Banişevskinin səfalətlə bitən həyatı
04 mart 2015 12:28 (UTC +04:00)

Banişevskinin səfalətlə bitən həyatı

Kulis yazıçı-jurnalist Qorxmaz Şıxalıoğlunun dahi Azərbaycan futbolçusu Anatoli Banişevskiyə həsr edtdiyi “Nə yaşadım ki?!” məqaləsini təqdim edir.

 

İşdə kimsə dedi ki, fevralın 23-ü Banişevskinin ad günüdür. Başqa birisi də: “Gələn il 70 yaşı tamam olur” deyib, danışanın sözünü ağzında qoydu. “Yazıq nə yaşadı ki? Cəmi 51 il”, - bunu da bir başqası söylədi. 

 

Beləcə, Banişevski söhbəti uzandıqca uzandı.

 

Elə həmin axşam evə gəlib, bu yazını qaraladım...

 

                                                                 

***

  

Onda biz oğlan uşaqları, onun adının işığına uçardıq. Özü topun işığına uçduğu kimi...

        

...Demə, o, təzə-təzə vaxtlarında bizim qonşu kəndə gəlibmiş, özü də, qızmar yay günü, düz günorta vaxtı. Burda iki kəndin futbol komandaları oynayırmış. Birinci hissə təzəcə başa çatıbmış. Qonaqlar biabırçı bir hesabla - 5:0 uduzurmuş. Elə bu vaxt meydançanın kənarında bir sarı “Moskviç” dayanır. Maşından iki-üç cavan oğlan düşür. Onların kürəni deyir ki, bəs mən də oynamaq istəyirəm, ancaq uduzan komandada. İkinci hissə başlayır. Əvvəl bu, çox pis oynayır. Sən demə, rəqibi çaşdırmaq üçün belə edirmiş. Hələ qıraqdan bir-ikisi də ağzını əyir ki, ə, bu kimdir buraxmısız oyuna? Birdən bu kürən başlayır, nə başlayır! Topu götürür, bir, iki, üç... düz, on nəfəri alladır, sonra da qapıçını keçir. Qol! Bir dəqiqədən sonra ikincisini vurur, sonra üçüncünü... Heç kim onu saxlaya bilmir. O qədər sürətlə qaçırmış ki, elə bil, qızılquşdur. Gəlmə komanda 10:5 qalib gəlir. Topların hamısını da, bu kürən vurur. Oyun başa çatan kimi “Moskviç”ə oturub gedir. Sonra xəbər tuturlar ki, bu oğlan Banişevski imiş.

 

Sonralar belə məlum oldu ki, Banişevski ilə bağlı bu hadisə bizim rayonun əksər kəndlərində baş verib. Ancaq kimin danışmasından asılı olmayaraq, nə sirdirsə, hadisənin baş verdiyi məkan həmişə “qonşu kənd” olurdu. Yəni, 10 dənə qol vuran o kürən oğlanı, o sarı “Moskviç”i konkret heç kim görməmişdi. Hətta yana-yana danışanların bəzisi əlini dizinə vurub heyfsilənir ki, niyə həmin gün Banişevskinin o “qonşu kənd”də olduğundan xəbər tutmayıb?

 

