56 yaşlı kişinin bədənindən iki yumruq  boyda daş çıxarıldı
02 iyun 2026 13:14 (UTC +04:00)

56 yaşlı kişinin bədənindən iki yumruq boyda daş çıxarıldı

0

Çində uroloq-cərrahlar pasiyentin bədənindən çəkisi 1 kiloqramdan artıq olan anormal duz mənşəli törəməni çıxarmaq üçün unikal əməliyyat keçiriblər.

Lent.az xəbər verir ki, öz sağlamlığına qarşı səhlənkarlıq Çin vətəndaşının az qala həyatı bahasına başa gələcəkdi. Çində kənd təsərrüfatı ilə məşğul olan bir kişi bir neçə il ərzində dözülməz daxili ağrılara və sidik-ifraz sistemi ilə bağlı ciddi problemlərə baxmayaraq, bədənində nəhəng ölçülərə çatan yad cismin inkişaf etdiyini heç ağlına belə gətirməyib.

Patologiyanın ilk narahatedici əlamətləri Quandun əyalətinin cənubundakı Lonqtan şəhər dairəsində yaşayan 56 yaşlı Çendə üç il əvvəl ortaya çıxıb. Kişidə tez-tez, fasiləli və son dərəcə ağrılı sidiyə çıxma halları müşahidə olunub. Sadəcə tualetə getmək üçün fermer müəyyən bədən vəziyyəti seçməyə, qeyri-təbii şəkildə əyilməyə və sidik yollarındakı təzyiqi azaltmağa çalışırmış.

Əlamətləri səhvən yaşla bağlı prostat problemləri kimi qiymətləndirən Çen həkimə müraciət etməkdən qəti şəkildə imtina edib. O, əkin işlərini yarımçıq qoymaq istəməyib və ağrıları ağrıkəsicilərlə azaltmağa çalışıb. Lakin bir müddət sonra xəstəlik onun həyatını ciddi şəkildə məhdudlaşdırıb: daimi sidiyə getmə ehtiyacı səbəbindən kişi evdən çıxa bilməyib, gecələr tez-tez oyanması isə onu yuxusuzluq və sinir tükənməsinə gətirib çıxarıb.

“İki yumruq boyda” - çıxarılan daşın ölçüsü və çəkisi

Yalnız yaxınlarının ciddi təkidindən sonra çinli kişi müayinəyə razılaşıb. Quandun Tibb Universitetinin Süyven dairəsində yerləşən uroloji mərkəzində ultrasəs və rentgen müayinələri zamanı həkimlər heyrətə gəliblər. Pasiyentin sidik kisəsinin demək olar ki, bütün boşluğu nəhəng daşabənzər törəmə ilə dolu olub.

Cərrahiyyə şöbəsinin rəhbər müavini Lin Yuan aşağıdakı göstəriciləri açıqlayıb:

Törəmənin eni 10 santimetr, uzunluğu isə 13 santimetr olub;

Çıxarılan daşın çəkisi rekord həddə - 1,3 kiloqrama çatıb;

Ölçülərinə görə bu duz mənşəli törəmə yetkin kişinin iki yumruğundan daha böyük olub.

Rentgen görüntüləri göstərib ki, nəhəng mineral yığını sidik kisəsinin daxili divarlarına ciddi təzyiq göstərərək mayenin təhlükəli şəkildə yığılmasına səbəb olub.

Həkimlərin sözlərinə görə, orqanın sıxılması və inkişaf edən ağır infeksiya fermerin həyatı üçün birbaşa təhlükə yaradıb. Daşın anormal ölçüləri və yüksək sıxlığı nəzərə alınaraq klinika rəhbərliyi ən yaxşı cərrahlar, anestezioloqlar və kardioloqlardan ibarət xüsusi komanda yaradıb. Əməliyyat uğurla həyata keçirilib həkimlər toxumaları diqqətlə açaraq nəhəng daşı ətraf damar və orqanlara zərər vermədən çıxarmağa nail olublar.

“Kaş ki, üç il əvvəl həkimə müraciət edərdim, bu qədər əziyyət çəkməzdim”, - Çen reabilitasiya dövründə göz yaşları içində etiraf edib.

Professor Lin Yuan bildirib ki, dünya tibbi praktikasında daha ağır uroloji daş halları qeydə alınsa da, Quandun əyalətinin klinik tarixində bu hadisə ən qeyri-adi və qorxulu rekord hesab olunur.

Həkimlər vətəndaşları özbaşına müalicədən çəkinməyə və orqanizmdə ilk narahatlıq əlamətləri yaranan kimi müayinədən keçməyə çağırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar