Prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 2001-ci il iyunun 30-da Bakının Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə icraat təzələnərək Nəsimi rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri icra olunub.
Keçirilən çoxsaylı tədbirlər, o cümlədən aparılmış dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib və cinayətin açılması təmin edilib.
Toplanmış sübutlarla 50 yaşlı, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Zeynalov 20 oktyabr 2026-cı ildə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Oktyabrın 22-də R.Zeynalov Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Nəsimi rayon prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.
***
21 oktyabr, saat 19:29
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi tədbirlərlə 2001-ci il iyunun 30-da Nəsimi rayonunda Həqiqət Məmmədovanı qətlə yetirən şəxs müəyyən olunub.
Qətli törədən 50 yaşlı Rövşən Zeynalov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.