Saç tökülməsinə  qarşı   evdə hazırlanan təbii tonik
01 oktyabr 2026 16:29 (UTC +04:00)

Saç tökülməsinə qarşı evdə hazırlanan təbii tonik

0

Mövsüm keçidləri, stress, düzgün qidalanmama və ətraf mühit amilləri zamanla saç tellərinin nazilməsinə və saç köklərinin zəifləyərək tökülməsinə səbəb ola bilər. Kimyəvi tərkibli məhsullardan başqa, təbii vasitələrə üstünlük verənlər üçün ev şəraitində hazırlanan bitki tərkibli tonik alternativ kimi göstərilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, xüsusilə baş dərisində qan dövranını sürətləndirən bəzi bitki qarışıqları saç follikullarının fəaliyyətini dəstəkləyə, saçların daha dolğun görünməsinə kömək edə bilər.

Saç üçün detoks və gurlaşdırıcı qarışım

Bu təbii qarışım üçün 2 stəkan xlorsuz su, 2 xörək qaşığı qurudulmuş və ya təzə rozmarin (bibəriyə), 1 xörək qaşığı qurudulmuş gicitkən otu, istəyə bağlı olaraq isə 1 çay qaşığı şirin badam yağı və ya kokos yağı lazımdır. Xüsusilə quru saç tipinə malik olanlar üçün yağ əlavə etmək tövsiyə olunur.

Hazırlanma qaydası

Kiçik qazanda 2 stəkan su qaynadılır. Su qaynadıqdan sonra ocaq söndürülür və içinə rozmarinlə gicitkən əlavə olunur. Qabın qapağı bağlanaraq qarışım 15-20 dəqiqə dəmlənməyə qoyulur. Bildirilir ki, efir yağlarının itməməsi üçün qapağın bağlı qalması vacibdir.

Sonra qarışım süzgəcdən keçirilir və bitki qalıqlarından təmizlənir. Alınan maye otaq temperaturunda soyudulur və sprey başlıqlı təmiz qaba tökülür.

Necə istifadə olunur?

Saç yuyulduqdan sonra hazırlanan tonik nəm və ya quru baş dərisinə bol şəkildə püskürdülür. Ardınca barmaq ucları ilə dairəvi hərəkətlərlə ən azı 5 dəqiqə masaj edilir. Bu masaj həm qarışımın sorulmasını artırır, həm də baş dərisində qan axınını sürətləndirir.

Bu tonik saçda yağlı təbəqə yaratmadığı üçün adətən yuyulmadan saxlanılır. Ancaq saçı tez yağlanan şəxslər tətbiqdən təxminən 1 saat sonra saçlarını ilıq su ilə yuya bilərlər.

Bu qarışım necə təsir göstərir?

Rozmarinin baş dərisində mikrosirkulyasiyanı, yəni xırda damarlar üzrə qan dövranını stimullaşdırdığı bildirilir. Bu isə saç köklərinə daha çox oksigen və qida maddəsinin daşınmasına kömək edə bilər. Həmçinin, mənbədə rozmarinin saç tökülməsində rol oynayan DHT hormonunun təsirini zəiflətməyə yardım etdiyi qeyd olunur.

Gicitkən isə silisium, dəmir, A və C vitaminləri ilə zəngin hesab olunur. Onun zəifləyən saç tellərini dəstəklədiyi, kəpəklənmə və iltihab riskini azaltdığı, bununla da yeni saçların çıxması üçün daha sağlam mühit yaratdığı bildirilir.

İstifadə tezliyi və vacib xəbərdarlıqlar

Ən yaxşı nəticə üçün bu qarışımın həftədə 2-3 dəfə, ən azı 2 ay ərzində mütəmadi tətbiq olunması tövsiyə edilir. Bununla yanaşı, təbii məhsulların da allergik reaksiya verə biləcəyi vurğulanır.

Bu səbəbdən qarışımı baş dərisinə tam tətbiq etməzdən əvvəl biləyin iç hissəsində və ya qulaq arxasında az miqdarda yoxlama aparmaq məsləhət görülür. Əgər baş dərisində güclü ekzema, açıq yara və ya xroniki dəri problemi varsa, belə bitki tərkibli tonikdən istifadə etməzdən əvvəl dermatoloqa müraciət etmək tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar