Avqustun 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış florist, əməkdar artist Suğra Bağırzadənin “Suqranın solmaz çiçəkləri” adlı sərgisi olub. Lent.az-ın məlumatına görə, 3 gün davam edəcək “Floristika” mövzusunda fərdi-yaradıcılıq sərgisində S. Bağırzadə ilə yanaşı tələbələrinin də əl işləri nümayiş olunur.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Milli Məclisin deputatı Qənirə Paşayeva, xalq şairi Fikrət Qoca və digər mədəniyyət xadimlərinin də iştirak etdiyi sərgidə S. Bağırzadə ünvanına xoş sözlər səslənib.
“Onun qəlbi rəssam qəlbiydi. Ona görə də axırı gəlib çıxdı rəssamlığa. İnsan arzularından qaça bilmir. Tez-gecə gəlib çıxacaq yerinə”, deyən F. Xəlilov S. Bağırzadəyə gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra çıxış edən Ə. Vəliyev Suqra xanımın əl işləri ilə bu günə qədər tanış olmaması üçün peşmançılıq çəkdiyini deyib: “Məzuniyyətdə olduğum üçün bu sərgidə iştirak etmək qismət oldu. Sərginin başlamazdan bir saat əvvəldən gəldim, əl işləri ilə tanış oldum. İndiyə qədər bu gözəllikləri görmədiyim üçün özümü çox qınadım. Onun kinostudiyada olan əl işləri ilə elə kinostudiyaya gedib tanış olacağam. İnanıram ki, rəssamlıq üçün müasir olan bu sahənin nümunələri Azərbaycandan uzaqda da sərgilənəcək”.
Q. Paşayeva Suqra xanımın emalatxanasının olmamasından danışıb: “Onun kino studiyada balaca otağı var. Suqra xanım kiçik otağından böyük dünya yaradıb. Amma biz arzu edirik ki, “Floristika” məktəbinin bir emalatxanası olsun. Bunun üçün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən xahiş etmişik. Bu sahə üzrə onun yaratdığı “Floristika” məktəbi bir ilkdir. O beynəlxalq sərgilərdə öz cibinin pulu, dostlarının dəstəyi ilə iştirak edir. İnşallah, yaxın bir zamanda bu məktəbin emalatxanası da olar”.
Çıxış edən xalq şairi Fikrət Qoca S. Bağırzadəni möcüzə olduğunu deyib: “Təbiətin ən böyük möcüzəsi olan güllər, çiçəklərdi. Amma mənim bacım Suqra özü bir möcüzədir ki, güllər öləndən sonra onları dirildir. əbədi edir”.
Sonda çıxış edən Suqra Bağırzadə sərgi haqqında məlumat verib. O floristikanı incəsənətin çətin növü adlandırıb: “Sərgidə 70 yaxın əsər nümayiş etdirilir. Artıq mən “Floristika incəsənətə dəstək” cəmiyyətini yaratmışam. Sərgidə 12 şagirdimin əl işləri də nümayiş etdirilir. Bu əsərlərin yaranması üçün maddi vəsait tələb olunur. Bizə dəstək olan hər kəsə minnətdaram. Yalnız divardan asılan əsərlər mənimdir. Qalanları şagirdlərimin əl işidir”.
Azərbaycanda artıq 9-cu sərgisini təşkil edən S. Bağırzadənin əl işləri indiyə qədər Fransa, İngiltərə, Malazya, Yaponiya, Yeni Zellandiyada keçirilən sərgilərdə nümayiş olunub. Sentyabrın 11-də də o, Xorvatiyaya yola düşəcək.
Adilə Məmmədova S. Bağırzadənin şagirdlərindən biridir. Əsl ixtisası stomatoloq olsa da, Adilə xanım floristika ilə məşğul olmağıı sevir: “Artıq üç aydır hobbi olaraq bu işlə məşğulam. Özüm həkiməm. Sərgidə 15-ə yaxın əl işim var. İnsanlar əl işlərimi bəyəndikcə, fərəhlənirəm, daha da həvəslənirəm”.
Adilə xanımdan fərqli olaraq Arzu Mürvətovanın öz peşəsi rəssamlıqdır: “Rəssamlıq Akademiyasının magistr pillə üzrə təhsil almışam. Bir neçə dəfə sərgilərdə iştirak etmişəm. Lakin floristika sərgisində ilk dəfədir. Sərgidə 2 floristik, 2 də rəssamlıq əl işim var.
S. Bağırzadə sərgidə şagirdlərini diplomla təltif edib.
Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.