Bizim kənddə bu söhbətə hamı acgözlüklə qulaq asar və inanardı. Adamlar heç toy mağarında aşığın söylədiyi “Koroğlunun durna teli səfəri”nə belə diqqət kəsilməzdilər. İçi mən qarışıq, bu danışılanların əfsanə və qurama olduğunu fikirləşən olsaydı da, yenə heç kim cəsarət edib, bunu dilə gətirməzdi. Və bilirəm ki, o vaxtlar Azərbaycanın başqa yerlərində də Anatoli Banişevski ilə bağlı bu cür şirin əfsanələr dolaşmaqdaydı. İndiki idman dili ilə desək, doğrudan da, o, canlı əfsanə idi. Onda, tək bir Banişevski adı respublikamızda futbolu, necə deyərlər, göylərə qaldırmışdı. İnciməyin, mən yenə öz kəndimizdən misal gətirəcəyəm. Onda, yeniyetmə cavanlar öz yerində, bizdə yekə-yekə kişilər də futbol azarına tutulmuşdular. İşdən qayıdıb, bir tikə çörək yeyər-yeməz, kəndin yuxarı başındakı futbol meydançasına qaçırdılar. Futbol oynamaq istəyənlər çox olduğu üçün, tezliklə kəndin aşağısında – xırmanın ağzında da bir yer tapdılar. Bu da bizim ikinci meydançamız oldu. Feldşer Cahan, kombaynçı Ağakişi, kolxoz qarajının mexaniki Abdulla ən yaxşı hücumçular hesab olunurdular. Kəndin qəssabı, xeyir-şər məclislərini aşpaz kimi yola verən dayım Sərxanın dəyişməz yeri isə qapı idi. Bəli, onda kəndimiz futbolla nəfəs alırdı. Ən yaxşı futbol ayaqqabısı da, altıyaşıl “kitayski tapışka” idi; üstünün rəngi getsə də, cırılmazdı, çox möhkəm idi. Qızlı-oğlanlı bədən tərbiyəsi dərslərində də, hamı futbol oynayırdı. Mən Banişevskinin eşqinə bir “futbol albomu” da düzəltmişdim. Orda Lev Yaşin, Murtaz Xurtislava, Vladimir Muntyan, İqor Çislenko, Eduard Malofefev, Albert Şesternyov, Anzor Kavazaşvili... (SSRİ yığması) Pele, Eysebio, Çarltonun... şəkilləri vardı. Əlbəttə, lap başdan Banişevski gəlirdi, bir də 66-cı ilin “Neftçi”si. Onları qəzet-jurnallardan kəsib götürmüşdüm. Mən əsgərlikdən qayıdanda, o albomu “bombalamışdılar”. Demə, balaca qardaşım kəndə dondurma maşını gələndə, onlardan “satdıq” olanların axırına çıxıbmış.

Daha kəndlə bağlı bu qədər bəsdir...

        

...Deyəsən, 1994-cü ilin noyabrı idi. Az TV-də çalışırdım. Hansısa qəzetdə oxudum ki, Banişevski pis bir xəstəliyə tutulub. O, Afrikada-Burkino-Fasoda yerli yığma futbol komandasının məşqçisi işlədiyi vaxtlar bu xəstəliyə yoluxubmuş. Pis oldum. Kənd, yeniyetməlik çağlarım, Bakıda “Gənclik”dəki stadionda “Baniş”, “Tolik”, “Banya” deyib qışqıran minlərlə azarkeşin səsi, onun, meydançanın mərkəzində, ovunu izləyən pələng soyuqqanlılığını xatırladan və hər an ildırım sürəti götürməyə hazır olan arxayın duruşu, çöhrəsindəki çox doğma, şirin təbəssümü... gəldi gözümün qabağına. Bir də...

İstər “Neftçi”də, istərsə də yığmada, rəqibin cərimə meydançasına qaldırılan toplar Banişevskinin “qızıl baş”ına ünvanlanırdı. Göydən gələn bu topları onun başı, sanki maqnit kimi özünə çəkirdi...   

        

Baş redaktora dedim ki, Banişevskidən bir süjet hazırlamaq istəyirəm (Mən “İdman” yox, “İctimai-siyasi proqramlar” redaksiyasında çalışırdım). İnsafən, razılıq verdi...

 

Biz günortadan sonra stadionun yaxınlığında görüşdük. O, inabı rəngdə bir dəri yarımgödəkçədə idi. İlahi, dünyanın nəhəng stadionlarını titrədən, ağlagəlməz fəndləri ilə “mənəm-mənəm” deyən komandaların müdafiə xəttini bir göz qırpımında bir-birinə qarışdıran, rəqibin onaltı metrliyində, az qala, mina partlayışı yaradan bu “qızıl başlı oğlan” necə qocalmışdı! Söhbət edə-edə stadiona tərəf gəldik. Yolda istədim ki, uzaq uşaqlıq illərimdən, bizim kənddə onun haqqında gəzən əfsanədən danışım. Amma gördüm ki, bir vaxtlar adı gələndə, sevincdən dodağı çatlayan biz kənd uşaqlarının yaddaşında heykəlləşən cavan Banişevskidən heç nə qalmayıb, çox yorğun görkəmi vardı. 

Tribunalararası daş pilləkənlərlə aşağı – yamyaşıl meydançaya düşdük. Burda Banişevski ilk dəfə, 16 yaşında (çempionata buraxılması üçün sənədlərində onu iki yaş “böyüdüblərmiş”), “Neftçi”nin tərkibində Moskva OMİK-nə qarşı oyuna çıxmış və birinci qolunu vurmuşdu.

 

Stadion, təbii ki, bomboş idi. Elə bir-iki kadr çəkmişdik ki, hava çisəkləməyə başladı. Operator Oqtay Quliyev gödəkçəsini çıxarıb, kameranın üstünə saldı. Çəkilişin vaxtını dəyişmək olmazdı. Çünki, Banişevskini bir həftəyə zorla tapıb, razılığını almışdım.

        

21 il əvvəlki o müsahibədən, çox heyf ki, az şey yadımda qalıb.  Banişevski çox həvəzsiz danışırdı. Sonuncu suallarımdan biri, təxminən belə oldu:

 

- Eduard Markarov yadınızdadı?

- O, ölüb.

- Nə vaxt ölüb? – təəccübləndim.

- Mənim üçün çoxdan ölüb.                                     

 

Rio-de-Janeyrodakı dünyalarca məşhur “Marakana” stadionunda futbol üzrə ikiqat dünya çempionunun - Braziliyanın qapısına qol vuran, SSRİ yığma komandasının hücumçusu kimi şöhrət zirvəsinə ucalan, mərkəzi hökümətin himayə etdiyi Moskvanın  “Spartak” və “Dinamo” komandalarından gələn yağlı təklifləri yaxın buraxmayan Banişevskinin bu cür danışmağı əbəs deyildi. Çünki, “Neftçi”də onunla çiyin-çiyinə oynayan Markarov “Ararat”dan gələn gizli təklifə, elə Bakıdan gizli qaçışla cavab vermişdi - heç komanda yoldaşlarına belə demədən. Banişevski Markarovun bu hərəkətini xəyanət hesab edirdi.

 

- “Marakana”da vurduğunuz qol yadınızdadı? – Sualımı çox könülsüz cavablandırır:

 

- Hə, elə bir şey olub. Bilirsiz, o haqda çox danışmışam...

 

Mən bu çəkilişə getməzdən əvvəl Banişevskigilin evinə zəng eləmişdim. Telefonu həyat yoldaşı götürmüşdü. Yadımdadır, o, çox kədərli danışırdı: “- Yaddaşı pozulub. Bir-iki dəfə kömək eləyən olub. Müalicəyə aparsaq da, xeyri olmayıb. Yenə də istəyirik yaxşı həkimə göstərək, amma imkanımız yoxdu. Ən pisi odur ki, yaddaşı çox zəifləyib”.

 

Yadımdadır, biz hələ çəkilişə başlamazdan əvvəl, hardasa, 20 dəqiqə ərzində Banişevski məndən üç dəfə siqaret istədi. Və hər dəfə də: “Anatoli Andreyeviç, mən çəkən deyiləm” desəm də, o, yenə ilk dəfəymiş kimi, çox böyük nəzakətlə soruşurdu: “Siqaretiniz olmaz ki?” Yaddaşının belə pozulması adamın ürəyini ağrıdırdı. Tərslikdən, onda mən iki il olardı ki, siqareti atmışdım. Və yaxınlıqda da, mağaza yox idi. Həm də belə başa düşdüm ki, ona nə həkimlər, nə də evdən siqaret çəkməyə icazə vermirlər.

