixi dövrədək mövcud olub.

 

Bu kəndin əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olsa da, kəndin daxilində əkin sahələri olmayıb. Bütün əkin sahələri kənddən kənarda olub. Qəsəbənin yaşayış evləri üçün kiçik bağlı həyətlər xarakterikdir. Bu həyətlərdə əsasən bir neçə ağac əkilərdi. Qaydaya görə hər həyətdə daş hovuz olardı. Abşeron qumluq və quraqlıq yer olduğundan ağac qıt olub, bu səbəbdən burada tikinti materialı kimi ağacdan deyil, əhəng daşından istifadə edilib.

 

“Abşeron yarımadasının təbiəti dəvəçilik üçün olduqca əlverişlidir. Buna görə də XX əsrin əvvəllərinə kimi yarımadanın bir çox kəndlərində, o cümlədən Qalada dəvə saxlanılıb. Abşeronda dəvəçilik sənayeyə xidmət edib. İllər boyu neft tuluqlarda dəvələr vasitəsi ilə Bakı kəndlərinə ,eləcə də kənar diyarlara daşınıb”.

 

Çəkiliş zamanı başımıza qəribə işlər də gəldi. Deyəsən, dəvəni əsəbiləşdirdik.

 

Qala qoyunu Azərbaycan ensiklopediyasında belə təsvir olunur. Qaba yunlu, yağlı quyruqlu, ətlik-südlük, xalq seleksiya yolu ilə yaradılıb. Çox az sayda qalan cinslər qoruqda xüsusi olaraq qorunur.

 

Qədim faytonları, arabaları, xalçaları, nalbəndi, məhəllə bazarı... hər şey öz təbiiliyini qoruyub saxlayır.

 

Abşeron ərazisində sandıq qəbirlər də geniş yayılıb. Abşeronda sandıq qəbirlərin, yəni sənduqələrin üst hissələri Quran ayələri ilə bəzədilib. Bu sənduqələr Səfəvilərin hökmranlıq dövrünə aid edilir.

 

“Orta əsrlərə aid tarixi abidələrimizdən biri də sərdabələrdir. Buradan insanların dini təsəvvürlərinə, vəfat edənin vəsiyyətinə görə istifadə edilirdi. Müqəddəs torpaqlara “Qaladan ildə 2 dəfə karvanlar vasitəsilə ziyarətə gedərdilər. Vəfat edən şəxs müqəddəs torpaqda, məsələn Məkkədə, Məşhəddə, Kərbəlada dəfn olunmaq istəyirdisə, o zaman mərhumun nəşi müəyyən bir zaman ərzində sərdabədə saxlanırdı. Ət çürüyərək torpağa qarışdıqdan sonra sümüklər xüsusi sandıqçaya qoyulub müqəddəs torpağa aparılır və orada dəfn olunurdu”.

 

Növbəti süjetlərimizdə muzey haqqında daha yeni məlumatlarla tanış olacaqsınız. Görünən odur ki, Qala Dövlət Tarix-Etnoqrafiya qoruğunun xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin təbliği baxımından əhəmiyyəti böyükdür.

 

Jalə Məmmədli, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2307
avatar

Oxşar yazılar