“Şeron”un rəhbəri: “Qrupumuzun adına ləkə vurmağa çalışırlar...” - MÜSAHİBƏ
24 iyun 2013 14:58 (UTC +04:00)

“Şeron”un rəhbəri: “Qrupumuzun adına ləkə vurmağa çalışırlar...” - MÜSAHİBƏ

“Şeron” qrupunun rəhbəri Ülvi Cəfərovun Lent.az-a müsahibəsi

 

- Öncə başlayaq yaradıcılıq işlərinizdən. Nə kimi yenilik var?

 

- Bu yaxınlarda sözləri Azər Şirinə, musiqisi Rəşad Bağırova aid “Bizdən aləm danışar” adlı mahnı ifa etmişik. Mahnı sevgi mövzusundadır. Repertuarımızda olan mahnılarımızın əksəriyyəti sevilib. Güman edirəm ki, bu mahnı da seviləcək. Sentyabrda isə mahnıya klip çəkdirməyi də düşünürük. Bəstəkar-müğənni Haci Nazimin iki mahnısını da ifa etmişik. Hazırda bu mahnılar Türkiyədə aranjeman olunmaqdadır.

 

- Qrupun keçmiş üzvi Sənan Əliyevlə yollarınızı ayırmalı oldunuz. Ayrılığa səbəb nə oldu?

 

- Artıq 6 il idi Sənan bizimlə çalışırdı. Amma 2 aya yaxın olar ki, o, solo karyeraya başlayıb. Ona uğurlar arzu edirəm. Sənanın yerinə isə yeni üzv seçmişik. Bu, köhnə “Qala” qrupunun üzvü Zaur Məhərrəmovdur.

 

- Sənanın qrupdan ayrılmasına səbəb onun solo karyeraya başlamaq istəyi ilə bağlıdır, yoxsa başqa bir səbəb oldu?

 

- Sənanı qrupa mən dəvət etmişdim. Bilirsiniz, elə bir iş yoxdur ki, orada cüzi söz-söhbət və problem olmasın. Bəzi məsələlər oldu ki, onun getməsinə təkan yaratdı. Həm də o, solo karyeraya başlamaq  istəyirdi. Hər zaman ona dəstək olmuşuq, yenə də dəstək olmağa hazırıq. Amma Sənan qrupdan ayrılandan bəri hələ üz-üzə gəlməmişik. Bir yerdə oturmamışıq. Onun da, bizim də başımız qarışıq olur.  

 

- Hüseyn Abdullayevin bəstəsi olan “Susma” mahnısını ifa etməyiniz birmənalı qarşılanmadı...

 

- On ilə yaxındır ki, biz Hüseyn Abdullayevin bəstəsi olan mahnıları oxuyuruq. Buna misal olaraq “Torpağın səsi”, “Naxçıvan”, “Dəyməz”, “Mümkün deyil”, “Öncə qürur, sonra aşk”, ”Bu da keçər” kimi mahnıların adını sadalaya bilərəm. Bu mahnılar dinləyicilər tərəfindən həqiqətən də sevilib. Hüseyn Abdullayevin bəstələrini nəinki biz, şou-biznesimizin digər sevilən ulduzları - xalq artisti Zülfiyyə Xanbabayeva, Röya və digər sənətçilər də oxuyub. “Susma” mahnısı barədə gəzən söz-söhbətlərə gəlincə, məsələni bu cür izah edərdim. Biz “Naxçıvan”, “Torpağın səsi” kimi vətənpərvər mahnılar ifa etmişik. “Susma”nı da həmin vətənpərvər mahnılar sırasından oxumuşuq. İfada heç bir problem olmayıb. Problem ifa etdiyimiz mahnıya çəkilmiş klipdədir. Mahnıya elə bir rolik yığıblar ki, klip mahnının mənasını kökündən dəyişib. Mahnıda olan sözlər ermənilərin vətənimizə etdikləri zülmlər haqqındadır. Amma klipi elə yığıblar ki, sanki bu sözləri öz ölkəmizə aid etmişik. Belə şey əsla ola bilməz. Çünki biz vətənimizi sevən, onun üçün canından keçməyə hazır olan ifaçılarıq. Ölkəmizdən çox razıyıq. Hər zaman dövlət tədbirlərində sevə-sevə çıxış etmişik. Bu, bizim üçün qürurvericidir. Ölkəmizdən, Prezidentimizdən çox razıyıq. Hətta prezident seçkiləri kampaniyasında, rayonlarda keçirilən dövlət tədbirlərində biz həmişə fəal olmuşuq. Bu kliplə bizim qrupun adına ləkə vurmağa çalışan bəzi qüvvələr oldu. Klip mahnının mahiyyətini 180 dərəcədə dəyişdi. Bu klipi kimin çəkdiyindən xəbərsizəm. Ola bilər ki, klipi Hüseyn Abdullayev çəkdirməyib. Əgər çəkibsə, bu işi görmədən öncə bizi niyə xəbərdar etməyib? Klip çəkilmədən öncə bizə desəydilər, qəti şəkildə narazı olardıq. Mən bu ölkənin suyunu içib, çörəyini yeyirəm, toylara gedib pul qazanıram. Niyə narazı olmalıyam ki? Ölkəmiz gün-gündən gözəlləşir, insanlarımız firavan yaşayır. Buna görə də prezidentimizə minnətdar olmalıyıq. Ümumiyyətlə, biz siyasətə heç vaxt qarışmamışıq. Qarışmaq fikrimiz də olmayıb. Biz ifaçıyıq. Mahnılarımızı oxuyub, pulumuzu qazanırıq.

 

- Klipi nə zaman gördünüz?

 

- Təxminən bir ay əvvəl. Dostum zəng elədi ki, ay Ülvi, “Susma” mahnısının klipindən xəbərin var? Mən də sakit-sakit dedim ki, “yox, nə olub ki?”. Girib internetdə klipə baxandan sonra dəhşətə gəldim. Bu klip vətənpərvər bir mahnını necə dəyişib. Bir neçə gün sonra klip bir çox saytlardan silindi. Amma “Youtube” kanalında qaldı. “Susma”nın klipi bizim adımıza, imicimizə bir ləkə oldu. Klipdə sadəcə bizim səsimiz gedib. Nə görüntümüz, nə adımız var. Klipdən xəbərimiz olmadan, kimlərsə bizdən istifadə etməyə çalışıb. Belə haqsızlıq olmaz axı. Biz bu vətənin oğlanlarıyıq. Hər zaman bizə etibar eləyib, dövlət tədbirlərinə çağırıblar. Biz onların əməyini heç vaxt itirmərik. Ən azından bu, nadanlıq olar. Bəzi qüvvələrin bizi əlində bayraq etməsinə imkan vermərik. 

 

- Bu məsələlərdən sonra mahnının bəstəkarı Hüseyn Abdullayevlə danışığınız olub?

 

- Yox, heç bir danışığımız olmayıb. Mahnını oxuyub studiyadan çıxmışıq.

 

- “Bandotdel”ə çağırılmağınız barədə xəbərlər dolaşırdı. Amma sonradan bu xəbərlərin şayiə olduğu məlum oldu. Bununla bağlı nə deyərdiniz?

 

- Bunlar sadəcə şayiədir. Bizə heç bir təzyiq yoxdur. Niyə aparsınlar ki? Cinayətkar deyilik. Adam öldürməmişik, baş kəsməmişik. Bizdən xəbərsiz klip çəkiblər. Bunda bizim nə günahımız var ki? 

 

- Bu söz-söhbətlərlə bağlı nə etməyi düşünürsünüz?

 

- Artıq bu söz-söhbətlərdən təngə gəlmişik. Biz də istəyirik ki, bu məsələ yoluna qoyulsun. Düz bir aya yaxındır ki, həmin kliplə bağlı söhbətlər gedir. Buna görə də sabah, yəni iyunun 25-də, saat 16:00–da BMM-də mətbuat konfransı keçirəcəyik. Sizin sayt vasitəsi ilə bütün media nümayəndələrini tədbirə dəvət edirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1958
avatar

Yalçın UĞUR

Oxşar yazılar