Onunla müsahibəni başqa cür planlamışdım. Amma masa başına oturduğumuz andan söhbət fərqli yöndə axmağa başladı. Necə deyərlər “günah” özündə oldu. Kənardan özündən razı, bir qədər eqoist insan kimi tanıyırdım, yanıldığımı gördüm. Səmimi, sözünü mərdi-mərdanə deyən bir adamı tanıdım, məmnun oldum.
Lent.az bu yaxınlarda 60 yaşı tamam olmuş Əməkdar artist Füzuli Hüseynovla müsahibəni təqdim edir.
Masa seçərkən elə etdi ki, arxası salona oturum, ondan başqa kimsəni görməyim. Niyəsni soruşdum.
- Qadın psixologiyasını yaxşı bilirəm. Müşahidələrim onu göstərir ki, qadınla ciddi bir şey danışarkən gərək bütün diqqəti səndə ola. Yoxsa hər şeylə maraqlanırlar.
- Kim sizi qadınlara qarşı bu qədər “doldurub”, strategiya verib ?
- Təxminən 15 il öncə bir xanım dostum mənə yaxşı bir söz dedi, qulağımda sırğa etdim. Dedi heç bir qadına inanmayacaqsan. Məəttəl qaldım, axı bunu deyən qadın idi, diqqətlə gözünə baxdım, dedi heç mənim özümə də inanma. Onda ağlıma qazıdım. Qadınlar bir şey düşünüb başqa şey deyə bilirlər.
- Kişilər də belədirlər, hətta lap çox...
- Bu uşaqlıqdan gələn tərbiyəmizdən asılıdır. Cem Yılmaz yaxşı ifadə edib, oğlan uşağına uşaqlıqdan hər şeyə icazə verilir, hətta çılpaq gəzirlər, qızlara isə o qədər qadağalar qoyulur ki, onlar istər-istəməz çətin vəziyyətlərdən çıxış yolları tapır, bicləşirlər. Qadınlar kişilərdən çox ağıllı olurlar. Kişilər bir-iki gün yalan danışıb sonra başını buraxır, deyir “əşşi hə, həqiqət budur, sonra?” Bir rus xanımla birlikdə idik. Hər dəfə evə gec gələndə soruşurdu “hardaydın?”. Kişilər “daprosu” xoşlamırlar. Bir dəfə dedim maşının təkəri buraxıb. Gah dedim dostlarla idim, heç birinə inanmırdı. Axırda dedim “sağa-sola gedirəm”. Susdu və heç nə demədi. Axı məndən həqiqəti almaq üçün uzun planlar qurmuşdu, mən lapdan dedim, çaşdı qaldı. Dedim gərək indi ya özünü öldürəsən, ya məni. Heç birini eləmirsənsə bu barədə susaq.
- Ondan sonra yolunu tapdınız, başladınız hər şeyi bir başa deməyə?
- Hə.
- Hər yerdə hər zaman düzünü demək olar?
- Həmişə düzünü demişəm, belə lazımdır. Kobud olsa da, doğru yaxşıdır. Əvvəl-axır həqiqət üzə çıxır. Amma bəzən müqəddəs yalanlar danışmaq lazım gəlir.
- Yalan bəzən də itirmək qorxusudur.
- İtirək də. Əvvəl-axır itirə-itirə gedirik. Mən şəxsən dostlarımı da belə ələyirəm, tanıyıram. Bir adamın quyruğuna basırsan. Sonra oturub baxırsan ki, özünü necə aparır, nə danışır?
- Nəyi bağışlamırsınız dostlara?
- Xəyanəti.
- Biz Ələsgər Ələkbərovun şəxsində Rüstəm kişini, Həsən Turabovda Gəray bəyin şəxsiyyətini görürdük. Özümüzü aldadırdıq əslində. Bu onların günahı deyil ki, sən qarşındakı adamı fərqli şəkildə təsəvvür edirsən. Bu mənada əsl Füzuliylə obrazlarda gördüyümüz xarizmatik adam eyni deyil. Çətin olmur paralel həyat? Və ya sizə deyilirmi mən gördüyüm adam bu deyildi?
