Bir çoxları hesab edir ki, Yer kürəsində artıq kəşf edilməmiş heç bir guşə qalmayıb. Lakin bu, həqiqəti əks etdirmir. Dünyada elə yerlər var ki, ya insan ayağı hələ ora dəyməyib, ya da həmin ərazilər demək olar ki, toxunulmamış vəziyyətdə qalıb.
Lent.az xəbər verir ki, bəziləri dini və mənəvi inanclara görə qorunur, digərləri isə həddindən artıq təhlükəli və əlçatmaz olduğu üçün insanlar tərəfindən araşdırılmayıb.
Meri Berd Torpağı, Antarktida
Qərbi Antarktidada yerləşən və 1,61 milyon kvadratkilometr ərazini əhatə edən Meri Berd Torpağı hüquqi baxımdan heç bir dövlətə məxsus olmayan nadir ərazilərdən biridir. Alimlərin hesablamalarına görə, bu ərazinin 99,6 faizi insan fəaliyyətindən tamamilə təsirlənməyib. Müqayisə üçün qeyd edilir ki, Antarktidanın ümumi ərazisinin təxminən 32 faizi toxunulmamış hesab olunur.

Şimal Meşə Kompleksi, Myanma
Hindistan və Çin sərhədi yaxınlığında yerləşən bu sıx tropik meşələr 30 296 kvadratkilometr ərazini əhatə edir və Cənub-Şərqi Asiyanın ən böyük toxunulmamış meşə massivlərindən biri sayılır. Mütəxəssislərin qiymətləndirməsinə əsasən, burada 6 minə yaxın canlı növü yaşayır. Onlardan təxminən 1500-ü dünyanın başqa heç bir yerində rast gəlinmir. 1960-cı illərdə Myanmada baş verən siyasi qarşıdurmalar səbəbindən bu ərazi tədqiqatçılar üçün bağlanıb.

Qanqxar Puensum dağı, Butan
7550 metr hündürlüyə malik Qanqxar Puensum dünyanın indiyədək fəth olunmayan ən hündür zirvəsi hesab edilir. Dağa qalxmağın çətin olmasının səbəbi yalnız sərt iqlim və əlçatmaz relyef deyil. Yerli əhali bu dağları müqəddəs hesab edir və zirvələrdə tanrıların yaşadığına inanır. Butan hökuməti 1994-cü ildə 6000 metrdən yüksək dağlara qalxmağı qadağan edib, 2003-cü ildən isə ölkədə alpinizm tamamilə yasaqlanıb.

Maçapuçare dağı, Nepal
Şimali Nepaldakı Annapurna qoruğunda yerləşən və 6993 metr hündürlüyə malik iki zirvədən ibarət Maçapuçare dağı da müqəddəs sayılır. Qurung xalqının inanclarına görə, bu dağ hinduizmin əsas tanrılarından biri olan Şivanın məskənidir. 1957-ci ildə Britaniya ekspedisiyası zirvəyə qalxmağa cəhd etsə də, zirvəyə 150 metr qalmış geri dönüb. Həmin vaxtdan bəri dağa qalxmaq üçün yeni icazə verilməyib.

Suma Ri, Pakistan–Çin sərhədi
Suma Ri və Suma Ri II zirvələri təhlükəli və son dərəcə əlçatmaz olduqları üçün indiyədək fəth edilməyib. Pakistan və Çin sərhədində yerləşən bu zirvələrin hündürlüyü müvafiq olaraq 7312 və 7302 metrdir. Buna baxmayaraq, bura qalxmağa hüquqi qadağa yoxdur.

Nyençen Tanqla silsiləsi, Tibet
Uzunluğu təxminən 600 kilometr, eni isə 200 kilometr olan bu dağ silsiləsi dünyanın ən əlçatmaz bölgələrindən biridir. Buradakı 6000 metrdən yüksək 164 zirvədən 159-u bu günə qədər fəth olunmayıb.

Qakkel silsiləsi, Şimal Buzlu okeanı
Qakkel silsiləsi Avrasiya hövzəsindən keçən, uzunluğu 1800 kilometr olan sualtı vulkanik dağ silsiləsidir. 4600-5100 metr dərinlikdə yerləşən bu ərazi Yer kürəsinin ən dərin nöqtələrindən biri hesab olunur. Mariana çökəkliyindən fərqli olaraq, Qakkel silsiləsi ilboyu qalın dəniz buzları ilə örtülü olduğundan tədqiqat aparmaq son dərəcə çətindir.

Yukatan senotları, Meksika
Senotlar təxminən 10 min il əvvəl su ilə dolmuş təbii əhəngdaşı mağaraları və karst çuxurlarıdır. Yukatan yarımadasında təxminən 7000 senot mövcuddur. Onlardan cəmi 142-si ziyarət üçün açıqdır. Bu isə o deməkdir ki, senotların 98 faizi hələ də tam araşdırılmayıb.

Son Doonq mağarası, Vyetnam
Son Doonq dünyanın ən böyük mağarası hesab olunur. Xəritəyə salınmış hissələrinin həcmi 38,5 milyon kubmetr, uzunluğu isə 9,4 kilometrdir. Onillərlə davam edən araşdırmalara baxmayaraq, mağarada yeni tunellər və gizli boşluqlar aşkar edilməkdə davam edir. 2019-cu ildə tədqiqatçılar daha 1,6 milyon kubmetr həcm əlavə edən yeni yeraltı kameralar aşkar ediblər.
