Lent.az evdə karantin vaxtında olan sənət adamlarının vəziyyəti, ovqatı, gördükləri işlərlə bağlı silsilə müsahibələr təqdim edir. Budəfəki müsahibimiz Akademik Milli Dram Teatrın aktyoru Abbas Qəhrəmanovdur.
Aktyor karantin başlanandan evdə oturduğunu deyir : “Evdə məşğul olmalı çox iş var əslində. Oktay Mirqasımov yeni filminə dəvət etmişdi, çəkilişlər başlamlı idi ki, pandemiya ilə əlaqədar təxirə salındı. Mənə həvalə olunan rolun mətni üzərində işləyirəm, məşq edirəm. Abbas Qəhrəmanov öz üzərində işləməlidir hər zaman, buna hər zaman vaxt ayırmalıdır, indi bunu etməyə vaxtım daha çoxdur”.
Aktyor tərcümə ilə məşğul olduğunu da dedi: “Tərcümə işləri ilə məşğulam, o da yaradıcı işdir və vaxt tələb edir”.
Abbas Qəhrəmanov 1983-cü ildən Akademik Milli Dram teatrında çalışır. Çox maraqlı və rəngarəng obrazlar yaradıb. Son illər Şah Qacarı oynayır. Azərbaycan kinosunda və televiziya tamaşalarında maraqlı obrazları var. Komersiya filmlərinə də çəkilir. Yəni onun bir yaradıcı insan kimi deyiləsi, yazılası sözü var. Odur ki, aktyor memuarlarını yazır: “Memuar deməzdim, yaradıcılıq ətrafında gəzişmələrdir, öz fikirlərim, xatirələrim. İnternetdə mütailə edirəm. İnternet elektron kitabxanadır. Bu günlərdə bir daha interneti kəşf etdim ki, orda axtardığın hər şey var”.
Əslində insanlar arasında məsafə olması yaxşıdır deyir: “Həkimlər bu virusu aradan qaldırmaq üçün çalışırlar. Biz də onlara yardım etməliyik. İnsanlar gərək bir-birinin aurasına daxil olmasınlar. Ünsiyyət yaxşıdır, amma onu qurmaqsa etika, mədəniyyət çərçivəsində olmalıdır. Bu virus həyat tərzimizə bunu gətirir. Bir tərəfdən də gərginlik yaradır, məncə, bu da keçəcək. Keçəri haldır. Hər şey yaxşı olmalıdır. Düşüncələrə varmaq, daxilinə səfər etmək baxımından bu hal yaxşıdır. Həyatda boş-boşuna yaşamaq yaxşı münasibətlərə gətirmir. Təhlükə insanları ayıldır, silkələyir. Bundan sonra daha aydın, məqsədli həyat, dünya olacaq, məncə”.