- Mənimlə artist kimi davranılmasını sevmirəm. Mən artist deyiləm, xahiş edirəm mənimlə artist kimi davranmayın. Olduğun kimi olmalısan. Mən sadəcə teatrın səhnəsində şahzadə ola bilərəm. Həyatda sadəcə Füzuliyəm. Düzünü desəm, küçədə kimsə tanıyanda yaxınlaşıb şəkil çəkdirməkdən utanıram. Hamı kimi xətaları olan bir insanam.
- Tanınmış olmaq yaxışdır ya pis?
- Elə yerlər var çətindir, elə yerlər də var ki, mənim kimi riskə gedən adamlar üçün çətin olur (gülür).
- Kişi “şuluqluq”larından danışırsınız? Hələ də davam edir?
- Hə şükür Allaha davam edir.
- Amma bir dəfə demişdiniz ki, nə qədər yaraşıqlı oğlan olsam da, kimsəyə dönüb baxmamışam, ətəyində namaz qılınacaq qədər dürüst olmusunuz. (Bu sualı zarafatla verib. Zarafatyana cavab alıram)
- Yəni mən elə şey demişəm? (gülür) Yəqin jurnalistlərin də fantaziyası olub. Çoxlu “şanlı” məktublar gəlirdi. Standart yazıları sevmirdim, qeyri-adi məktublara bəzən cavab verirdim. Hətta Balakənə, ata evimizə yazanlar da olurdu.
- Saqqızınızı oğurlayan olmayıb?
- Mənim saqqızımı heç kimi oğurlaya bilməz. Mən oğurlayırdım.
- Çox yaraşıqlı aktyor idiniz. Amma nədənsə filmlərdə sizdən yetərincə istifadə etmədilər. Məsələn, Alen Delon kimi simanız ilə ün qazana bilərdiniz. Niyə çox çəkmədilər?
- Alen Delon bu dövrə, insanların saxtakarlığına nifrət edirdi. Bu dünyadan bezmişdi və təəssüf etmədən gedəcəyini deyirdi. Hətta eftanaziya olunacağını da bildirmişdi. Onun bu qərarına hörmətlə yanaşıram. Yəqin ağır bir xəstəliyə düşüb başqalarına möhtac qalacaq olsam mən də eftanaziyanı seçərdim. Heç yerə getmədən, özüm yollarını bilirəm. Çox yaşamağın da bir mənası yoxdur. Salam verəcək adam, yaşıdın dostun qalmırsa, dünya marağını itirir. Ölüm daha yaxşıdır. O ki, qaldı sualınıza. Aktyorluğa ikinci il seçildim. Sünnülüyüm tutmuşdu, dedim girəcəm, girdim (gülür). Nəslimizdə aktyor yox idi. Mən İncəsənət İnstitutuna qəbul olan ildən filmlərə dəvət alırdım, foto sınaq edirdilər, çəkmirdilər. İnstitutu yeni bitirmişdim, Ceyhun Mirzəyev məni “Bəyin Oğurlanması” filmində çəkdi. Çox səmimi, yaxşı yeyib-içən oğlan idi. Film çəkənlərin öz mafiyası öz kruqu var. Hərə öz bildiyini çəkirdi. Ceyhun bu zənciri qırdı. İndi ucuz adam axtarırlar çəkməyə. Bir də dedi-qodu mühüm rol oynayır. Məsələn, biri məni filminə çağırmaq istəyir, kolleqalarımdan biri deyir ki, onu çəkmə. “Yarım qoyub qaçacaq, çox pul istəyir, içir və s”. Buna inanan rejissor məni çəkməsə yaxşıdır. Ümumiyyətlə, biri haqqında başqasının rəyi əsasında qərar çıxarmaq düzgün deyil. Ədalətsizlikdir. Mən yola çıxdığım düşmənimi də yarı yolda qoymaram. A nöqtəsindən B nöqtəsinə gedilirsə sona çatıb sonra ayrılaram.
