Nyu Cersi Texnologiya İnstitutunun alimləri Yerin qaraldığını elan edib. Səbəb planetin və okeanların qlobal istiləşməsidir.
Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, Nyu Cersi Texnologiya İnstitutunun tədqiqatçıları, Ayı işıqlandıran yer işığını müşahidə edərək Yerin əks etdirmə gücünü ölçüblər.
Araşdırma üçün 1998-ci ildən 2017-ci ilə qədər, təxminən 20 illik məlumatlar toplanıb. Ölçmələr Yerin 1998-ci illə müqayisədə hər kvadrat metrə təxminən yarım vat daha az işıq əks etdirdiyini göstərib.
Bu, Yerin əks etdirmə qabiliyyətinin 0,5 faiz azalmasına bərabərdir. Planetimiz hazırda Günəş işığının ona çatan təxminən 30 faizini əks etdirmə gücünə malikdir. Yerin parlaqlığı həm ona çatan Günəş işığının miqdarından, həm də planetin əks olunma qabiliyyətindən asılıdır. Amma qlobal istiləşməyə bağlı olan okean istiləşməsi daha az parlaq buludların əmələ gəlməsinə səbəb olur, bu da daha az Günəş işığının kosmosda əks olunması deməkdir. Əvvəlki araşdırmalar, istiləşən planetin daha böyük bir əks etdirmə yaradacağını və bununla da istiləşmənin bir hissəsini azaldacağını ümid edirdi.
Ancaq nəticələrə görə işığın azalması istiliyi azaltmaq əvəzinə artırır. Bu, planetin gələcəyi üçün daha böyük təhlükə deməkdir.