Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Beniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid A.K-nin ilkin istintaq zamanı verdiyi ifadəsi elan olunub.
A.K təqsirləndirilən Aybəniz Xəlilovanı əvvəllər tanımadığını, ifadədə qeyd olunanların, eləcə də imzanın ona məxsus olmadığını bildirib.
Digər şahid İ. İ zərərçəkən Xalid Kərimova məxsus mebel sexində fəhlə işlədiyini deyib:
"Aybəniz xanımla Xalidin yaxşı münasibətləri olub. Xanım hərdən ofisə gəlirdi, yemək gətirirdi. Deyirdilər, gülürdülər, sonra çıxıb gedirdi".
Növbəti proses 16 iyun saat 15:30-a təyin olunub.
Xatırladaq ki, X.Kərimov A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.
Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.
Tiktoker barəsində cinayət işi başlanıb.
A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.