Oktyabrın 20-də “YUĞ” Dövlət Teatrında R.Akutaqavanın “Cəngəllikdə” novellası əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” adlı tamaşa növbəti dəfə oynanılacaq.
Lent.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Tamaşada Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edəcəklər. Tamaşanın janrı postmodern oyun kimi müəyyənləşdirilib.
Rejissor tamaşanın yozumu barəsində belə deyir:
“Mütləq həqiqət yoxdur. Nə irrasional, nə mistik, nə intuisiya, nə fideizm prinsipi burada əsas götürülə bilməz. Heç yerdə həqiqət birmənalı deyil. Hadisəyə hər baxış bucağında bir həqiqət var. Kimsə əksini sübut edə bilmədiyi kimi, əslində, baş verənlərin tam sübutu da mümkün deyil. Hadisə var - müəmmalı bir qətl. İştirakçılar qiyabi və əyanidir. Həqiqət isə iştirakçıların sayı qədərdir. Əsər detektiv təsiri bağışlasa da, daha çox fəlsəfi metaforik üsluba meyillidir. Cəngəllikdə bir ölüm, bir zorlanma hadisəsi baş verib. Əsas sual ortadadır. Kim kimi öldürüb? Bu suala üç müxtəlif cavab-yanaşma var. Cavab-həqiqət isə yoxdur. Əslində, hadisə necə baş verib? Tamaşada bu suala cavab axtarılır. Bu axtarışda tərəflərin və insan sifətlərinin kəşfi baş verməlidir. Sonuc isə yenə də eyni... birmənalı həqiqət yoxdur. Hətta intersubyektiv həqiqət mütləq həqiqətə çatmır”.