"Erməni vəkil dedi, məhkəməyə versən, qalib gələcəksən" - Xalq artisti ilə  MÜSAHİBƏ
04 dekabr 2025 11:01 (UTC +04:00)

"Erməni vəkil dedi, məhkəməyə versən, qalib gələcəksən" - Xalq artisti ilə MÜSAHİBƏ

0

Xalq artisti Rafiq Əzimov APA-nın “Əsrin yaşıdı” layihəsində

Layihənin səkkizinci yazısı

Dosye: Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq teatrın səhnəsində çalışır. Yüzə yaxın tamaşada, onlarla filmdə rol alıb. 1982-ci ildə Əməkdar, 2000-ci ildə Xalq artisti adlarını alıb, 2018-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Mən görəndə Rafiq müəllim teatrın foyesində televiziyalardan birinə verdiyi müsahibəni yekunlaşdırmaqdaydı. Müsahibə bitir və biz teatrın labirint dəhlizləri ilə onun otağına gedirik ki, rahatca söhbət edək. Düzü, yol boyu düşünürdüm, Azərbaycan teatrının bu qocaman sənətkarına nə sual verim ki, təkrarçılıq çıxmasın? Axı deyiləcəklərin çoxunu deyib, danışılacaqların çoxunu danışıb Rafiq müəllim. Görəsən, dağarcığında mənim üçün təzə bir şey saxlayıbmı?

Otağın qənşərinə çatırıq və o, cibindən çıxardığı açarı eynəksiz filansız, heç bir çətinlik çəkmədən qapı kilidinə salıb bəlkə də yarıməsrlik əl vərdişi ilə burur, otağın qəhvəyi qapısı açılır. Güzgülərin ətrafını saran ağ işıqların parlaqlığı gözlərimi qamaşdıranda bayaqdan qəlbimi bürüyən qayğı çəkilir. Mənə elə gəlir, üzümə təkcə hansısa qrim otağının qapısı açılmır, Rafiq Əzimovun içi xatirə ləl-cəvahirləri ilə dolu yaddaş mağarasının da sirri çözülür. Ürəyimə sərin sular səpilir...

Hə, bax, indi Əlibaba fərasətini işə salıb sehrli məkana girmək olar... Vəzndə yüngül, qiymətdə ağır nə götürsən, qənimətdir...

- Bura sizin otaqdır?

- Bəli. Rəhmətlik İsmayıl Osmanlı bu qrim otağında oturub. O rəhmətə gedəndən sonra mənə verilib. Onun teatrda oynadığı rolların doxsan faizini də mən oynamışam.

- Bu boyda otaq elə tək sizə baxır?

- Sən gəlməmişdən qabaq televiziyaya Səməndər Rzayevdən danışırdım. O, düz sən dayandığın yerdə otururdu. 1980-cı ildə “Şəhərli biçinçilər” filminin Qəbələdə çəkilişlərində idik. Avqust ayının 2-də Rafael Dadaşov Bakıdan gəldi, dedi ki, xəbəriniz var, Tofiq Kazımov qəza törədib. Soruşduq vəziyyəti necədir? Dedi ölüb. Biz hamımız dəhşətə düşdük, bir ay sonra sentyabrda teatra gəlmişik, yeni mövsüm açılıb. Tamaşadan çıxmışıq. Mən orda (əli ilə otağın küncündəki əlüzyuyanı göstərir) əl-üzümü yuyuram. Səməndər də burada başıaşağı oturub. Dəsmalla üzümü siləndə gördüm tərpənmir, qorxdum, elə bildim, ürəyi tutub, çiyninə toxunub dedim: “Səməndər, Səməndər, Səməndər!” Başını qaldırıb mənə tərəf döndü (başı ilə hərəkəti təkrarlayır), gördüm gözləri dolub. Dedi, Əzimov, teatr mənim üçün qurtardı. Doğrudan da altı ildən sonra rəhmətə getdi. Amma o altı ildə içkiyə aludəçiliyi bir az da artdı.

- Əvvəldən də möhkəm içən olub.

- Mən içki barədə danışmaq istəmirəm.

O vaxt bir erməni vəkil mənə dedi, sən məhkəməyə versən, qalib gələcəksən

- Qəbul edək ki, içki sənət, yaradıcı adamların həyatının tərkib hissəsidir. Görünür, ayıq başla bəzi məsələləri dərk etmək mümkünsüzdür.

- Gərək qədərini də biləsən. Səməndəri hamıdan çox istəyirdilər. Harasa ezamiyyətə gedəndə balon-balon spirt, konyak gətirirdilər. Bir dəfə hansısa rayonda çəkilişdə idik. Səhər tezdən yemək hazırlamışdılar. Süfrədə daha nə yox idi: sıyıq, yağ, bal, qaymaq, yumurta... Səməndər “Şampan” butulkasını açıb başına çəkdi. Acıqlandım ki, gül kimi yemək hazırlayıblar. Dedi yanıram ə, yanıram. Bax, belə şeylər onu məhv elədi. Ona görə deyirəm ki, içəndə də gərək ölçüdən çıxmayasan. Mən demək olar, bütün aktyorlarla oturub-durmuşam, yemişəm-içmişəm, amma qədərində.

