Bu gün "APA Group"un konfrans zalında gənc yazar Ayxan Ayvazın “Pəncərəsiz” kitabının təqdimat mərasimi keçirilib.
Lent.az xəbər verir ki, “Pəncərəsiz” romanı dövrümüzün əsas problemlərindən olan intihar mövzusunu ələ alıb.
Təqdimatda bildirilib ki, müəllif “Pəncərəsiz” romanını 3 il ərzində yazıb. O, bu əsərində həyatın reallıqlarını əlavə rənglər qatmadan, öz duyğularının süzgəçindən keçirərək, təsvir etməyi bacarıb.
Təqdimatda çıxış edən "APA Group"un rəhbəri Vüsalə Mahirqızı Ayxan Ayvazın istedadlı bir yazar olduğunu qeyd edərək, bu romanla fərqli bir Ayxan Ayvazla qarşılaşdığını söylədi: “Romanı oxudum, xoşuma gələn cəhət o oldu ki, roman gərəksiz sitatlarla bəzədilməyib. Bu kitab hamımızın həyatından bəhs edən, bizdən biri olan qəhrəmanın həyatının təsviridir. Onun bu əsərində mən fərqli, bir az daha böyümüş, bir az daha qocalmış Ayxan gördüm. Yazdığı duyğuları hiss etmiş, yaşamış bir müəllifin əl işi olduğu hiss olunurdu. Fikrimcə, Ayxan bu romanı içindəki ağrını çıxarmaq üçün və yeni mərhələyə adlamaq üçün yazıb. İnanıram ki, Ayxanın bundan sonrakı yaradıcılığında bu ağrılara yer olmayacaq. Bu əsər Ayxan Ayvazın ruhunu tanımaq baxımından mənə maraqlı gəldi. Əsərdə gələcəyə ümid və həyata sevgi var. Bu mənada “Pəncərəsiz” romanı bizim oxucularımıza lazımdır”.
Təqdimatda çıxış edən jurnalistlər Qabil Abbasoğlu, Mirmehdi Ağaoğlu, Vüqar Babazadə, Rəvan Cavid, Murad Muradov və Samirə Əşrəf kitab və yazıçının yaradıcılığı barədə müsbət fikirlərini ifadə etdilər.