Prezident İlham Əliyev Hüseyn Arifin 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq şairi Hüseyn Arifin 90 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək. Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, 2014-cü ilin dekabr ayında Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq şairi Hüseyn Arifin (Hüseyn Camal oğlu Hüseynzadənin) anadan olmasının 90 illiyi tamam olur. Hüseyn Arif xalqımızın zəngin bədii-poetik irsi zəminində dəyərli əsərlər meydana gətirib və milli ədəbiyyata töhfələr verib. Şairin əsas qayəsi vətənə məhəbbətin, mənəvi-əxlaqi zənginliklərin təbiət gözəllikləri ilə vəhdətdə tərənnümündən ibarət olan yaradıcılığı bu gün də gənc nəslin tərbiyəsində öz əhəmiyyətini qoruyub saxlayır.