- Görünür, siz özünüzə “bəsdir” deyə bilmisiniz.

- Ay sağ ol.

- Amma onu çox adam deyə bilmir, xüsusən, dost məclislərində. Siz də Səməndər, Yaşar kimi “yeyib-içənlər”lə dost olmusunuz.

- Mənə, Yaşar Nuriyə, Səməndər Rzayevə, Əlabbas Qədirova doqquzuncu mikrorayonda ev vermişdilər, qonşu idik. Tez-tez görüşərdik. Bir söz deyim ki, mən onlardan bir az gec köçmüşdüm. Dördüncü mikrorayonda 29 kvadratlıq evim var idi. Mənə deyirdilər bu evi təhvil verməsən, yenisinə köçə bilməzsən. Mən də müdiriyyətə şikayət elədim ki, onsuz verdiyiniz ev 38 kvadratdır, mənim də iki oğlum var. Cəmi doqquz kvadrata görə təzə evə gedirəm? O vaxt bir erməni vəkil vardı, mənə dedi, sən məhkəməyə versən, qalib gələcəksən. Onun dediyi kimi elədim, uddum, hər iki ev özümdə qaldı.

- Erməninin sayəsində qalib gəlmisiniz.

- Hə. O deməsəydi, dördüncü mikrorayondakı evi təhvil verəcəkdim.

- O vaxt “Azdrama”da erməni aktyorlar var idi?

- Mən sizə başqa fakt deyim. 1964-cü ildə İrəvana qastrola getmişdik. Mən “Vaqif” tamaşasında Arşakı oynayıram, Mövsüm Sənani də Eldarı. Orda bir yer var, Mövsüm Sənani səhnədə arxası tamaşaçıya dağlara baxır, mən içəri daxil olan kimi deyir ki, Arşak, bir gəl yanan dərələrə bax. Mən də düşüb baxmaq istəyəndə tamaşaçı əl çalmağa başladı. İndi əl çalırlar, əl çalırlar, Mövsümü qoymurlar sözünü desin. Axırda məcbur olub səhnəyə çöndü, jestlə işarə elədi ki, sakit olun, tamaşamızı oynayaq. Onlar daha da gur əl çalmağa başladılar.

- Ermənilər?

- Ermənilər. İndi epizod qurtarıb, pərdə bağlanıb, səhnədən çıxmışıq, Mövsüm qaşının birini qaldırıb üstümə acıqlanır ki, ayə nə oyun çıxarırsan? Dedim, nə oyun çıxarıram? Qayıtdı ki, o nə əl çalmaqdır? Ermənilərin də Acemiyan adlı məşhur rejissoru vardı. O gördü ki, Mövsüm Sənani mənimlə höcətləşir, gəlib onu sakitləşdirdi ki, Mövsüm qardaş, bu ermənini oynayır, ona görə əl çalırlar.

- Ermənilər onda bizim tamaşalara baxır, bəyənirdilər?

- Hə, əlbəttə. O vaxtı o cür milli ayrı-seçkilik yox idi.

Frunzik Mkrtçyan Azərbaycan rəqslərini elə oynayırdı, deməzdin ermənidir

- Bakıda da ermənilərlə azərbaycanlıların arasında milli ayrı-seçkilik yox idi?

- Yox. Mənim o qədər rus, erməni yoldaşlarım olub.

- Mən eşitmişəm ki, ermənilərlə məhəllə-məhəlləyə davalar olurmuş.

- Məhəllə-məhəlləyə bizim də davalarımız olurdu. Mən Vidadi küçəsində, Cuhudlar məhəlləsində yaşayırdım. O qədər davalar olub. Amma bunlar heç biri milli zəmində baş verməyib.

- Demədiniz axı, “Azdrama”da erməni aktyor işləmirdi?

- Mən görməmişəm. Mənim Damğa Satirik Teatrım vardı. “Azərnəşr”in binasında tamaşalar göstərirdik. Direktor Nersisyan adlı erməni idi. Onunla bir dəfə də olsun problem yaşamamışdım. Özüm İrəvanda Frunzik Mkrtçyanla, Karen Abramyanla banketdə olmuşam. Azərbaycan rəqslərini elə oynayırdılar. Heç kənardan baxan deməzdi ermənidirlər. Yəni o dövrdə millətçilik yox idi.

- Azərbaycanlıları sıxışdırmaq, qeyri-millətlərə üstünlük vermək halları da olmurdu?

- Bəlkə də kimsə qarşılaşıb, amma mən görməmişəm. Mən özüm kasıbçılıqla böyümüşəm. Sabunçuda pasaj deyilən yer vardı.

- Mən Sabunçuda böyümüşəm, pasaj yadıma gəlir.

- Atam oranın anbarında işləyirdi. Zuğulbadakı “Bağırovski daça”dan bütün mer-meyvə ora gəlirdi, ordan da xəstəxanalara, pioner düşərgələrinə, uşaq evlərinə, istirahət evlərinə paylanırdı. Nələr yetişmirdi orda! Balon-balon xar tut kompotları gəlirdi...

- O mer-meyvə Bağırovun bağında onun üçün yetişdirilirdi?

