İki klinik ölüm keçirən amerikalı Debora Prum gördüklərini və hiss etdiklərini təsvir edərək, ölümün o tayında yaşadığı işıq, enerji və tam sakitlik dolu təcrübədən danışıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ-ın Vircinya ştatında yaşayan Debora iki dəfə həyatı bahasına gələn hadisə yaşayıb və həmin anlarda bədənindən ayrıldığını hiss edib.
Birinci klinik ölüm 1980-ci illərin ortalarında, Deboranın ilk övladına hamilə olduğu vaxt baş verib. Qadında qəfil olaraq təzyiq yüksəlib, qan dövranı və qaraciyər fəaliyyətində ciddi problemlər yaranıb, bir neçə dəfə qıcolma keçirib. O an Debora öz bədənindən ayrıldığını hiss edib: “Mən özümü tavandan izləyirdim. Fiziki varlığım sanki yox idi. Hər şey sakit, qorxusuz və dərin rahatlıq içində idi,” – deyə o xatırlayır.
İkinci hadisə 20 ildən çox sonra baş verib. Debora və həyat yoldaşı ağır avtomobil qəzasına düşüblər. Həmin an qadın sanki sarımtıl işıqla dolu, enerjili bir məkanda olduğunu hiss edib. “Mən artıq ayrı bir şəxs kimi hiss etmirdim. Sanki daha böyük bir həyat qüvvəsinin parçasına çevrilmişdim. Tam sakitlik və təhlükəsizlik duyğusu vardı,” – deyə Debora danışır.
Qəza zamanı o, yaxınlaşaraq əlini tutan, lakin başqalarının görmədiyi bir kişinin varlığını da xatırlayır. “O, mənə hərəkət etməməyi dedi və əlimi tutdu, təcili yardım gələnə qədər yanımda qaldı. Lakin nə ərim, nə də xilasedicilər onu görmədilər,” – deyə o əlavə edib.
Hər iki dəfə Debora bədənindən ayrılma və hadisələri başqa bucaqdan izləmə təcrübəsini yaşayıb. Birinci klinik ölüm zamanı o, üç gün koma vəziyyətində qalıb, yeni doğulan oğlu isə iki həftə reanimasiya şöbəsində müalicə olunub.
“Bu iki klinik ölümü yaşamasaydım, belə təcrübələrin mövcud olduğuna inanmazdım,” – deyə qadın etiraf edir.
Elm adamları son illərdə klinik ölüm keçirən insanlarda bu cür təcrübələrin işıq, sükunət və bədən xarici müşahidə halları daha çox qeydə alındığını bildirirlər. Deboranın hekayəsi göstərir ki, bəziləri üçün “o dünya” sakitlik, enerji və həyatla birləşmə halı kimi təzahür edə bilər.