Katolik kilsəsi 88 yaşında vəfat edən Roma Papası Fransiskdən sonra onun varisini seçmək üçün uzun bir prosesə başlayacaq. Onun ölümündən ən azı 15 gün sonra səsvermə hüququ olan 135 kardinal yeni Papa seçilənə qədər xüsusi bir mərasim – konklav üçün qapalı şəkildə toplanacaq.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, indidən “dünyanın ən gizli seçkilərinin” nəticəsi süni intellekt proqnozlaşdırıb.
OpenAI şirkətinin ChatGPT məlumatlarına görə, Roma-Katolik kilsəsinin yeni rəhbəri kardinal Pietro Parolin ola bilər. Süni intellekt qeyd edir ki, 70 yaşlı italiyalı, Papa Fransiskin işinin təbii davamçısı hesab olunur və bukmekerlər arasında liderdir.
“2013-cü ildə Vatikanın dövlət katibi təyin olunduğu andan etibarən Parolin həm islahatçıların, həm də ənənəçilərin qəbul etdiyi varis namizədi kimi görülür”, – ChatGPT-nin analizində bildirilir.
Qapalı səsvermədə, xüsusilə Avropa və Latın Amerikasından olan kardinalar arasında o, təhlükəsiz kompromis namizəd sayılır. Lakin süni intellekt vurğulayır ki, növbəti Papanın kim olacağını proqnozlaşdırmaq son dərəcə çətindir və “fərq çox azdır – ilk üç-dörd namizəddən biri qalib gələ bilər”.
Kardinal Parolin az fərqlə liderlik edir – onun seçilmə şansı 37 faizdir. İkinci yerdə isə 67 yaşlı, keçmiş Manila arxiyepiskopu kardinal Luis Antonio Tagle gəlir – onun seçilmə ehtimalı 32 faizdir.
Parolin Papa Fransiskin siyasətini davam etdirəcək bir namizəd hesab olunur və onun pontifikat dövrü boyu Fransiski dəstəkləyib. Lakin özü Fransisk qədər liberal deyil. Məsələn, 2015-ci ildə İrlandiyada eyni cinsli evliliklər qanuniləşdirildikdən sonra o, bunu “bəşəriyyətin məğlubiyyəti” adlandırıb. Bununla yanaşı, 2018-ci ildə Çinlə bağlanmış müqavilə onun mövqelərini zəiflətdi – bir çoxları bu addımı Çin Kommunist Partiyasına güzəşt kimi qiymətləndirib.
Digər mümkün namizədlər:
Kardinal Luis Antonio Tagle – Fransiskin sevimlisi, “Asiyalı Fransisk” ləqəbi alıb. Onun seçilməsi tarixi hadisə olardı – Asiyadan olan ilk Papa.
Kardinal Peter Tarksun – 76 yaşında, keçmiş Keyp-Kost yepiskopu, ilk qaradərili Papa ola bilər.
Kardinal Peter Erdo – 72 yaşında, Macarıstandan olan konservativ arxiyepiskop.