- Aha. Orda yetişirdi, özləri nə yeyirdilər-yeyirdilər, qalanı da yeşiklərlə gəlirdi atamın anbarına.

- Siz özünüz Bağırovu görmüsünüz, yeri gəlmişkən?

(Qeyri-ixtiyari səsi qısılır, elə bil, o illərin xofu canında oyanır) necə?

- Bağırovu görmüsünüz?

(Eyni astalıqla) əlbəttə, görmüşəm.

- Harada?

(Səsi yüksəlir) paradda görmüşəm.

- Uzaqdan?

- Yox e, yaxından.

- Məhkəməsi yadınızdadır?

- O vaxtı uşaq idim, amma qəzetlərdə yazırdılar, ondan-bundan eşidirdik. Demişdi ki, məni öldürmək yox, məni şaqqalamaq lazımdır. Bizim o vaxt çox elə ağlımız kəsmirdi.

Rza şahın atamın dükanına borcu varmış

- Siz dediniz atanız Sabunçudakı pasajda işləyib. Müharibədən sonra olub bunlar?

- Mənim atam lap əvvəl İranda işləyib. Orada 18 il yaşayıb. Dükanı var imiş. Rza şahı görüb. Onda hələ şah deyilmiş, atamın dükanına borcu da var imiş. Nənəm Xorasanda rəhmətə gedəndən sonra atam Bakıya gəlib.

- Atanız əslən buralı idi?

- Əlbəttə. Atam Bakıya gələndən sonra böyük əmim onu qayıtmağa qoymayıb. O da burada evlənib. 1934-cü ildə Maarif adlı bir oğlu olub, tez rəhmətə gedib, görməmişəm. 1935-ci ildə böyük qardaşım Arif, 38-ci ildə də mən anadan oldum. Atam mənim adımı Tofiq qoyub. Anamın bir xalası oğlu vardı, leninçi, düzgün partiyaçı adam idi. Atama deyib ki, sən nə edirsən, başın xarabdır, oğluna Tofiq Paşanın (Osmanlı imperiyasının sonuncu sədrəzəmi Əhməd Tofiq Paşa – M.A.) adını qoymusan? Özü də repressiya dövrü. Nə isə atamı qorxudub. O da adımı dəyişib Rafiq qoyub. Sonra 48-ci ildə başqa bir qardaşım dünyaya gəldi, atam ağrısı ürəyində qalmasın deyə ona Tofiq adını verdi. Hə, deməyim odur ki, atam müharibəyə gedəndə elə Sabunçuda işləyirdi, onu anamın xalası oğlu işə düzəltmişdi. 41-ci ildə müharibəyə getdi, 47-ci ildə müharibədən qayıtdı, eyni işə bərpa olundu.

- Niyə elə gec qayıtmışdı?

- Nə bilim? Anamgil falçıya kimi gedib baxdırmışdılar. Mənim böyük əmim oğlundan qara kağız gəlmişdi, üçkünc məktub, o yadımdadır. Həsənağa adlı uzaq qohumumuz vardı, bizim həyətdə yaşayırdı, elə öz məhəlləmizdən nişanlanıb müharibəyə getmişdi. Əminə adlı həmən qız da bir zabitlə evlənmişdi, Həsənağanı gözləməmişdi. Nişanlısı əsgərlikdə ola-ola başqasına ərə getdiyinə görə, məhəllədən keçəndə hamı onun üzünə tüpürürdü, dindirmirdilər.

- Siz də Əminəyə pis baxırdınız?

- Biz də uşaq idik də, əlbəttə. O da ərinin qoluna girib forsla yanımızdan keçirdi.

- Çingiz Aytmatovun “Cəmilə” povestinə bənzədi.

(Gülür) hə. Həsənağa müharibədən gəldi. Bibisindən soruşdu ki, Əminə nətərdi? Hamımız susub gözləyirdik, görək nə olacaq. Birdən bibi qayıtdı ki, Allah onun belini sındırsın, sındırdı bizim belimizi. Sən inanırsan ki, o Həsənağanın saçları iki dəqiqə içində ağardı. Özü də ali savadlı idi, müharibədən gələndən sonra vəzifə verdilər.

- Əminəyə, yaxud zabitə heç nə eləmədi?

- Yox. Nə edəcək? Sonra başqası ilə evləndi.

Sinif rəhbərimiz qayçı ilə saçımı kəsdi, ondan sonra bu müəllimdən zəhləm getdi

- Rafiq müəllim, danışırsınız sizə baxıram. Yəqin belə bir sual versəm, inciməzsiniz.

- Rahat ol, sözünü de.

- Saçlarınız həmişə belə uzun olub, yoxsa sonradan uzatmısınız?

- Mən uşaqlıqdan uzun saç saxlamağı sevmişəm. Bu mənə tamaşada uzun saçlı rolları oynamağa kömək edir. Bax (yaradıcılığına həsr olunmuş qalın bir kitabı açıb oradakı şəkilləri göstərir), görürsən? “Xurşudbanu Natəvan” tamaşasındandır, saqqal taxıram, saçlar kömək olur. Bu da “Baş” tamaşası.

- Rol üçün saçlarınızı kəsərsiniz?

- Yox, qətiyyən. Mən məktəbdə oxuyanda uzun saç saxlamağa qoymurdular, mən isə höcət edirdim, uzun saxlayırdım. Hətta bir dəfə Şəfiqə adlı sinif rəhbərimiz qayçı gətirdi, saçımı burdan (əli ilə göstərir) kəsdi. Heç bir şey eləmək olmazdı, ya gərək şapka qoyaydım, ya da keçəl qırxdıraydım.


Mən də getdim acıqca keçəl qırxdırdım. Bu, aşağı siniflərdə olub. Ondan sonra bu müəllimdən zəhləm getdi. Sonra yenə saxladım. İnstituta daxil olanda da saçlarım var idi.

- Bilirsiniz niyə soruşuram? Ötən əsrin 60-70-ci illərində SSRİ-yə hippi mədəniyyətinin gəlişi ilə uzun saç dəbə mindi. Dedim bəlkə siz də o təsirə düşmüşünüz.

- Mən o vaxtları rəqs meydançalarına getməyi çox sevirdim. Qızlarla rəqs edim. O qızların çoxu da rus olurdu.

- Azərbaycanlı qızlar, deyəsən, elə yerlərə çox getmirdilər.

- Yox, azərbaycanlı qızların rəqs meydançalarına gəlməyinə pis baxırdılar. Ora gələn qızların əksəriyyəti ya rus, ya da qeyri-müsəlman millətlərin nümayəndələri olurdu.

- Qızlarla tanış ola bilirdiniz?

- Məlum məsələdir. Görüş təyin edirdik (gülür). Qabaq hərdən bir bu sualları mənə yoldaşım verirdi. Mən də gizlətmirdim. Cavan uşaqlardıq, yığışırdıq gedirdik.

Zirzəmidə yaşayırdıq, ikinci mərtəbədəki erməni ayaqlarını döyə-döyə gəzirdi

- Elə bil sovetlərin müharibədən sonrakı illəri nisbətən firavanlıq olub.

- Aclıq olsa da, camaat xoşbəxt idi. Atam əsgərlikdən gələndən sonra bizim ailənin dolanışığı bir balaca başqalarından fərqləndi. Camaatda yeməyə nəsə olmayanda bizim evə mer-meyvə gəlirdi, qohum-əqrəbaya da paylayırdıq.

- Hərənin bir dənə kostyumu vardı, amma...

- Nə kostyum, kostyum nədir? Bu ondan paltar alıb geyinirdi, o bundan. Bu onun ayaqqabısını geyinirdi, o bunun ayaqqabısını geyinirdi.

- Atam danışır ki, qardaşı ilə ikisinə bir dənə çəkmələri var imiş, qardaşı məktəbdən gələndə yolda dəyişirmişlər, atam geyinib ikinci növbə dərsə gedirmiş.

- Hə, eləydi. Heç kəs də utanmırdı. Xəcalət çəkmirdi. Bizim məhəllədə cuhud var idi. Onun uşaqlarının üçtəkər velosipedi vardı, biz ona həsrətlə baxırdıq. Hə, onların yaşayışı bizimkindən nisbətən yaxşı idi. Amma qalanlar heç bizdən seçilmirdilər. Özü də biz zirzəmidə yaşayırdıq, ikinci mərtəbədə arvadı və qızı ilə bir təyyarəçi qalırdı, əməlli-başlı faşist idilər. Onlar evdə çəkmə ilə ayaqlarını döyə-döyə gəzəndə biz aşağıdan tavana “şvabra” ilə vurardıq ki, bəsdirin.

- Niyə elə gəzirdilər?

- Bizi incitmək üçün. Azərbaycanlı olduğumuza görə edirdilər. Kişi erməni, arvadı rus idi, amma şovinistindən. Bir az qızı mülayim idi, pilləkəndə filan görəndə salam verirdi.

Havasızlığı bəhanə edib Rafiq müəllimə bayıra çıxmağı təklif edirəm. Fotoqrafımız üçün də özünü sınamaq imkanı olsun, yaxşı şəkillər çəksin. Fağır dar-dalış otaqda nə qədər ora-bura hərlənəsidir? Xülasə, qrim otağından çıxıb teatrın arxasındakı həyətə gəlmişik. Burada gəzişə-gəzişə söhbətimizə davam edirik.


Şurik məni görən kimi qayıdasan ki, bay, bay, bay, öz-özümə dedim, bu məni hardan tanıyır?

- İstər teatrda, istər kinoda saysız-hesabsız rollarınızın olmasına baxmayaraq, sizi həmişə görənlər ilk növbədə “Yeddi oğul istərəm” filmindəki Şahsuvar rolunuzu xatırlayır. Elə bilirəm bir əsərinin, bir rolunun hədsiz sevilməsi müəyyən dövrdən sonra yazıçını, aktyoru, sənətkarı qıcıqlandırır. Siz necə düşünürsünüz?

- Nə bilim? Məni bu rola görə çox sevirlər.

- Siz özünüz bundan razısınız?

- Vallah razıyam, ona görə ki, mənim çəkildiyim ilk film “Lenfilm”in istehsalı olub. O da təsadüfdür. Teatra məşqə gəlirdim, bax, burdan keçirdim (dayandığı yeri göstərir),

\

gördüm bir qadın mənə yaxınlaşdı. Məndən soruşdu ki, filmdə çəkilmək istəyərəm? Dedim, hə. O məndən xahiş etdi ki, kinostudiyaya yaxınlaşım. Nə isə ora getdim. Dəhlizdən keçirdim, gördüm həmən arvad qapıdan çıxdı, mənim qoluma girdi, otağa apardı. Otaqda beş-altı nəfər vardı. Birdən qayıtdı ki, bu da bizim Əli dayı. Sonra mənə ssenarini verdilər. Ssenarini oxuyandan sonra “Azərbaycan” mehmanxanasına getdim. Orada rejissorla görüşəsiydim. Əminə Yusifqızı da mənim arvadım rolunda çəkilirdi.

- Allah rəhmət eləsin.

- Ölməyib ki, ölüb?

- Hə, qırxı təzə çıxıb.

- Hə, hə.

- Xəbəriniz olmayıb?

- Oldu. Sadəcə yasına gedə bilmədim. Hə. Ssenarini oxuyandan sonra Əminəyə dedim ki, gəl rejissorla görüşə bir yerdə gedək, pay-parça da alarıq. Nə isə onun işi çıxdı, özüm iki butulka kəmşirin alıb “Azərbaycan” mehmanxanasına getdim. Qapını döydüm. Rejissor məni qarşıladı. Gördüm bir nəfər də ayağını uzadıb pəncərədən baxır. Bu qayıtdı ki, Saşa, tanış ol. Saşa döndü. Gördüm Şurik, “Operasiya I”dakı Şurik. Məni görən kimi qayıdasan ki, bay, bay, bay. Öz-özümə dedim, bu məni hardan tanıyır? Demə əlimdəki çaxırı görüb sevinibmiş. Çaxırı əlimdən alıb açdı, süzdü, tanışlığımızın şərəfinə içdik.

- Filmdə Şurik də çəkiləcəkdi?

- Şurik də çəkiləcəkdi, Ludmila Qurçenko da. Film müharibə vaxtı Bakıda ruslarla azərbaycanlıların münasibətindən bəhs edirdi. Çəkilişdə üç-dörd yaşında bir uşaq lazım idi. Mənim böyük oğlum Eldarı çəkdilər. İndi altmış yaşı var.

- Hə, bilirəm, deyəsən, gömrük sahəsində çalışır.

- Haradan bilirsən?

- Oğlunuz vəzifəyə təyin olunanda saytlar yazmışdılar.

- Hə, olar. Dördüncü mikrorayonda olan evi Eldara, doqquzdakı evi isə kiçik oğluma verdim. Yoldaşımla özüm birotaqlı evə gəldim. Divar qonşum da rəhmətlik Qənirə Paşayeva idi. Bir dəfə dəm qazından zəhərləndim. Yoldaşım yıxılmağımı eşitməsəydi, ölmüşdüm. Xəbər tutdular. Rəhmətlik Qənirə xanım da gəlmişdi. Ondan sonra mənə Prezident ev verdi.

İki aktrisanın etirazına görə “Əməkdar artist” siyahısından adımı pozublar

- Deməli, sizə sovet dövründə iki dəfə, müstəqillik dövründə də bir dəfə ev verilib.

- Bəli. Birinci dəfə mənə ev verilməsi necə oldu? 1964-cü ildə Səadət Sarayında toyum oldu. Toy da nə toy, Həsən Seyidbəyli tamada idi. Barat Şəkinskaya, Əliağa Ağayev, Həsən Məmmədov - başqaları iştirak edirdilər. İçərişəhərdə atamgillə, qardaşımla bir yerdə qalırdıq. Mənə bir otaq vermişdilər. Onda Tofiq Kazımov mənə demişdi ki, teatra ev gəlsə, birinci sən alacaqsan. Elə də oldu, 66-cı ildə mənə dördüncü mikrorayonda ev verildi.

- Siz Əməkdar artist adını teatrda təxminən 20 il fəaliyyət göstərəndən sonra almısınız, niyə belə gec?

- Əslində mənə Əməkdar artist adı 1974-cü ildə teatrın 100 illiyi vaxtı verilməli idi. Özü də həmin ərəfədə Moskvada tədbir keçirilirdi. Mənim adım da “Əməkdar artist”ə təqdim edilmişdi. İki aktrisa olub, onların etirazına görə mənim adımı pozublar. Biri deyib ki, ondan qabaq Rafiq Əzimov ad alsa, nöyüt töküb özünü yandıracaq.

- Kimi idi o?

- Demək istəmirəm... Olan olub, keçən keçib.

- Hər halda tarix üçün maraqlıdır, deyin.

- Biri Mehdi Məmmədovun arvadı Şəfiqə Məmmədova idi, o biri də Səfurə İbrahimova.

- Şəfiqə xanım deyibmiş üstünə nöyüt tökəcək?

- Yox, onu Səfurə demişdi. Şəfiqə xanım nə deyib, bilmirəm. Amma Mehdi Məmmədov biz Moskvaya qastrola gedəndə Mərkəzi Komitə ilə danışıb Şəfiqənin adını siyahıya saldırıbmış. Halbuki siyahı düz qəzetə yollanana qədər mənim adım orda var imiş. Bir də 1982-ci ildə ad aldım.