        

Çəkilişimiz üç saata qədər uzandı. O çiskinli payız günü, operator Oqtayla mənim komandamla yaşıl meydançada sağa-sola gedən, arada fikirli-fikirli uzaqlara baxan Banişevski, onun qəmli baxışları, yaxası açıq innabı rəngli yarımgödəkçəsi, yamyaş ayaqqabıları... hər şey, hər şey gözümün qabağındadır. İndi bütün bunları yaza-yaza, yanıb tökülürəm. Çünki, ha yaddaşımı qurdalayıram, heç nəyi xatırlaya bilmirəm, heç nəyi - necə sağollaşdıq, necə ayrıldıq... Bu gün min dənə söz quraşdırıb yazmaq olar. Həssas oxucu, ən azı, Banişevskiyə xatir, heç nə deməz, bilirəm. Ancaq mən bunu eləmərəm. Heç vaxt eləmərəm. Ona görə ki, mən Banişevskini çox sevirdim. İndi də çox sevirəm. Çünki, o, Azərbaycana bir dünya şöhrət gətirib. Harda Banişevskinin adı çəkilibsə, orda Bakıdan, Azərbaycandan danışıblar. Banişevski Azərbaycanın ən böyük azərbaycanlılarından biri olub. Televizorun qabağında oturub, maykasının sinəsində “SSSR”, kürəyində ən “bərkgedən” “9” nömrəni görəndə, həmişə fərəhdən sinəmiz qabarırdı. Qürurlanırdıq. Az qala, başımız göylərə dəyirdi. Banişevski adında milyon adın işığı vardı. Biz də bu adın işığına uçardıq...

Ara-sıra Rusiya televiziyasında SSRİ yığma futbol komandasının ovaxtkı oyunlarını göstərirlər. Baxıram, həmin cavan Banişevskidir. Elə bilirəm, yaddaşımdan ekrana adlayıb. Kövrəlirəm, çox kövrəlirəm. Sonra da, öz-özümə bir təskinlik verirəm: şimşək çaxanda, adamın gözlərini qamaşdırır. Elə Banişevski də, şimşək kimi az, lakin parlaq bir ömür yaşadı...

Hazırladığım o on beş dəqiqəlik telesüjetdən bir fraqment dəqiq yadımda qalıb. Çünki, ona baxanda özüm də çox kövrəlmişdim. Təsəvvür edin: kadrda yaşıl meydançada ağır-ağır addımlayan Banişevski. Kamera bomboş tribunaları, qol vuran futbolçuların soyadları yazılan iri işıq tablosunu panoram edir (Banişevskinin adı bu tablonu çox bəzəyib). Və bu kadrların arxasından məşhur futbol şərhçisi Valid Sənaninin şirin səsi gəlir: “Top Banişevskidədir. O, bir müdafiəçini keçir, ikincisini aldadır. Banişevski qapıya yaxınlaşır. Banişevski! Zərbə! Qol!!!”  Azarkeşlərin qol sevincindən, uğultudan, az qala, ekran titrəyir. Təkrar edirəm: kadrda isə yorğun, vaxtından tez yaşlaşan Banişevski və boş tribunalar  görünür... 

 

Bu telesüjet saat 20:30-da efirə getdi. Ertəsi gün iş telefonuma zəng gəldi. Banişevskinin həyat yoldaşı idi. Demək olar ki, ağlaya-ağlaya danışırdı: “Bilirsiz, bizə nə qədər adam zəng çalıb, nə qədər kömək eləmək istəyən var? Fikirləşirəm ki, bankda bir hesab açım onun adına. Çox sağ olun... Amma, - səsi titrədi, -gecdi”.

 

Mən bu telesüjetin sonunda tamaşaçılara, daha çox bizim nəslin nümayəndələrinə müraciət edirdim ki, zamanında Azərbaycanın adını ucalara qaldıran Anatoli Banişevski xəstədir, ona kömək lazımdır. İndiki dillə desəm, həyəcan təbili çalırdım. Yadıma gəlir, köməklə bağlı mətni müşayiət edən kadrların üstündə təkrar-təkrar Banişevskinin ev telefonunun nömrəsini vermişdim...

        

Daha heç nə...

 

 

P. S. Bu balaca şeiri keçən il yazmışam - Anatoli Banişevskinin xatirəsinə:

 

O gün “Gənclik”dən,

stadionun yanından keçirdim.

Qulağıma səs gəldi,

tribunalar qışqırırdı:

“Tolik! Tolik!”

Gördüm, top səndədir,

yel kimi gedirsən

rəqib qapısına doğru,

ürəyimiz də arxanca,

gözlərimiz də sənin

işıqda bərq vuran

qızıl başında....  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 954
avatar

Kulis Canıyev

Oxşar yazılar