- Dram Teatrın bir çox əməkdaşları ilə həmsöhbət olmuşam. İllər boyunca. Çoxundan eyni sözü eşitmişəm. “Dram Teatr” bataqlıqdır deyib sonra yazmamağımı xahiş ediblər.
- Bataqlıq deyənlərin özləri bataqlıq fikirli adamlardır. Çörək yediyin yer haqqında bu deyilməz. Bunu deyən riyakardır, aktyor yox, məxluqdurlar, yalan deyirlər. Mən bura gələndə Həsən Turabovun da, özünü teatrın paşası kimi aparan, sözünün üstünə söz deyilməyən Kamal Xudaverdiyev də məni öncə sevmirdilər. Amma sonra tanıdıqca çox yaxşı münasibətlərimiz yarandı.
- Kənardan çox yekəxana eqoist göründüyünüzü deyənlər olub?
- Çox olub. “Ay yaxın gəlməyə qorxurduq, ay adamı döyməyinizdən çəkinirdik...”
- Heç kimisə döymüsüz?
- Olub. Davaya da düşmüşəm, məni də vurublar. Amma döyülməmişəm. Çalışıram sülhlə həll olunacaqsa həll edim , olmursa dava başlaya bilər.
- Gəncliyin dəliqanlılığını qoruyub saxlamısız?..
- 60 yaş deyəndə səksəndim. Yubileyimi təbrik edənlərə dedim rədd olun (gülür). Hələlik içimdən hiss etmirəm.
- Surətpərəstsiniz?
- Yox
- Deyilənə görə, kişilər adətən ağıllı qadınları sevmirlər...
- Yox mən sevirəm. Ağılla gözəlliyi üst-üstə düşəndə daha yaxşı olur. Qadınlar ağılsız olmur. Qadını anlamayan ağılsız kişilər var. Mən ağıllı və məntiqli qadınları sevirəm.
- Siz subaysınız ya evli?
- Bu suala cavab verməyəcəm. Mənim şəxsi həyatım, kasıb və ya milyoner olmağım yalnız məni narahat etməlidir.
- Bəs neçə uşağınız var?
- Dünyanın hər yerində uşaqlarım var
- Hamısını tanıyırsınız uşaqların?
- Əlbəttə.
- Bir dəfə Habil Əliyevdən soruşurlar ki, sponsorunuz var? O da demişdi ki bu burunla kim mənə sponsorluq edər. Bəzi qadın aktrisalar hansı yollarlasa daha yaxşı yaşaya bilirlər. Bəs çəkilməyəndə kişilər nə edir? Üstəlik sizin kimi minnəti götürməyən adamlar üçün çətin olmur?
- Qadınlar üçün o dediyiniz də müvəqqətidir, özlərini aldadırlar. Mənə gəlincə yaxşı dostlarım var, vaxtında mən onlara yaxşılıq etmişəm, unutmurlar indi onlar mənə edirlər, iş tapırıq, müəyyən işlər görürük, korluq çəkmirəm. Əsas odur millətimə, dövlətimə, xəyanət etmirəm. Özümü başıaşağı edəcək işlər görmürəm. Yəni milyonçu olmağın da öz çətinlikləri var, verdiyin qurbanların olur. Pulum olur, özümə görə.
- Ən böyük peşmanlığınız nədir?
- Bircə peşmanlığım var. Əsgərlikdə olanda məni öz aralarında böyük seçmişdilər. Bir dəfə bir dostumu ərzaq oğurlamaqda günahlandırdılar, o da demişdi ki, gedək Füzulidən soruşaq. Mənə güvənmişdi. Oğurluq etməyibmiş. Mən isə guya ağıllılıq edib demişdim ki, insan çiy süd əmib nə desən olar. Dinmədi, üzümə çox sərt baxdı, getdi və aramız dəydi. Sonralar onu tapdım, məktub yazdım, üzr istədim. Amma soyuq yanaşdı, bağışlamamışdı.
- Bəs nəyi etmədiyinizə görə peşmansınız?
- Nə eləmədim ki mən. Nəyi etmişəm düz etmişəm.