Alman rəssamı İnqa Şmidtin yaradıcılıq sərgisi açılıb
27 may 2013 21:49 (UTC +04:00)

Alman rəssamı İnqa Şmidtin yaradıcılıq sərgisi açılıb

Bu gün Muzey Mərkəzində Alman rəssamı İnqa Şmidtin “Həyatın rəngləri” (“Colours of Life”)  adlı fərdi yaradıcılıq sərgisinin açılışı keçirilib. Bu barədə APA Mədəniyyət və turizm nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

 

Sərginin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri, rəssamlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan nazir Əbülfəs Qarayev bu sərginin 29 may – 1 iyun 2013-cü il tarixində  Bakıda keçiriləcək II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan ilk mədəni layihələrdən biri olduğunu qeyd edib, İnqa Şmidtin yaradıcılığından və  sərginin əhəmiyyətindən danışıb. Nazir qeyd edib ki, İnqa Şmidt dünyanın müxtəlif ölkələrindən olan fərqli düşüncə tərzinə malik  insanların bədii obrazları vasitəsi ilə mədəniyyətlərarası dialoqa öz töhfəsini verib.

 

Daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, akademik Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov çıxış edərək İnqa Şmidtin yaradıcılığının bədii xüsusiyyətlərindən danışıblar. İnqa Şmidt onun yaradıcılığına verilən önəm və sərginin təşkilinə göstərilən dəstəyə görə təşəkkürlərini bildirib.

 

Qeyd edək ki, İnqa Şmidt 1978-1983-cü illərdə Almaniyada İncəsənət Kollecində Rəngkarlıq və Qrafika ixtisası üzrə təhsili alıb. 1984-cü ildə Şərqi Almaniyadan Qərbi Berlinə köçüb. 1985-1988-ci illərdə Berlin İncəsənət Kollecində rəngkarlıq təhsili alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 877
avatar

Oxşar yazılar