Tarixin ən qorxulu səsi:  Astek ölüm fiti  necə səslənir? - VİDEO
13 iyun 2025 16:47 (UTC +04:00)

Tarixin ən qorxulu səsi: Astek ölüm fiti necə səslənir? - VİDEO

Alimlər beynin ən qorxulu qışqırığa necə reaksiya verdiyini yoxlayıblar.

İnsan bədəni qorxulu səslər çıxara bilir, məsələn, çox vaxt ölümün yaxınlaşdığını xəbər verən "ölüm nəfəsi" adlanan səs - lakin bunların heç biri qədim asteklərin yaratdığı səslə müqayisə oluna bilməz.

Söhbət "ölüm fitindən" gedir ki, onun akustikası XXI əsrdə belə insanları vahiməyə salır. Bir hadisədə, qapı zənginin kamerası tərəfindən qeydə alınan səs, küçədə gəzən bir adamı itiylə birlikdə təşvişə salıb - kişi qorxudan tezliklə evə qaçaraq gizlənib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qəribə səs qədim musiqi aləti olan astek "kəllə fiti"nə məxsus olub. Bu alət eramızın 1250–1521-ci illərinə aid edilən dəfn yerlərində tapılıb. Onilliklər ərzində arxeoloqlar onun nə məqsədlə istifadə olunduğunu tam müəyyən edə bilməyiblər. Hər şey ondan sonra dəyişib ki, tədqiqatçılardan biri tapıntıya ilk dəfə üfürməyə cəsarət edib: alət insanın əziyyət çəkən qışqırığını xatırladan bərk və dəhşətli bir səs çıxarıb.

Bu gün, 3D çap texnologiyası sayəsində mütəxəssislər fitin dəqiq surətini hazırlayıb, onun insan psixikasına təsirini araşdıra biliblər. Alimlər bir qrup könüllünü dəvət edərək beynin qorxulu səsə verdiyi neyron reaksiyanı öyrəniblər.

Aparıcı tədqiqatçı, professor Saşa Fryuğoltsun sözlərinə görə, “səs kobud və yüksək tezliklidir, və dinləyicilər olaraq siz belə səsləri adətən xoşlamırsınız.” İştirakçıların beyin aktivliyi göstərdi ki, fitin səsini dinləyərkən onlarda yüksək səviyyədə narahatlıq və çaşqınlıq yaranır. Bu məlumatlar fiti insan qurbanvermə mərasimləri də daxil olmaqla qorxu yaradan rituallarda istifadə olunduğu ehtimalını təsdiqləyir.

Bəzi tarixçilər isə hesab edirlər ki, bu fitlər döyüş zamanı da istifadə edilə bilərdi - düşmən tərəfdə vahimə və xaos yaratmaq məqsədilə. Doğrudan da, bu səs çox ağır təəssürat yaradır - əzab içində qışqırıq, buxar səsi və fit verən çaydanın cingiltisinin qarışığına bənzəyir və başqa bir şeylə səhv salmaq çətindir.

XIV–XVI əsrlərdə Mərkəzi Meksikada çiçəklənən astek sivilizasiyası rituallarla insan qurbanverməni geniş şəkildə tətbiq edirdi. Fitlərin istifadəsi ilə bağlı dəqiq sübutlar tapılmasa da, qəbir tapıntıları və müasir dinləyicilərin beynində yaratdığı təsir onların ölüm rituallarında əhəmiyyətli rol oynadığı fikrini irəli sürməyə əsas verir.

Beləliklə, asteklərin "ölüm fiti" təkcə arxeoloji tapıntı olaraq qalmaqla yanaşı, qədim sivilizasiyaların səsi psixoloji təsir vasitəsi kimi necə istifadə etdiyini də nümayiş etdirir. Hətta bu gün, əsrlər keçdikdən sonra belə, bu səs insanlarda qorxu və çaşqınlıq yaratmağa qadirdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar