ABŞ-da 99 yaşlı qadın konsert zamanı səhnədən tamaşaçıların üzərinə atılaraq dünya rekorduna imza atıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Ohayo ştatında yaşayan Paulina Kana qeyri-adi hərəkəti ilə diqqət mərkəzinə düşüb.
Hər şey qadının nəvəsi Rossla basketbol oynaması zamanı başlayıb. Ross nənəsinin onun top atışının qarşısını aldığı anı videoya çəkərək sosial şəbəkədə paylaşıb. Görüntülər qısa müddətdə geniş yayılıb və milyonlarla insanın marağına səbəb olub.
Bundan sonra nəvə və nənə Paulinanın həyatı haqqında sənədli film çəkməyə qərar veriblər. Onlar qadının həyata keçirmək istədiyi arzuların siyahısını hazırlayıblar. Siyahıdakı məqsədlərdən biri də dünya rekordu qırmaq olub. Bunun üçün konsert zamanı səhnədən tamaşaçıların üzərinə atılmaq qərara alınıb.
Onların tanışı olan kantri ifaçısı Brantli Gilbert Paulinaya öz konsertində bu arzusunu reallaşdırmağa kömək edib. Təxminən 20 min insanın iştirak etdiyi konsertdə 99 yaşlı qadın səhnədən izdihamın üzərinə atılıb. Tamaşaçılar onu əlləri üzərində qaldıraraq dalğalar kimi bir-birinə ötürüblər.
"Məni üç dəqiqədən çox, demək olar ki, bütöv bir mahnı ərzində əlləri üzərində saxladılar. Qollarımı açdım və sanki göyə toxuna biləcəyimi hiss etdim", – deyə Paulina həmin anları təsvir edib.
Qadın həyatından da danışıb. O bildirib ki, fermada böyüyüb və yeddi uşaqlı ailənin ən kiçiyi olub. İkinci Dünya müharibəsi zamanı döyüş sursatlarının hazırlanmasında çalışıb. Daha sonra müxtəlif zavodlarda işləyib və 83 yaşına qədər əmək fəaliyyətini davam etdirib.
Paulina Kana yaşından asılı olmayaraq insanları arzularının arxasınca getməyə çağırıb.
"Həyatınızı ən yaxşı şəkildə yaşamaq üçün heç vaxt gec deyil. Yeni bir şey etmək istəyirsinizsə, bunu elə indi edin", – deyə 99 yaşlı qadın bildirib.