Qoz, fındıq və badamın keyfiyyətini uzun müddət qorumaq üçün onları düzgün şəraitdə saxlamaq vacibdir. Saxlanmağa yalnız sağlam və tam yetişmiş məhsullar ayrılmalıdır.
Lent.az xarici mediaya istinadla qoz və fındığın saxlanması zamanı diqqət edilməli məqamları açıqlayıb.
Yalnız sağlam və yetişmiş məhsulları seçin
Qozun yetişdiyini göstərən əsas əlamətlərdən biri xarici yaşıl qabığının çatlamasıdır. Bu mərhələdə sərt qabıq artıq qəhvəyi rəng alır və quruyur.
Xəstəlik əlamətləri olan, ləkəli və zədələnmiş məhsulları yığım zamanı ayırmaq lazımdır. Əks halda saxlanma dövründə kif və çürümə yarana bilər. Bitkilərə vaxtında və düzgün qulluq edilməsi bu problemlərin qarşısını almağa kömək edir.
Quru və havalanan yer seçin
Qoz və fındıq quru, yaxşı havalanan, kif və rütubət qoxusu olmayan yerdə saxlanmalıdır. Məhsulu gəmiricilərdən qorumaq da vacibdir.
Onları yeşiklərə nazik təbəqə şəklində yaymaq, yaxud hava keçirən kisə və torlara yığmaq olar. Nəşrin məlumatına görə, saxlama üçün optimal temperatur müsbət 5–10 dərəcədir. Uyğun şəraitdə qabıqlı qoz və fındıq keyfiyyətini bir neçə ay qoruya bilər.
Ləpəni uzun müddət saxlamaq üçün dondurun
Qabığı təmizlənmiş qoz və fındıq ləpəsi qida güvələrini cəlb edə bilər. Buna görə onları qış boyu otaq şəraitində saxlamaq məsləhət görülmür.
Nəşr uzunmüddətli saxlama üçün ləpələrin dondurulmasını tövsiyə edir. Bu üsul məhsulu zərərvericilərdən qorumağa və keyfiyyətini daha uzun müddət saxlamağa kömək edir.