Roma papaları  niyə adını dəyişdirir? - Kosmosun əlaqəsi var
28 aprel 2025 13:44 (UTC +04:00)

Roma papaları niyə adını dəyişdirir? - Kosmosun əlaqəsi var

Dünya Papa Fransiskin vəfatını və dəfn mərasimini yaşadı. O, 2025-ci ilin 21 aprelində bu dünyadan köçdü. Çox yaxın günlərdə yeni Papa seçmək üçün konklav toplanacaq. Hər yeni Papa adını dəyişir və bu ənənənin arxasında minilliklərə dayanan bir tarix, dramatik qərarlar və hətta “kosmosla gözlənilməz əlaqələr” dayanır. Bu ənənə niyə Vatikanın ən hörmət edilən qaydalarından birinə çevrilib və əslində nəyi ifadə edir?

Lent.az mövzuyla bağlı araşdırmasını təqdim edir.

Niyə Papalar adlarını dəyişirlər?

Bir kardinal Papa seçiləndə, yalnız Kilsəni idarə etmir, həm də onun simvoluna çevrilir. Adın dəyişdirilməsi sadə bir formallıq deyil, ruhani yenidən doğuluşun əlamətidir. Necə ki, Bibliyada Avram İbrahimə, Savl isə Pavla çevrildi, eləcə də yeni Papa göstərir: keçmiş arxada qalır, yeni bir dövr başlayır.

Hər seçilən ad təsadüfi seçilmir: bu, sevilən bir müqəddəsə həsr oluna, əvvəlki böyük Papaya ehtiram ifadə edə və ya gələcək niyyətlərini bəyan edə bilər. Ad dəyişmək ənənəsinin dərin tarixi kökləri var və həm praktik səbəblərlə (məsələn, bütpərəst adlardan qaçmaq üçün), həm də güclü simvolizmlə bağlıdır.

Yeni adın qəbul edilməsi yeni bir xidmət mərhələsini, əvvəlki dünyəvi həyatdan imtinanı, hörmət edilən sələflərə bənzəmək istəyini və pontifikat proqramının müəyyənləşdirilməsini ifadə edir. Bu seçim təkcə Papa üçün deyil, bütün Katolik Kilsəsi üçün əhəmiyyət daşıyır və papa tarixinin ən maraqlı cəhətlərindən biridir.

İlk kim və niyə adını dəyişdi?

İlk dəfə adını dəyişən Papa II İoann olmuşdu (533-cü il). Onun əsl adı Merkuri idi – Roma ticarət tanrısının şərəfinə qoyulmuşdu. Bütpərəst tanrının adını daşıyan bir şəxsin xristian dünyasına rəhbərlik etməsi? Aydındır ki, belə olmazdı. İnamlıları narahat etməmək və İsa Məsihə sədaqəti vurğulamaq üçün o, Müqəddəs İoann Baptistin adını qəbul etdi.

Bu hadisə yeni bir ənənənin əsasını qoydu və sonralar Papa seçimi mərasimində ayrılmaz bir hissəyə çevrildi. Maraqlıdır ki, Merkuri bu günlərdə adını daşıdığı planetlə, xüsusən də onun geriyə hərəkəti zamanı Yer üzündə insanlara çətinliklər yaratması ilə assosiasiya edilir.

Həmişə ad dəyişdirilirdimi?

Xeyr. VI əsrə qədər Papalar adlarını dəyişmirdilər. Lakin II İoannadan sonra bu addım demək olar ki, vacib bir qaydaya çevrildi. Öz adını qoruyub saxlayan sonuncu Papa Marçell II oldu (1555-ci il) – amma onun pontifikatı cəmi üç həftə davam etdi.

Yeni ad necə seçilir?

Bunun üçün sərt qaydalar yoxdur. Adətən Papalar özlərindən əvvəlki Papalardan, müqəddəslərdən və ya şəxsi ruhani ideallarından ilham alırlar. Məsələn, Papa Fransisk adını Müqəddəs Fransisk Assizliyin şərəfinə seçdi – o, yoxsulluq, sadəlik və təbiətə sevgi simvoludur. Onun əsl adı isə Xorxe Mario Berqolio idi.
O, bu adı seçdi, çünki Müqəddəs Fransisk Assizli var-dövlətdən imtinanın, yoxsullara köməyin və yaradılışa sevginin rəmzidir.

Papa Fransisk belə demişdi:

"Mən Fransisk barədə düşündüm: sülh insanı, yoxsulluq insanı, yaradılışı sevən və qoruyan insan".

Oksford Universitetindən dinşünas və tarixçi professor Conatan Hili isə izah edir:

"Papa adının dəyişdirilməsi kapriz və ya protokol deyil. Bu çox güclü bir işarədir: seçilməzdən əvvəl tanınan şəxs artıq mövcud deyil. Artıq o, katoliklərin yeni ruhani kainatının mərkəzidir".

Yeni seçilmiş Papa konklav zamanı seçimini qəbul etdikdən dərhal sonra adını özü seçir. Tarix boyunca ən populyar adlar bunlar olub: İoann, Qriqori, Benedikt, Lev, Piy və Kliment.

Son 450 ildə hər bir Papa adını dəyişib və bu güclü bir ənənəyə çevrilib, lakin hüquqi baxımdan məcburi deyil. Teorik olaraq, Papa öz adını da saxlaya bilərdi, amma bu, uzun illərdir davam edən ənənənin misli görünməmiş bir pozuntusu olardı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 520

Oxşar yazılar