Qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntıları ziyarət edənlərin diqqətini iki məqam xüsusilə cəlb edir. Birincisi, antik dövrə aid binaların əksəriyyəti torpağın dərin qatlarında yerləşir. İkincisi isə onların çoxundan yalnız divarların təməl hissəsi və ya bir neçə cərgə daş və kərpic qalıb. Bir çoxları bunu şəhərlərin müharibələr zamanı dağıdılıb sonradan külək və tozla örtülməsi ilə izah etsə də, əsl səbəb bundan daha mürəkkəbdir.
Lent.az xaric mediaya istinaən xəbər verir ki, əslində qədim dövrlərdə müharibə, yanğın və ya zəlzələ nəticəsində dağılan tikililər tamamilə sökülüb ərazidən daşınmırdı. Bu həm çox zəhmətli, həm də bahalı proses idi. Bunun əvəzinə dağıntılar torpaqla örtülür, səth hamarlanır və həmin yerin üzərində yeni tikililər inşa edilirdi. Beləliklə, eyni ərazidə onlarla tikinti mərhələsi bir-birini əvəz edir, hər yeni dövr əvvəlkinin üzərinə yeni torpaq və tikinti qatı əlavə edirdi. Nəticədə şəhərlərin səviyyəsi əsrlər ərzində getdikcə yüksəlirdi.
Bundan başqa, kərpic, daş və keyfiyyətli ağac həmişə qiymətli tikinti materialları sayılırdı. Buna görə də tərk edilmiş binalar qonşu yaşayış məntəqələrinin sakinləri üçün pulsuz material mənbəyinə çevrilirdi. İnsanlar qədim tikililərin divarlarını demək olar ki, təməlinə qədər sökür, yalnız ən aşağı daş sıralarını olduğu kimi saxlayırdılar. Bu da müharibə və ya təbii fəlakət yaşamayan qədim şəhərlərdə belə niyə yalnız bünövrələrin qaldığını izah edir.
Qədim şəhərlərin torpaq altında qalmasının digər səbəbləri
Şəhərlər dağıdılmasa belə, küçələrin səviyyəsi zaman keçdikcə yenə də yüksəlirdi. Bunun bir neçə əsas səbəbi var idi. Əvvəla, keçmişdə məişət tullantıları demək olar ki, şəhərdən kənara daşınmırdı. Onlar evlərin yaxınlığında yığılır, sonradan torpaqla örtülərək səth hamarlanırdı. Qida tullantıları xüsusi kompost sahələrinə və ya şəhərdən kənardakı zibilliklərə aparılsa da, qırıq kərpiclər, daşlar, kirəmit parçaları və digər qeyri-üzvi tullantılar çox vaxt yerində qalırdı. Çünki onlar nə pis qoxu yaradır, nə də zərərvericiləri cəlb edirdi.
Qədim şəhərlərin torpaq altında qalmasının daha bir mühüm səbəbi isə yollar idi. Daş döşənməmiş küçələr yağışdan sonra palçığa çevrilirdi. İnsanların rahat hərəkət etməsi üçün küçələrin üzərinə mütəmadi olaraq çınqıl, daş qırıntıları, torpaq və digər materiallar tökülərək səth yüksəldilirdi. Bu proses əsrlərlə təkrarlandığı üçün küçələrin səviyyəsi tədricən artır, köhnə tikililər isə getdikcə daha dərin qatlarda qalırdı.