İlhamə Quliyeva millət vəkili Çingiz Qənizadəyə yenidən cavab verib. Xalq artisti Lent. az-a məktub ünvanlayıb : “Başa düşə bilmirəm, mənim yaşım sizi niyə belə qıcıqlandırır? Yəqin ki, simam gəncdir, ona görə. Biləsiniz ki, hələ 70 yaşı haqlamamışam. İnşallah, nə qədər şərəfli ömür yaşasam, bəzilərindən fərqli olaraq o mənim xoşbəxtliyimdir. Məsləhət görərdim ki, o dediyiniz kitabları özünüz oxuyub maariflənəsiniz. Sizin heç bir fikrinizə ehtiyac duymuram.
Ataların gözəl bir məsəli var: “Cəhənnəmə gedən özünə yoldaş axtarar”. Xahiş edirəm ki, şəxsən sizin tərəfdən yaranan bu xoşagəlməz məqamlara hörmətli millət vəkillərini qatmayasınız. Onların çoxu mənim dostlarımdır.
Sizə təkrar edib və sonuncu dəfə deyirəm ki, “mən yemirəm, başqalarına yedizdirirəm” kəlməsini hərə öz daxili mədəniyyəti və daxili diskomfortu səviyyəsində anlayır. Mən çox illərdir bir neçə köçkün ailəsinə halallıqla öz çörəyimi yedizdirirəm.
Sizə çox ayıb olsun. Siz gözgörəsi mənə əxlaqsız dediniz. Düşünmürsünüz ki, mənim şərəf və ləyaqətimə toxunduğunuz üçün məsuliyyət daşıyarsınız. Mənim əxlaqım bəllidir. Çünki mən xalq artisti, şöhrət ordenli Tükəzban xanımın övladıyam.
Siz yenə də məni şərləyirsiz. Buna görə də hər bir kəs öz cəzasını çəkir. Mən hər zaman dediyim sözlərə, atdığım addımlara cəsarətlə cavab verməyə hazıram. Heç kəsə hədə-qorxu gəlmirəm və sizin kimi də şantaj etmirəm. Mən bar gətirən məhsuldar sənətkaram. Mənə daş atanlar bilsinlər ki, o daş qayıdıb özlərinə dəyir və onlar cəmiyyətdə rüsvay, zəlil olurlar. O ki qaldı mənim hər çıxışımda ruhu şad olsun, ulu öndərimizin adını çəkməyimə, bu, mənim müqəddəs borcumdur. Çünki ulu öndərimizin hakimiyyəti zamanı mən sənətə gəlib, bir vətəndaş, sənətkar, şəxsiyyət kimi formalaşmışam. Heç vaxt buqələmun olmamışam, xalqıma, vətənimə, dövlətimə sadiq bir yolun yolçusu olmuşam. Bu gün də çox xoşbəxtəm ki, ulu öndərimizin şah əsəri olan İlham Heydər oğlu Əliyev deyirəm, ölənəcən də deyəcəm. Başım çıxmır, siz mənim dövlətimə qarşı sadiq olduğumu niyə qısqanırsınız? Bir yolun yolçusuyam və sizin mənim haqqımda nə düşündüyünüz mənim üçün göstərici deyil. Sizin fikriniz mənim üçün heç bir əhəmiyyət kəsb etmir.
Mən heç bir sosial şəbəkədə əyləşmirəm, heç kimlə heç nəyi paylaşmıram.
Mənim indidən sizə yazığım gəlir, çünki mənim o titullarımın hamısının sənədi var. Mətbuat katibim Faiq Ələkbərlinin “İnstagram” səhifəsini açın, gözünüzə eynək taxın, o sənədləri görün və susun! Çünki məni şərləyib, böhtan atdığınıza görə məhkəmədə mənim hüquqi vəkilim Şəfiqə Nağıyeva ilə görüşə bilərsiniz. Bəlkə siz hesab edirsiniz ki, millət vəkili toxunulmazdır və bu vəziyyətinizdən sui-istifadə edirsiniz? Sizə çatdırmaq istəyirəm ki, mən 2007-ci ildən rəsmi Dünya Sülh Səfiriyəm. Sənədlərin hamısı lazımi instansiyalara təqdim olunub. Bir də ki, mənim başım çıxmır, axı nəyə görə mən sizə bunları sübut etməliyəm? Siz gedin millət vəkili olduğunuz rayonun problemləri ilə məşğul olun. Axı mənə nə verib ala bilmirsiniz?
Cavan oğlan, Çingiz Qənizadə! Əgər hesab edirsiniz ki, mənim psixoloji durumum yerində deyil, sizə məsləhət görürəm mütləq həkimə müraciət edəsiniz. Öz psixoloji durumunuzu yoxlatdırasınız. Kim sizə haqq verib ki, məni tanımaya-tanımaya ünvanıma bu qədər şər-böhtan, təhqir deyirsiniz? Siz anlamırsınız ki, bunlar nə ilə nəticələnə bilər? Mən Vətənimdə sizdən də artıq status sahibiyəm. Əgər mən Dünya Sülh Səfiri tituluna layiq görülmüşəmsə, deməli, mən toxunulmazam. Lakin çox heyf olsun ki, siz bunları nəzərə almayıb, həddinizi aşdınız.
Siz ədalətli məhkəməni də şərləyirsiz. Yəqin ki, bunun üçün cavab verməli olacaqsınız. Əgər siz bu məhkəməni sifarişli hesab edirsinizsə, əlinizdə bir sübut varsa, onu üzə çıxarın. Dəstəklədiyiniz ifaçı televiziyada, mətbuat səhifələrində o qədər şərəf və ləyaqətimə toxunan fikirlər səsləndirib. Daxili işlər naziri cənab Ramil Usubova ərizəmlə müraciət etmişəm və nazirin göstərişi ilə ifaçı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılıb. İfaçının qarşısına mənim haqqımda dediyi tərbiyəsiz fikirlərin çəkilişini qoyanda ödünü udub və deyib ki, həmin fikirləri özüm barəsində demişəm. Məhkəmə prosesində həmin ifaçının haqqımda dediyi tərbiyəsiz fikirlərə görə “Onlar” verilişinin aparıcısı Afaq və müxbir Ruslan iştirak edərək bildiriblər ki, bu fikirləri İlhamə xanımın ünvanına söyləyib. Çingiz Qənizadə, bundan artıq nə istəyirsiz?
Avtomobilimi reklam etmək məsələsinə gəlincə deyə bilərəm ki, hörmət etdiyim jurnalist mənə sual verib, mən də cavab vermişəm. Sizdən icazə almalıyam? Mənim üç avtomobilim var, sizə nə var?
Titullar haqqında artıq danışmaq həvəsində deyiləm. Sizin dəstəklədiyiniz ifaçı televiziya efirlərində məni təhqir edib və bunun üçün də məhkəmə öz ədalətli qərarını çıxarıb. Körpə uşağı qorxutmursunuz. Mənə və ədalətli məhkəməyə hədə-qorxu gəlmək lazım deyil. Qanun qanundur, qanuna zidd getmək olmaz. Zaman hər şeyi göstərəcək. Bir halda ki, mənim haqqımda sizin fikirləriniz heç bir əhəmiyyət kəsb eləmir. Mən sizə bundan sonra heç vaxt cavab verməyəcəm. Çünki sizin fikriniz mənim üçün kriteri deyil.