“Çimnaz kişiləri göz zinasına salır”   – Xristianlığı qəbul edən aktrisa
17 oktyabr 2022 15:29 (UTC +04:00)

“Çimnaz kişiləri göz zinasına salır” – Xristianlığı qəbul edən aktrisa

Lent.az-ın müsahibi aktrisa Nəzakət Məmmədovadır. Biz onu “Qız qaçırtma” filmində xala, “Niyə” film-serialında pullu bibi obrazıyla görüb tanıdıq. Rəngarəng rollarıyla ürəklə yol açdı. Bu günlərdə ailəsinin dağılma səbəbi ilə bağlı gündəmə gələn və səbəbi açıqladığına görə tənqid olunan aktrisanı bir az daha yaxından tanımaq istədik. Görək kimdir günahkar?

 

Nəzakət Məmmədova

- Nəzakət xanım, bu yaxınlarda bir ailə problemini, daha doğrusu bir zamanlar ərinizin sizə öz qardaşınızın arvadı ilə xəyanət etməsi barədə məlumatı paylaşdığınıza görə, aparıcı Rövşanə xanım tərəfindən tənqid olundunuz. Buna cavabınız varmı?

- Məni efirdə qınadılar, amma ayıbı mən etməmişdim. Rövşanə xanıma hörmətim var. Amma onun öz efirində az qala adamlar bir-birini döysün. Bu etiketdən çıxmaq deyildi, mənim başıma gələn faciə ictimaiyyətin tərbiyəsini pozur? Mən o mövzunu heç danışmaq istəmirdim. Sadəcə proqrama qonaq olan qadının taleyində öz taleyimi gördüm və mövzu beləcə açıldı. 

- Ərinizin sizi öz qardaşınızın arvadı ilə aldatması nə zaman olub?

- 27 il öncə. Onda qızımın 2, oğlumun 1 yaşı var idi. Qızım az-çox mənim atası tərəfindən döyülmələrimi xatırlayır, oğlum isə heç nə xatırlamır. Biz ayrıldıq. Bu hadisə iki ailəni birdən dağıtdı. Qardaşım da, boşandı mən də. Mənə bəzən deyirlər ki, qardaşının uşaqları utanır. Onların analarının elədiyi qələtə görə mən qınanmalı deyildim. Bizim cəmiyyətdə həmişə hadisə olanda qadınlar qınanılır. Biz buna o qədər meyilli toplumuq ki. Amma heç vaxt yada salmırıq, tək hakim var o da rəbbimizdir yaradandır. Mən peşman deyiləm. Heç nə gizli qalmır.

Nəzakət Məmmədova

- Qardaşınızla münasibətləriniz necə oldu o hadisədən sonra?

- Belə, normal. İndi çox isti sayılmaz.

- İndi kimsə sizə sərhədlər çəkə bilir? 
- Yox. Uşaqlarımı öz əməyimlə böyütmüşəm, heç kim heç nə deyə bilməz. Mənə başımda duran həyat yoldaşım söz deyə bilərdi, o da yoxdur.

- Yenidən ailə qurmaq niyyətiniz var? 

- Təklik yaradana məxsusdur. Oğul da, qız da ailə qurub gedəcək. Yanımda kimsə olmalıdır. Sadəcə ailə quracağım adam gərək gözəl xarakter sahibi ola. Mənim xəyalımdakı kişi yoxdur. O məndən güclü olmalıdır, həm maddi, həm də mənəvi cəhətdən. Ərə gedim, kişi müqəvva kimi dayansın mən yenə əziyyət çəkim, neynirəm o kişini? Kişilik cinsiyyət məsələsi deyil, şalvar geyinməklə olmur, biz də şalvar geyinirik. Demirəm milyoner olsun. Hər şey pul deyil. Amma sən başını yerə qoyanda gərək bir stəkan su versin, dərdinə ortaq olsun, qayğını çəksin. Bir sözlə, arxam, dayağım olsun.

- Bir ara aktrisa Çimnaz Sultanova ilə qalmaqala düşdünüz. Münasibətlər normallaşıb?

Çimnaz Sultanova

- Mən onun adını çəkməmişdim. Bilirsiz kişi də qadın da öz adına uyğun olmalıdır. Gözəl baxımlı qadın olmaq o demək deyil ki, sən qıçını başından yuxarı qaldırıb poz verəsən. Bura efirdir, ağsaqqallar baxır, sinəsini açıq qoyub. Dekoltesindən bütün sinəsi görünür, ondansa sinəni tamam açıq qoy, gizlətmə daha yaxşı. Çimnaz insanı göz zinasına soxur, büdrəmə daşıdır. Niyə ona baxıb kiminsə kişisi şəhvət keçirməlidir? Mən təhqir etmədim tənqid etdim, o başladı ağzına gələni deyib, mənim üstümdən reytinq toplamağa. Elə sözlər işlətdi ki, bunu yalnız küçə qadınları deyə bilərdi.

- Eşitdim siz xristian olmusunuz?

- Protestantam. Hər bazar günü səhər 6 da kirxaya gedib dua edirəm. Mən xaçpərəst, bütpərəst deyiləm. Bizim inancımız fərqlidir. Məsələn protestantlarda da sünnət olunmaq ayini var. İsa Məsihin davamçısıyam, xilas olunmuşlardanam, 12 il öncə qızım möhkəm xəstələndi, dua etdim, Məsih xilas elədi. Mən də məsihçiyəm, balalarım da.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9132
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar