Avropa Yayım İttifaqı (European Broadcasting Union-EBU) rəsmi şəkildə Rusiyanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanat müsabiqənin saytında dərc edilib.
Müsabiqənin nümayəndələri Rusiyanın tədbirdə iştirak etməsi üçün həll variantı tapmağa cəhd etdiklərini qeyd edib. Rusiya təmsilçisi Yuliya Samoylovaya videokörpü vasitəsilə çıxış etmək təklif olunub. Bundan başqa, Təşkilat Komitəsi təmsilçinin əvəzlənməsi imkanının da olduğunu bildiriblər.
“Təəssüf ki, hər iki variant “Birinci kanal” tərəfindən rədd olunub. Kanal rəhbərliyi “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamayacağını bəyan edib. Bu isə o deməkdir ki, Rusiya bu il müsabiqədə iştirak edə bilməyəcək. Biz həqiqətən istərdik ki, 43 ölkənin hamısı müsabiqədə iştirak etsin və bunun üçün əlimizdən gələni etdik”, - deyə bəyanatda qeyd olunub.