Belə bir söz var el arasında. Sağlığında Kor Fatma, öləndən sonra badam gözlüm. Sağlığında dəyər verilməyib, öləndən sonra haqqında gözəl sözlər işlədilən adamlar haqqında belə deyirlər.
İki gün öncə Xalq artistimiz Azərpaşa Nemətov rəhmətə getdi. Hələ torpağa qoyulmamış, üstü örtülməmiş mərhumun barəsində sənət adamları arasında söhbətlər gəzdi, qalmaqallar başladı. Sevənləri də, sevməyənləri də dil açdı. Küsülü olduğu sənətkarlar hərəsi bir formada hüznünü, təəssüfünü, ümumiyyətlə fikrini bildirdi.
Ağır danışanlar da oldu, ağır danışanlara qarşı ağır fikir bildirənlər də. Bir nəfər isə müzakirələrə son qoymaq üçün dedi ki, ölənin dalınca danışmazlar.
Fikrim mərhum Azərpaşa Nemətovu tərif, tənqid etmək deyil. Gördüyü böyük işlər də var, könlünü qırdığı adamlar da. Hamı kimi, o da ideal deyildi, xətaları da var idi, uğurları da. Təbii ki, hamıya yaxşı ola bilməzdi.
Demək istədiyim başqa şeydir. Həqiqətən ölənin dalınca danışmazlar? O ölən (əsla mərhum Xalq artistini nəzərdə tutmuram) bu dünyada mövqeyindən, vəzifəsindən sui - istifadə edib insanları incidibsə, heç kim ona söz deməyə cəsarət etməyibsə öləndən sonra da deməsinlər? Elədikləri yanına qalsın? Bu dünyada da kef eləsin o tərəfdə də? Bəlkə heç axirət yoxdur və mərhumun cəhənnəmdə “ağıllanması” ümidi də sıfırlanırsa, onda necə?
Belə çıxır, kim güclüdürsə, xarakteri kobuddursa sağlığında bildiyi kimi özündən zəifləri incidə bilər, öləndə də hamı dalınca “badam gözlüm, mələk ürəklim” deyər, məsələ bitər.
Ölüm insanı müqəddəsləşdirmir.
İnsan sağlığında rəhmət qazanmalıdır. Öləndən sonra insandan geriyə qalan tək şey əməlləridir. Rəhmət qazandıran əməllər yoxdursa, haqqını halal edib - etməmək, yaxşı - yaman fikir bildirmək hər kəsin öz işidir.
Biz tabutunun arxasınca göz yaşları içində minlərlə insan gedən ölüləri də gördük. Nə vəzifələri var idi, nə dövlətləri. Sadəcə İNSAN idilər.