Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni müğənni Petek Dinçözə torpaq verməsi barədə yayılan xəbərə münasibət bildirib.
Lent.az xəbər verir ki, o, “Bizim Yol”a açıqlamasında məlumatın yalan olduğunu söyləyib:
“Petek xanımdı da, şou-biznes əhlidir, ağzına gələni deyib. Belə bir şey ola bilməz. Sizcə bu nə dərəcədə düzgündür? İcra hakimiyyəti torpaq vermir, torpağı bələdiyyə verir, onlar da verməyib, belə bir şey yoxdur. Olsa idi bu rəsmi olmalı idi. Bundan başqa xarici vətəndaşın burda torpaq alması mümkün deyil”.
Daha sonra Elxan Usubov bunları deyib:
“Petek xanım Ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə burda konsert verib. Konsertin təşkilatçıları Şəki Şəhər İcra Hakimiyyəti və “ARB” kanalı olub. Bu xanım da bu əsasla burda konsert verib. Ona burda heç kim torpaq verməyəcək, belə bir şey ola bilməz”.
Qeyd edək ki, P.Dinçöz “ATV maqazin onlarla” verilişinə açıqlamasında Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun ona torpaq sahəsi verəcəyini demişdi. Müğənni icra başçısının ona söz verdiyini qeyd etmişdi: “Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəyəm. Yay aylarında bura gələcəm”.