Dövrümüzün Robinzonu  - Ərəb şeyxi 50 milyon versə də, adasını satmadı
13 yanvar 2023 10:40 (UTC +04:00)

Dövrümüzün Robinzonu - Ərəb şeyxi 50 milyon versə də, adasını satmadı

Britaniyalı jurnalist Brendon Qrimşou 36 yaşına qədər hamı kimi adi həyat yaşayırdı. O, İngiltərə qəzetlərindən birinin baş redaktoru idi, lakin həyat tərzini dəyişmək istəyirdi. 

Lent.az müasir dövrün könüllü Robinzonu, ən tənha adamı haqqında maraqlı məlumatı təqdim edir

Baş redaktor xəyallarını gerçəkləşdirmək üçün pul toplamağa başlayır və Seyşel adalarından birini, kiçik Muayen adasını 13 min dollara satın alır. Britaniyadakı işini buraxıb, həmişəlik öz adasına köçür. Həm də tək-tənha.

Muayenə köçəndə adaya son 50 ildə insan ayağı dəyməmişdi. Brendon Qrimşou - müasir Robinzon anlayır ki, ona mütləq “Cümə” lazımdır və o qonşu adalardan birində yaşayan Rene Laforten adlı yerli sakini özünə köməkçi tutur. Laforten adada yaşamır, sadəcə müntəzəm olaraq adaya, Brendona kömək etməyə gəlirdi. Brendon isə düz 10 il ayağını adadan kənara basmayıb.

Adada yaşadığı illərdə o, öz əlləri ilə düz 16 min ədəd ağac əkib, nəsli kəsilməkdə olan nəhəng tısbağaların sayını artırmaq üçün öz adasında onlara şərait yaradıb. Hazırda Brendonun adasında nəhəng tısbağaların sayı minlərlədir.

Bundan əlavə, “Robinzon” adaya 2000 növ quşun uçub gəlməsinə səbəb olub. Bir zamanlar quraqlıq sayılan bu adada indi Seyşel adalarının faunasının üçdə ikisi məskunlaşıb. Unudulmuş torpaq parçası insan əli ilə cənnətə çevrilib. 2007-ci ildə Rene həyatını itirib, o zaman Brendonun 81 yaşı var idi. Lakin o, qocalıqdan, tək qalmaqdan qorxmayaraq, adasında ömür sürməyə davam edir. 

Ada reportyorların diqqətini cəlb edincə onun haqqında bütün dünyaya məlumat yayıldı. Dubay şeyxlərindən biri adanı 55 milyon dollara Brendondan satın almaq istəsə də, qoca razılaşmayıb, bu adanın milli park statusu almasına nail olub. Hazırda 96 yaşı olan Brendon tez-tez adaya gələn turistlərdən bir qədər narahat olsa da, adasının milyonçuların əyləncə məkanı deyil, hər kəsin qədəm basacağı milli park olmasından məmnundur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3855
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar