Kino tarixində elə filmlər var ki, nümayişindən sonra böyük qalmaqallara səbəb olub, bəzi ölkələrdə isə ümumiyyətlə qadağan edilib. Buna səbəb həddindən artıq zorakılıq, açıq seksual səhnələr, dini mövzular və cəmiyyət üçün qəbuledilməz hesab edilən görüntülər olub. Belə filmlərin nümayişi ya tam dayandırılıb və ya müəyyən səhnələr çıxarıldıqdan sonra göstərilməsinə razılıq verilib.
Lent.az sözügedən filmləri təqdim edir:
Siyahıya “Salo və ya Sodomun 120 günü”, “Saat mexanizmi”, “Kannibal cəhənnəmi”, “Soldakı son ev”, “Qadın günü”, “Şeytan çıxaran”, “Kanniballar”, “Çəhrayı flaminqolar”, “Kaliqula”, “Məsihin ehtirasları”, “Kanalizasiyadakı su pərisi” və “Hisslər imperiyası” kimi filmlər daxildir.
Məsələn, 1975-ci ildə çəkilən “Salo və ya Sodomun 120 günü” seksual zorakılıq, işgəncə və qəddarlıq səhnələrinə görə Böyük Britaniya, Avstraliya və Yeni Zelandiya da daxil olmaqla bir sıra ölkələrdə məhdudiyyətlərlə üzləşib. “Kannibal cəhənnəmi” isə o qədər realist çəkilib ki, filmin rejissoru Rucero Deodato hətta ekranda insanların həqiqətən öldürülmədiyini sübut etmək məcburiyyətində qalıb.
Stenli Kubrikin məşhur “Saat mexanizmi” filmi də zorakılıq və seksual məzmununa görə müxtəlif ölkələrdə qadağan edilib. İrlandiyada 1973-cü ildə tətbiq edilən qadağa yalnız 1999-cu ildə aradan qaldırılıb.
Dini səbəblərlə məhdudlaşdırılan ekran əsərləri də olub. Mel Gibsonun 2004-cü ildə çəkdiyi “Məsihin ehtirasları” filmi Bəhreyn və Küveyt kimi ölkələrdə qadağan edilib.
Maraqlıdır ki, vaxtilə qadağan edilən bu filmlərin bir çoxu hazırda həmin ölkələrdə yaş məhdudiyyəti ilə nümayiş etdirilə bilir.