Bakıda iki avtobus toqquşdu: 22 yaralı
24 iyul 2026 11:19 (UTC +04:00)

Bakıda iki avtobus toqquşdu: 22 yaralı

1

Binədə baş verən yol-nəqliyyat hadisəsinə qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobusun səbəb olduğu bildirilir.

Lent.az xəbər verir ki, bu barədə 160 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların daşıyıcısı olan "Çinar Trans" MMC-nin direktoru İsmayıl Yaqub oğlu Hüseynov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, hadisə 160 nömrəli avtobus Binə qəsəbəsində dayanacaqda sərnişin mindirib-düşürdüyü zaman baş verib:

"160 nömrəli avtobus Binədə dayanacaqda durduğu zaman qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobuslardan biri arxadan ona çırpılıb. Həmin avtobuslar Binədən metronun "Koroğlu" stansiyasına qədər qanunsuz fəaliyyət göstərirlər. "Hyundai" markalı avtobus elə gəldiyi sürətlə də bizim avtobusu arxadan vurub. Nəticədə avtobusumuza külli miqdarda maddi ziyan dəyib. Xəsarət alanlar isə əsasən vuran avtobusun sərnişinləri olub. Bizim avtobusdakı sərnişinlərdən bəzilərinə yalnız qırılan şüşələrin qırıntıları dəyib.

Həmin avtobuslar qanunsuz fəaliyyət göstərirlər. Bununla bağlı dəfələrlə aidiyyəti qurumlara şikayət etmişik, lakin buna baxmayaraq, fəaliyyətlərini davam etdirirlər", - deyə İ.Hüseynov bildirib.

***

Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 08:00 radələrindən etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.

Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.

***

Saat 11:11

Bakıda iki avtobus toqquşub. 

Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, hadisə nəticəsində xeyli sayda sərnişinin yaralandığı bildirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 4752

Oxşar yazılar