- Xalq artisti adını da gec almısınız, 2000-ci ildə.

- Onda Teatrın müdirləri dəyişdi, mənim adımın üstündən xətt çəkdilər. İstər Həsənağa Turabov, istərsə də Əlabbas Qədirov gələndə.

- Siz deyəsən nə Turabovla, nə də Əlabbasla yola getmisiniz.

- Bilirsən, üzdə göstərmirdilər, amma dərində intriqa var idi. Bax, olan faktları deyirəm. Kinostudiyada “Yeddi oğul istərəm”ə çəkildim, heç nəsiz. Gəray bəy rolunda da Həsənağa Turabovdan qabaq Adil İsgəndrov oynamalı idi. Çünki filmi əvvəl Kamil Rüstəmbəyov çəkməli idi. O isə gənc aktyorları dəvət edirdi.

Mirpaşa roluna Eldəniz Zeynalov təsdiq olunmuşdu

- Mehdi Məmmədovun da oğlu Elçini də Kamil Rüstəmbəyov dəvət etmişdi?

- Onu sonradan daxil elədilər.

- Deyirəm yəni onu da Mehdi Məmmədov çəkilişə saldırmışdı?

- Yox. Mirpaşa roluna Eldəniz Zeynalov təsdiq olunmuşdu. Biz cıdıra gedib at sürməyi öyrənirdik. Hamımız at sürməyi öyrənirdik, bircə Eldəniz minmirdi, deyirdi, çəkilişdə sürəcək. Bir də gördük söhbətlər gəzir ki, Kamil Rüstəmbəyovun torbasını tikiblər, Moskvaya, Mərkəzi Komitəyə yazıblar ki, bəy oğlu bəy əleyhinə film çəkə bilməz. Ondan sonra filmi Kamildən alıb Tofiq Tağızadəyə verirlər. O da bir gün cıdıra gəldi. Biz artıq birinci dərəcəli atsürənlər kimi sürə bilirik. Tofiq Tağızadə dedi ki, Eldəniz, sən də qalx, sür. Eldəniz nəm-nüm elədi ki, Tofiq müəllim, mən orda sürərəm. Onda bildik ki, Eldəniz atdan qorxur. Bundan sonra Tofiq Eldənizi çıxardı, onun yerinə Elçini dəvət elədi. Elçin də bizdə teatrda rəssam idi.

- Tofiq onu Mehdi ilə tanışlığa görə çağırmışdı?

- Onu bilmədik. Amma Elçin ondan sonra başqa filmlərə də çəkildi.

- Elçinlə münasibətiniz var idi?

- Əlbəttə, çox yaxşı münasibətimiz var idi.

- İndi bu yeddi oğuldan bir siz qalmısınız, bir də Şeyx Əbdül, Ənvər Həsənov isə təzəlikcə öldü.

- Bəli, ikimiz qalmışıq. Bax, sizə indi bir söz deyəcəm, bu yaxınlara qədər bunu heç yerdə deməmişəm. “Uşaqlığın son gecəsi”ndə Ənvərin obrazını kim səsləndirib?

- Bilmirəm, kim?

- Heç kəs bilmirdi. Mən səsləndirmişəm.

- Nə əcəb?

- Mən o filmdə balaca epizoda çəkilmişdim. Dublyaj studiyasına da aktiv şəkildə gedirdim. Ənvərin səsi rola oturmurdu. Mən Ənvərin obrazını bir az səsləndirdim, hamısı valeh oldu, elə də qaldı. Söhbət düşüb, deyirəm. Həsənağa Turabov Adil İsgəndərovla çox yaxın idi. 1974-cü ildə Oqtay Mirqasımovun Rəşid Behbudov haqqında çəkdiyi “1001-ci qastrol” filmində Qaqaş dayı roluna təsdiq olunmuşdum. O filmdə mənim çox gözəl səhnələrim var idi, Gürcüstanda da çəkilişlər olmuşdu. Səsləndirməyə gəlmişəm, görürəm filmdə mən yoxam. Adil Əsgəndərov da Həsənağa Turabova tapşırıb, Oqtay Mirqasımovun birinci bədii filmidir, ona montajda kömək eləsin. Həsənağa da montajda mənim bütün səhnələrimi kəsir.

Yeganə aktyoram ki, 63 ildir bir teatrda işləyirəm

- Bəlkə yaxşı oynamamısınız deyə kəsib? Ola bilər? Siz də axı hər şeyi yaxşı oynaya bilməzsiniz.

- Mən sənə olan şeyi deyirəm. Oqtay da ölməyib, sağdır. Səsləndirməyə gəlmişəm, gözləyirəm çəkildiyim yerlər gəlsin, səsləndirim. Səsyazmanı da Həsənağa aparır. Görürəm mənim səhnələrim yoxdur. Döndüm Oqtaya baxdım, Oqtay əli ilə işarə elədi ki, mən ölüm dinmə, onda mənim üçün aydın oldu, Həsənağa özü kəsib.

- Aranızda nə problem var idi?

