Onları hər gün efirdə, qəzet və jurnal səhifələrində, saytlarda görürsünüz. Müxtəlif açıqlamalar verirlər, qalmaqal yaradırlar, bir sözlə gündəmdə qalmağa çalışırlar. Maraqlananlar, fanatları, onların ən adi hobbilərindən tutmuş, qarderoblarında belə nələrin olduğunu deyə bilərlər. Hətta nə vaxt yuxudan durub, nə vaxt yatdıqlarını, nə yeyib, nə içdiklərini belə mediadan gizlətmirlər.
Amma onlarında asudə vaxtları, qayğıları olur. Onlar da hamı kimi dükan-bazara gedir, ərzaq alır, yemək bişirir, qonaq çağırır… Deyəsən çox uzatdıq; qısası, bir layihəyə start verdik: “Bazarlıq”. İstəyirik öyrənək görək, kimlər gündəlik bazarlığını harada edir, nə alır, hansı məhsullara üstünlük verir və nəhayət nə qədər pul xərcləyir?
“Musanı sevdiyim üçün bağışladım”
Təranə Qumral və Musa Musayevlə ilə görüşümüz onların birlikdə mütəmadi alış-veriş etdikləri marketin qarşısında oldu. Cütlüyün münasibətləri enişli-yoxuşlu olduğu üçün də ilk sualımızda bu məqama toxunduq.
- Aranızda soyuqluq olanda da bir yerdə bazarlıq edirdiz?
Təranə:
- Hər bir ailədə söz-söhbət olur. Məşhursansa, sənin ailən mətbuatın, cəmiyyətin maraq dairəsində olacaq. Musa ilə rəsmi olaraq ər-arvad olmasaq da, bir evdə yaşayırıq. Bir çoxları deyir ki, Təranə uşağına görə Musanı bağışladı. Amma bu, yalan fikirdir. Musanı sevdiyim üçün bağışladım. Ürəyi necə təmiz olduğunu bilirəm, həm də diqqətcildir. Düzdür, bir ara onun beynini doldurdular, o da aqressiv olduğu üçün bu söz-söhbətlər oldu. Amma indi hər şey qaydasındadır, bu mövzuya bir daha qayıtmaq istəmirəm. Yaxşısı budur alış-verişimizə başlayaq.
Marketə daxil oluruq və bu məşhur cütlüyü marketin rəhbərliyi qarşılayır, çəkilişə məmnuniyyətlə razılıq verir. Musa sənət adamları olduqları və hər dəfə, hər gün bazarlığa çox vaxt ayıra bilmədikləri üçün birdəfəlik bazarlığa üstünlük verdiklərini, hər bazarlıqları zamanı ən azı 300 manatlıq mal aldıqlarını söyləyir.
Təranə:
- Süd məhsullarından başlayaq, yoqurt, süd, ayran, xama götürüm.
- Ən çox nəyə pul xərcləyirsiz?
Təranə:
- Xüsusi olaraq nəyə daha çox pul xərclədiyimizi yadda saxlamamışam.
“Təranənin əlinin duzu var”
Hansı yeməyi daha çox xoşladıqları barədə sualımızı gülərək cavablandıran Təranə xanım deyir ki, yaxşı plov dəmləyir və ən çox da aş yeyirlər. Marketdə ət məhsulları satılan şöbəyə keçirik. Hansı ət məhsullarına üstünlük verdikləri ilə maraqlanıram.
Musa:
- Təranə xanım çox gözəl yeməklər bişirir. Necə deyərlər, əlinin duzu var. Amma biz o qədər də ət yeyən deyilik.
Təranə:
–Toyuq, mal, qoyun əti yemirik. Bu aylarda balıq yemək də təhlükəlidir. Biz hər zaman məhsul alarkən ilk növbədə istehsal və istifadə müddətinə diqqət edirik. Sağlamlıq hər şeydən öndədir. Bizdə bir sənətçi kimi digər alıcılara məsləhət görərdik ki, aldıqları məhsulların keyfiyyət nişanına diqqət etsinlər.
Parfümeriya məhsulları satılan bölməyə keçirik və Musa Musayev ən çox məhsulu elə bu şöbədən alacaqlarını bildirir. Təranə xanım “üzərində adam işarəsi olan” yuyucu tozu tapmaq üçün satıcıdan kömək istəsə də, satıcı tapa bilmir. Təranə xanım qısa axtarışdan sonra istədiyi həmin yuyucu tozu tapır. Sonra da paket təmizləyici axtarışına çıxır və yenə satıcıya üz tutur.
Təranə:
- Mənə parket təmizləyicisi lazımdır.
Satıcı:
- Hansından olsun? Bizdə müxtəlif cür parket təmizləyiciləri var.
Təranə:
- Sulu halda olmasın.
Satıcı:
- Bizdə siz istədiyiniz təmizləyici yoxdur.
“Qara çörək çox yemirik”
Təranə xanımın istədiyi parket təmizləyici tapılmır. Cütlük parfümeriya bölməsindən 3 ədəd şampun, 4 ədəd sabun, 1 ədəd 5 kiloqramlıq yuyucu toz, salfet alıb, su məhsulları satılan şöbəyə yollanırlar. Spirtli içkiləri görüb, Musa Musayevdən araq alıb-almamaq istədiyini soruşuram. Musa Musayev cavab verməyə macal tapmamış Təranə xanım reaksiya verir:
- Musa namaz qılır! Bilirsən onu araqdan necə uzaqlaşdırdım!
Musa Musayev isə zarafatından qalmır.
- Bəlkə arağa əvvəlcə “əla”, sonra “yox” işarəsi göstərim?
Təranə:
- Yox, lazım deyil. Sonra deyəcəklər ki, Musa arağı təbliğ edir. Sakit oturmuşuq da yerimizdə...
Musa:
– Zarafat edirəm. Xeyli zamandır ki, araq nədir, tanımıram. İndi normal həyatım var. İçkinin insana xeyri yoxdur, məni bu içkidən Təranə xanım uzaqlaşdırdı. Buna görə ona hər zaman minnətdar olacam.
Sular satılan bölmədən 1 ədəd mineral su alıb, keçirik şirniyyat satılan şöbəyə. Musa Musayev şirniyyatla arasının yaxşı olduğunu, Təranə xanımın isə şirniyyatı o qədər də sevmədiyini söyləyir. Bir-iki şirniyyat alıb, çörək satılan bölməyə keçirik. Təranə xanımın qara çörək yeyib-yemədiklərini soruşuram.
Təranə:
- Yox, qara çörək çox yemirik. Amma evə çörək aldığımız zaman ağ çörəklə bərabər qara çörək də alırıq. İndi hərəsindən bir ədəd alaq. Çox almayaq, bəlkə evdə də var.
Çörək aldıqdan sonra bazarlığı yekunlaşdırmaq qərarına gəlirlər. Bazarlığın ümumi məbləği 300 manatdan bir neçə dəfə az, cəmi 98 manat 40 qəpik olur. Musa Musayev pul kisəsini açır...