Bu gün Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışı olacaq. Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, fond tərəfindən təşkil olunan bu layihə çərçivəsində Azərbaycan mədəniyyətinin fərqli tərəfləri - tarixi və müasir zənginlikləri təqdim ediləcək.
Artıq bu günlər Kann və ətraf şəhərlər Azərbaycanın təqdimat bannerləri və lövhələri ilə bəzədilib.
İyulun 7-dək keçiriləcək mədəniyyət günləri çərçivəsində müxtəlif layihələrin təqdimatı nəzərdə tutulur. Belə ki, Azərbaycan «Pirotexnika sənəti» (d'Art Pyrotechnique) Kann festivalında il dəfə təmsil olunacaq. Qeyd edək ki, 1967-ci ildən keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin vəhdətində təqdim edilir. İyulun 4-də Azərbaycandan olan atəşfəşanlıq qrupu «Azərbaycan musiqi və rənglərdə» (Azerbaijan in music and colors) şousunu Qara Qarayevin «Yeddi gözəl» baletindən vals, Niyazinin «Rast» simfonik muğamı, Fikrət Əmirovun «Şur» simfonik muğamı, Müslüm Maqomayevin «Azərbaycan» mahnısı, digər klassik musiqi və bəstəkar mahnılarının müşayiəti ilə təqdim edəcək. Festival zamanı bu şou üçün yazılmış xüsusi partitura da ifa olunacaq.
İyulun 5-də isə Kannda Azərbaycan caz musiqisi tarixi və müasir çalarlarda səslənəcək. Şahin Növrəsli, İsfar Sarabski və Səbinə Babayevanın ifasında Azərbaycanın məşhur caz kompozisiyaları təqdim olunacaq.
İyulun 6-da isə Heydər Əliyev Mərkəzinin mədəniyyətimizi yaşatmaq və dünyada təbliğ etmək layihəsi çərçivəsində Fransada klassik musiqi gecəsi təşkil olunacaq. Həmin gün Üzeyir Hacıbəyli adına Azərbaycan Simfonik Orkestrinin ifasında Soltan Hacıbəyovun «Karvan» simfonik lövhəsi, Üzeyir Hacıbəylinin «Koroğlu» operasından üvertüra, xalq və bəstəkar mahnıları izləyicilərə çatdırılacaq.
Qeyd edək ki, Azərbaycan mədəniyyəti günləri zamanı təqdim olunan hər bir layihə ölkəmizin qədim tarixi, ənənələri, incəsənət nümunələri ilə yaxından tanışlığa geniş imkan verəcək. Mədəniyyət günlərində yerli sakinlər və turistlərin Azərbaycanı müxtəlif sərgilər vasitəsi ilə də görmək imkanı olacaq. Bu sərgilər sırasında “Qız Qalası” və “Ceyranlar” sərgisi xüsusi maraq doğurur. Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan Qız Qalasının təbliği məqsədi daşıyan “Qız Qalası” sərgisində müxtəlif ölkələrin rəssamları tərəfindən milli üslublarda naxışlarla bəzədilən kiçik maketlər fərqli mədəniyyət və adət-ənənələrin sintezində təqdim ediləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji layihə çərçivəsində “Ceyranlar” sərgisi isə öz orijinallığı və tərənnüm etdiyi ideya baxımından diqqət çəkir. İyirmi gün ərzində keçiriləcək sərgidə nəsli kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri hazırlanıb və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən bəzədilib. Bu işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın da əsərləri yer alıb.
Heydər Əliyev Fondu tərəfindən təşkil olunan «Qafqaz incisi - Azərbaycanın mədəni dəyərləri» və Azərbaycanın müasir incəsənət nümunələrindən ibarət “Emosiyalar sərgisi” (Emotions Exhibition) isə Azərbaycan və onun mədəni sərvətlərinin, müasir incəsənətinin tanıdılması baxımından əhəmiyyət kəsb edir.
Xüsusi şounun müşayiəti ilə təqdim olunan “Milli mətbəxi günü” Azərbaycanın süfrə mədəniyyəti, qonaqpərvərliyi, ənənələri barədə dərin təəssüratlarla yadda qalacaq. Bu layihə Azərbaycanın milli mətbəx nümunələrinin hər birinin tarixi, fəlsəfəsi barədə geniş məlumat əldə etmək imkanı yaradacaq.
İyulun 7-də təşkil olunan proqram isə Azərbaycan milli kino tarixi ilə tanışlıq xarakteri daşıyır. Həmin gün Fransada milli kinomuzun incilərindən olan «Arşın mal alan» filmi təqdim ediləcək.
Mədəniyyət günləri iyulun 7-də açıq havada təşkil olunacaq konsert proqramı ilə başa çatacaq. «Natiq» ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı Odlar Yurdunun ritmlərini, qədim balaban və tar isə muğam sənətini izləyicilərə çatdıracaq.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, ingilis, fransız dillərində xüsusi nəşrlər də hazırlanıb. Bu nəşrlər özündə Azərbaycanın zəngin mədəni irsi, qədim və müasir Azərbaycan barədə geniş məlumatlar əks etdirir.