LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 30-CU YAZINI TƏQDİM EDİR.
Tarix: 22 oktyabr 2005
Əlverişli mövqeyinə görə Azərbaycan həm də aviasiya marşrutları üzərində yerləşir. Bir çox ölkə vətənimizin hava məkanından istifadə edir. Bəzən ölkəmizin səmasında xarici təyyarələr də qəzaya uğrayır. 2005-ci ilin oktyabrında olduğu kimi.
Rusiyaya məxsus Ka-52 helikopteri Krasnodardan qalxaraq Trabzona təhlükəsiz şəkildə uçuş həyata keçirir. Helikopter buradan götürdüyü yükü Pakistanda zəlzələdən zərər çəkənlərə yardım aparırdı.
Lent.az-ın xəbərinə görə, saat 14.52-də Gəncəyə aralıq enişi edən heyət Türkmənbaşıya getmək üçün təkrar havaya qalxır və uçuş 2700 metr yüksəklikdə davam edir.
Startdan 10 dəqiqə sonra saat 15.21-də Gəncənin dispetçeri komandirə bildirir ki, bundan sonra Bakıdakı dispetçerlə əlaqə qurulmalıdır. Pilotlar çağırışa cavab vermirlər. Ardınca Azərbaycan ərazisindən helikopterlə rabitə qurmağa edilən bütün cəhdlər faydasız olur. Saat 15.28-də maşın Gəncə ilə Bakı arasında radarlardan itir.
Gəncədən qalxdıqdan 38 dəqiqə sonra qəzaya uğrayan helikopter bir gün sonra Göyçayda dağlıq ərazidə (Bakıdan təxminən 200 km aralı) yanmış halda tapılır. Detallar qoparaq 600 metr əraziyə səpələnmişdi.
Qəzanın araşdırılması üçün Azərbaycan XİN, DİN və Rusiya nümayəndələrindən ibarət dövlətlərarası komissiya yaradılır. Komissiyanın gəldiyi rəyə görə, qəzaya vertolyotun icazə veriləndən daha böyük sürətlə idarə edilməsi nəticəsində mühərrikin sürətlə aşınması səbəb olub. Ehtimala görə, pilot eniş zamanı relyefi də nəzərə almadığı, kobud eniş etdiyi üçün maşın yerə enərkən dağılıb. 5 nəfərlik heyətdən sağ çıxan olmayıb.
Həlak olan heyət üzvləri Krasnodarda dəfn edilib.