Anama məktub
06 mart 2015 17:15 (UTC +04:00)

Anama məktub

Ana, ay ana…

 

Bilirsən, nə vaxtdır ürəyimdəkiləri sənə demək istəyirəm. İstəyirəm biləsən ki, səni çox sevirəm, lap çox.

 

Yadındadı, biz balaca olanda nadinclik edib səni incidirdik. Çox zaman dərslərimizi oxumur, qab-qaşığı sındırır, qonşu uşaqlarla dalaşırdıq. Evi dağıdıb, aləmi bir-birinə qatanda isə, döyməyə əlin gəlməyib, bizi danlardın, tənbeh edərdin. Xəstələnib, bikefləyəndə səhərədək qayğılı baxışlarını, əlinin sığalını üzümüzdə, saçımızda hiss edirdik. Küçədə yıxılıb, dizlərimiz qanayanda, qoynuna sığınırdıq. Hələ dənizkənarı parka gedəndə, bizə təzə pal-paltar geyindirib, “bir fırlan görüm”-deyə böyüməyimizlə necə də fəxr edirdin. Bütün olub keçənlər analı günlərimdən, şirin xatirələrdən soraq versə də, məktubu sənə yazmaqda məqsədim “Analar günü”nü xatırlatmaqdı.

 

Heç yadımdan çıxmaz. Balacaydım, məktəbə təzə-təzə gedirdim. Bütün uşaqlar kimi mən də böyük qardaşımla “8 Mart” Qadınlar bayramı münasibəti ilə anamıza hədiyyə axtarırdıq. Daha doğrusu, qardaşımla artıq bir aydan çox idi ki, bizə verilən məktəb pullarını, 20 qəpiklikləri yığırdıq. Nəhayət, min bir əziyyətlə 10 manata kimi pul yığdıq. Sevincimizin həddi-hüdudu yox idi. Səhərə kimi gözümüzün birini yumub, birini açdıq. Qardaşımla mən bir bəhanə edərək evdən çıxıb univermağa doğru cumduq.

 

Bu həmin vaxtlar idi ki, küçə alveri Bakıya təzəcə ayaq açırdı. Kiminsə yerdə oturub, nəsə satmağı hamı kimi bizə də qəribə gəlirdi. Nə isə, mətləbdən, deyəsən, uzaqlaşdım. Yolda daşın üstündə yaşlı bir qadın  yerə böyük, sellofan paket salmışdı. Üstü al-əlvan qadın köynəkləri və min-bir xırdavat ilə dolu idi. Qardaşımla xısınlaşıb, bu alverçi qadından nəsə almağı qərarlaşdırdıq.

 

O, çətinlik çəkdiyimizi görüb, əvvəl pulumuzun olub – olmadığını soruşdu. Qadın biləndə ki, pulumuz var, canfəşanlıq etməyə başladı. Məqsədimizi bilib  hərəmizə bir-iki yağlı tərif yapışdırdı. Və nəhayət, mavi rəngli bir köynəyi kağıza büküb bizə uzatdı. Sevincək evə tərəf qaçırdıq. Elə bil ki, aldığımızı oğurlamışdıq. Köynəyi birtəhər gizlədib səhəri anamıza verməliydik. Həyəcanlı idik, anamızı düşünür, necə sevinəcəyini gözümüz önünə gətirir, fərəhlənirdik...

 

Nəhayət, səhər açıldı. Anam mətbəxdə yumurtalı çörək bişirirdi. İki bacı və iki qardaş həyətdən, alaq otlarının içindən dərdiyimiz xırda, sarı gülləri və kağıza bükülmüş köynəyi anamıza verib xorla qışqırdıq.

 

- Ana, bayramın mübarək! Bunu sənə öz pulumuzla almışıq (Guya ki, biz pul qazanırdıq).

 

Mənim kövrək qəlbli anam!

 

Bilmirəm, yadındadı, ya yox, ana, sən ağlayırdın, elə ürəklə bizi öpüb ağlayırdın ki, biz qızlar da sənə qoşulub ağladıq. Sevincdən elə yanımızdaca köynəyi əyninə keçirib geyinmək istəyəndə, bir himə bəndmiş kimi ətəkdən yuxarı süzüldü. Qardaşımla pərt olsaq da, sən gülməkdən uğunurdun. Bizi bir-bir öpür, gah gülür, gah da ağlayırdın. Onda başa düşmürdük ki, sən niyə ağlayırsan. İndi isə...

 

Dördümüz də böyümüşük, ailə sahibiyik. İndi o günləri xatırlayıb sənə məktub yazmaqla bütün anaları təbrik etməkdi arzum.

 

Bayramınız mübarək!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1057
avatar

Kulis Canıyev

Oxşar yazılar