Afrika qitəsi iki hissəyə bölünür.
Lent.az xəbər verir ki, bu barədə Kil Universitetinin alimlərinin “Journal of African Earth Sciences” jurnalında dərc edilmiş araşdırmasında deyilir.
Bu proseslə bağlı ilkin məlumatlar 1960-cı illərin sonunda Efiopiyanın Afar bölgəsində aparılan tədqiqatlar zamanı əldə edilmişdi. Həmin ərazi Yer üzərində ən əlverişsiz iqlimə malik yerlərdən biridir. Yeni texnologiyalar isə bu fenomeni daha dəqiq araşdırmağa imkan verib.
“Bu köhnə məlumat dəstlərini birləşdirib onların analizində müasir texnologiyalardan istifadə edən tədqiqatçılar həmin bölgədə Yer qabığının maqnit strukturu barədə yeni məlumatlar əldə etdilər. Bu isə onlara Afrika qitəsinin necə yerini dəyişdiyini, uzandığını və “riftogenezd” deyilən proses nəticəsində hissələrə parçalandığını daha yaxşı anlamağa imkan verir”, - məqalədə deyilir.
Maqnit məlumatlarını araşdırarkən alimlər Afrika və Ərəbistan arasında ayrılmanın ilkin mərhələsini aşkar ediblər. Vaxtilə bu iki quru sahəsi bir-birinə “pazl” kimi bağlı olub. Tam ayrılma baş verdikdə, yəni təxminən 5–10 milyon ildən sonra Afrika iki böyük quru massivindən ibarət olacaq.
Kiel Universitetinin geoloqu professor Piter Staylsın sözlərinə görə, bu araşdırma planetimizin necə daima dəyişdiyini və bunun birbaşa ayağımızın altında baş verdiyini görmək üçün unikal fürsət yaradır.