- Quran haqqı, deyə bilmərəm. Həmişə də tamaşalarda, dərnəklərdə bir yerdə oynamışıq, neçə-neçə tamaşada tərəf müqabili olmuşuq.

- Belə başa düşürəm “Azdrama”nın mayası belə yoğurulub deyə indi də qalmaqallar, intriqalar səngimir.

- Var, məndən qabaq da olub, yenə olacaq. Cəfər Cabbarlının “Almaz” əsərində Aftil obrazı var. Çuğuldur. O vaxtdan “Aftil gəldi” deyimi aktyorların dilinə düşüb. İki-üç nəfər aktyor söhbət edir, çuğul aktyor gələndə o dəqiqə hansısa deyir ki, Aftil gəldi, yəni söhbəti dəyiş.

- Aftillər indi də teatrda var?

- Deyir, meşə çaqqalsız olmaz. Var. Mən yeganə aktyoram ki, 63 ildir bir teatrda işləyirəm.

- Özü də deyəsən hazırda teatrımızın ən yaşlı aktyorusunuz.

- Bəli.

- Bu yaşda səhnəyə çıxmaq, rolun sözlərini, oyunu yadda saxlamaq çətin olmur?

- Qətiyyən. Repertuarda “Xurşudbanu Natəvan” var. Mən orda Natəvanın müəllimi Mirzə Ruhullanı oynayıram. Elçin rəhmətliyin “Baş” əsərində oyanıram, “Ölülər”də Məşədi Orucu oynayıram.

- Yəni heç bir rolunuzun sözlərini unutmursunuz.

- İstəyirsən bu saat “Qılınc və qələm”in monoloqunu deyim.

- Yox, sizi də, özümü də yormayım (gülürəm).

- 72-ci ildə oynamışam, Xacə Mərcan rolunu. Hələ də monoloqu yadımdadır.

- Rafiq müəllim, xaraktercə həmişə sakit adam olmusunuz, yoxsa indi beləsiniz?

- Rola baxır.

- Rolu demirəm, həyatda necəsiniz?

- Mən səhnədə öz üzərimdə çox işləmişəm.

- Səhnəni demirəm, həyatda necəsiniz?

- Bilirsən, mən haqsızlığı sevmirəm. Burda da haqsızlıq görəndə sakit dayana bilmirəm.

- Dediniz ki, Həsən Turabovun, Əlabbas Qədirovun vaxtında yola getməmisiz.

- Əlabbasla bir binada qalırdıq. Oğlunun toyu oldu, məni çağırmadı, qonşunu çağırdı, məni çağırmadı.

- Gözü götürmürdü?

- Bir Allah bilir, haqq dünyasındadır. Bədii rəhbər olduğu vaxt bir dəfə burdan keçirdi, qapı açıq idi, mən də sizin yerinizdə oturmuşam (yadımdan çıxdı deyim, təzədən otağa qayıtmışıq). O keçib gedəndə dedim: “Yeddiii”. Ona eşitdirirdim.

- Yeddi nə deməkdir?

- Elə sənin kimi o da qayıtdı ki, o nə deməkdir? Dedim, sən gələndən sonra yeddi tamaşa hazırlanıb, heç birində mən yoxam.

- Deməli yola getməmisiniz.

- Başqa məsələlər də var, danışmaq istəmirəm, mənim tərəf müqabillərimin çoxu indi haqq dünyasındadırlar. Ona görə danışmaq yaxşı düşməz. Sadəcə məni çoxlarının o vaxtı gözləri götürmürdü ki, partiya təşkilatının katibiyəm, məni nazirlik təltif edir, məni katib tanıyır. Bu vaxta kimi bir adam deyə bilməz ki, mən onun barəsində şeytanlıq eləmişəm.

Mən Mehriban Ələkbərzadədən pislik görməmişəm

- Sözümün canı odur, teatrın hazırkı rəhbərliyi, Mehriban Ələkbərzadə ilə münasibətiniz necədir? Bu qədər qalmaqallar olur. Siz bu qalmaqalların harasındasınız?

- Mənimlə münasibəti çox yaxşıdır. Birinci dəfə burda tamaşa hazırlananda rol verdi, ikinci dəfə tamaşa hazırlayanda rol verdi. Deyim sizə ki, əvvəllər heç tanışlığımız yox idi. Mən ondan pislik görməmişəm.

- Bəs bu qalmaqallara necə baxırsınız?

- Bu qalmaqalların bəzilərini mən efirdən eşitdim. Heç birinin şahidi olmamışam. Bilirsən, məsələ necədir? Bəyənmir məni, rol vermir. Mən gedib dava salmalı deyiləm.

(Zarafata salıram) siz özünüz rol vermədiyinə görə, Əlabbas Qədirovla düşünüşmüş adamsınız, kimə deyirsiniz?

- Yaxşı, mən aktyoram, bu teatrda işləyirəm. Məni Tofiq Kazımov bəyənirdi, Mehdi Məmmədov bəyənirdi, Adil İsgəndərov bəyənirdi, Bəhram Osmanov bəyənirdi, o niyə bəyənmirdi?

- Deməli, rejissor aktyora rol verməyəndə düşmən olurlar?

- Düşmən deyəndə ki, yeddi tamaşa qoymusan, mənə bir rol verməmisənsə, deməli bəyənməmisən. Halbuki Əlabbasdan qabaq mən teatrda nə qədər rol oynamışdım (kitabı götürüb vərəqləyir, rollarının siyahısı olduğu hissəni açır). Burda rollarım ayrıca yazılıb. 1965-ci “Çelkaş” televiziya tamaşasına çəkilmişəm, 67-ci ildə “Dədə Günəş əfsanəsi”nə, 81-ci ildə “Göz həkimi”nə, “Topal Teymur”a 83-cü ildə, “Astana”ya 86-cı ildə və sair və ilaxır. Yəni bu qədər teatr tamaşalarında, filmlərdə çəkilmişəm. Necə oldu, bu qədər rejissor məni bəyəndi, Əlabbas bəyənmədi?

- Aktyorlar arasındakı küskünlüklər səhnədə tərəf müqabili olduğu zaman özünü göstərir?

- Yox e, nə danışırsan. Onsuz mən evdən çıxanda həmən gün oynayacağım rolumun ovqatında oluram.

- Həsənağa Turabovla şəklinizi gördüm, onun üçün dedim.

- Bu dediyim məsələlər çox dərində baş verir, gündəlik ünsiyyətdə özünü büruzə vermir, yalnız lazımi məqamda üzə çıxır.

(Yenidən oynadığı rolları sadalayır).

- Rafiq müəllim, kitabda rollarınızın siyahısına baxıram. Nəzərə alsaq ki, kitab çıxandan sonra da neçə-neçə tamaşaya çəkilmisiniz, belə çıxır, yüzə yaxın tamaşada oynamısınız.

- Bəli. 1962-ci ildən səhnədəyəm. Elə bir il olmayıb ki, mən boş qalım.

Otağın küncündəki əsaya gözüm sataşır, götürüb baxıram.

- Bu əsa hardandır? Tamaşa üçündür?

- 2023-ci ildə Lənkərana qastrola getmişdik. Orada tamaşadan sonra məclisdə oynayanda yıxıldım, ombam sındı. Məni gecəylə Bakıya gətirdilər, həkimlər dedi, mütləq əməliyyat olunmalısan. Əməliyyatdan sonra oğlum mənim üçün bu əsanı aldı. Yeriyəndə azacıq axsadığım üçün arada istifadə edirəm. Amma səhnədə ehtiyacım olmur.

Dövlətin qayğısından artıqlaması ilə razıyam

- Bu yaşda, bu cür ağır əməliyyat keçirmisiniz və yenə səhnəyə çıxırsınız?

- Əlbəttə. Mən teatrsız, səhnəsiz yaşaya bilmərəm.

- Rafiq müəllim, hər zaman dövlətin nəzərində olmusunuz. Üç dəfə ev verilib, ad verilib, orden verilib. Daha nə arzunuz, nə istəyiniz var? Dövlətdənmi deyim, Allahdanmı deyim, səhnədənmi deyim?

- Mən Allahımı çox sevirəm. Mənim gözəl ailəm var. Əgər yoldaşım olmasaydı, mən bu gün həyatda olmazdım. Dörd yaş məndən kiçikdir, amma hər zaman yanımdadır. Bir az aritmiyası var, onun üstündə əsirəm. Onu həkimə aparmalıyam. Səhər o mənim təzyiqimi ölçüb dərmanlarımı verir, axşam mən evə gedəndə onun təzyiqini ölçürəm, dərmanını verirəm.

- Elə yoldaşınızla ikiniz yaşayırsınız?

- Hə. İki oğlum, nəvələrim var, ayrı yaşayırlar.

- Yolunuzu davam etdirən var?

- Yox, başqa-başqa sahədədirlər.

- Xülaseyi-kəlam, Allahdan nə istəyirsiniz?

- Mən Allahdan can sağlığı istəyirəm. Dövlətimdən narazı deyiləm, sağ olsunlar, məni həmişə görüb, qayğımı çəkiblər, həmişə dayaq olublar.

- Xahiş edirəm, sualımı səhv başa düşməyin. Jurnalist kimi tez-tez tanınmış Xalq artistləri, yaxud onların ailə üzvləri ilə ünsiyyətimiz olur, içlərində sanki bir Fəxri xiyaban nisgili hiss edilir. Bir də görürsən, məşhur adam ölür, ailəsi basdırmaq yerinə oturub gözləyir ki, bəlkə Fəxri xiyabanda bir yer təklif etdilər? Sizin kimi nüfuzlu sənət adamında belə bir arzu varmı?

- Mən nə almışamsa, Ulu Öndərin imzası ilə almışam, prezident təqaüdünü cənab Prezident İlham Əliyevin imzası ilə almışam. Mənə “Şöhrət” ordeni verilib. Yəni dövlətin mənə qayğısından artıqlaması ilə razıyam. Ora düşmək üçün isə gərək “Şərəf”, “İstiqlal” ordenlərin, dövlət mükafatın olsun (gülür). “Şərəf”im olsaydı, ola bilərdi.

- Yəni, hələ ki Fəxri xiyabanla bağlı istək və gözləntiniz yoxdur?

- Mənim hələ ölmək fikrim yoxdur!

Foto - Rüfət Mustafayev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar